Aqil Abbas, Qurban Qurbanov
Kulis.az Aqil Abbasın yeni yazısını təqdim edir.
«Qarabağ» zəlzələdən yox, vəlvələdən, yəni VAR-ın zibilindən, hakimin zibilindən Avropa Liqasında oyunlarını dayandırmağa məcbur oldu. İndi yoluna Konfrans Liqası ilə davam edəcək. Uğurlar!
Oyun heç-heçə bitsə də, mənəvi cəhətcə «Qarabağ» qalib gəldi. Sübut etdik ki, 10 nəfərlə də alman «tanklarının» qarşısında nəinki dayanmaq olar, hətta hücum edib qol da vurmaq olar.
Məni başqa şey maraqlandırır. Gərək ki, bir rus alimiydi, ya rejissoruydu bir dəfə televiziyada ironiya ilə belə bir fikir işlətdi: «Bu dünyada hamı üç şeyi gözəl bilir: futbolu, kinonu, bir də polis işini».
İndi dünəndən baxıram, hamı Qurban Qurbanovu tənqid edir və hamı da məsləhət verir: «Gərək filankəsi sağ tərəfdə oynadaydı», «Şeydayevi axıra 20 dəqiqə qalmış buraxaydı», «Filankəsi dəyişməyəydi», «Hücumçunu çıxarıb Maksimi salmayaydı» və sair və ilaxır.
Yaxud yazırlar ki, özü qəsdən Avropa Liqasında zəif oynadı ki, «Barselona» ilə, nə bilim «Yuventus»la qarşılaşmasın, getsin Konfrans Liqasında zəif komandalarla qarşılaşsın.
Ağlınıza dua yazım, ay futbol dahiləri. Adı artıq Avropa klublarını lərzəyə gətirən Qurban Qurbanova hamınız məsləhət verən olmusunuz? Lay-lay bilirsiniz niyə yatmırsınız?
Qrupda 6 oyunda iki qələbə, iki heç-heçə, iki məğlubiyyət qazanan bir komandanın baş məşqçisinə nə qədər irad bildirirsiniz? Heç Avropa turnirlərində bir və ya iki oyundan sonra bayırda qalan komandalarımızın baş məşqçilərini nə bir belə tənqid etmisiniz, nə də məsləhət vermisiniz. Deyəcəksiniz ki, uman yerdən küsərlər, elə təkcə Qurbandanmı umursunuz?
Bu da bir faktdır ki, Avropada bizi sevmirlər. Bunu 44 günlük Vətən müharibəsində və müharibədən sonra da görmüşük və görürük. Futbol da bir müharibədi, sadəcə olaraq bir az mədəni müharibədi. Avropa istəməz ki, «kakoy-nibud» bir Azərbaycan komandası qoca qitədə meydan sulaya.
Bunu «Olimpiakos»un «Nant»la oyununda da gördük. Yunanlar və fransızlar danışdılar və «Olimpiakos» uduzdu ki, pley-offa «Qarabağ» yox, «Nant» getsin. Elə onların hər ikisi erməni kimi bir şeydi. Nə yunanların, nə də fransızların türkləri görən gözü yoxdu.
«Qarabağ»ın hər oyununa qurban kəsdirirəm. Avropa liqasında oyunumuzu dayandırmağımıza baxmayaraq, yenə qurban kəsdirəcəm. Noyabrın 8-də Ağdamın Çəmənli kəndində Seyid Lazım Ağanın məqbərəsində.
Uğurlar Qurban!
Uğurlar «Qarabağ»!
«Qarabağ» Azərbaycandır!