“Qarabağda son günlər ard-arda təxribatlar törətməsi rəsmi Bakını hərəkətə keçməyə vadar edir”

“Qarabağda son günlər ard-arda təxribatlar törətməsi rəsmi Bakını hərəkətə keçməyə vadar edir”

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu qardaş ölkəyə işgüzar səfərə gedib.

İsrail Prezidenti İshaak Hersoqun Türkiyəyə səfərinin ardınca Azərbaycan Prezidentinin Ankaraya səfər etməsi və eləcə də Türkiyənin təşkilatçılığı ilə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünün nəzərdə tutulması, eyni zamanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın azərbaycanlı və türkiyəli həmkarları ilə ikitərəfli, üçtərəfli formatda görüşlərinin planlaşdırılması hazırda Türkiyənin dünya diplomatiyasının döyünən nəbzinə çevrildiyini göstərir.
Əliyev-Ərdoğan görüşündə iki qardaş ölkə arasında imzalanmış “Şuşa Bəyannaməsi”ndən irəli gələn vəzifələr və birgə addımların müəyyənləşdirilməsinin əsas müzakirə predmeti olacağı gözlənilir. Bundan əlavə, beynəlxalq arenada baş verən son proseslər barədə fikir mübadiləsi aparılacaq, Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə dair məsələlər də heç şübhəsiz ki, ətraflı müzakirə olunacaq. Ankara və Bakı tərəflər arasında atəşkəsin imzalanması üçün vasitəçilik təşəbbüslərini yeniləyəcək. Hər iki qardaş ölkənin həm Rusiya ilə, həm də Ukrayna ilə normal münasibətlərə malik olması səmərəli vasitəçilik üçün unikal imkanlar yaradır. Bu baxımdan Azərbaycan və Türkiyənin eyni mövqedən çıxış etməsi əlamətdar hadisədir.
Liderlərin görüşündə yəqin ki, son günlərdə Qarabağda müşahidə olunan hərəkətlənmə də masaya yatırılacaq. Qanunsuz erməni silahlı dəstələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağda son günlər ard-arda təxribatlar törətməsi rəsmi Bakını hərəkətə keçməyə vadar edir. Qarabağda antiterror əməliyyatının keçirilməsi zərurəti gündən-günə artır. Ola bilsin ki, Əliyev-Ərdoğan görüşündə bu istiqamətdə də müəyyən qərarlar qəbul ediləcək.
Bir sözlə, bu görüş Türkiyə və Azərbaycanın strateji maraqlarının təmin olunması istiqamətində yeni “yol xəritəsi”nin cızılması baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Sürətlə dəyişən yeni reallıqlar şəraitində iki qardaş ölkənin daim birgə addım atması, uzlaşma şəraitində əməkdaşlıq etməsi gələcək uğurlarımız üçün etibarlı zəmin yaradır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: