Aşıq Pərinin şeirləri ilk dəfə “Qarabağnamə” müəlliflərindən olan Mizə Yusif Qarabağinin 1856-cı ildə Teymur Xan-Şurada (indiki Buynaqsk) nəşr olunmuş “Məcmueyi-Vaqif və müasirini-digər” kitabında dərc edilmiş, bundan təxminən on il sonra isə Qafqazşünas alim Adolf Berjenin 1867-ci ildə Leypskdə nəşr edilən “Məcmueyi-əşari-şüəarayi-Azərbaycan” məcmuəsində çap olunmuşdur.
Adolf Berje həmin nəşrin müqəddiməsində Aşıq Pəri haqqında almanca bu sözləri yazmışdı: 1829-cu ilin axırlarında Araz çayı sahillərində yerləşən Maralyan kəndində 18 yaşında bir qız zühur etdi. Eşidilməmiş bir gözəlliyə malik olan bu qızın adı Aşıq Pəri idi… onun deyişmələri, hazırcavablıqla dediyi şeirləri diqqəti cəlb edirdi. Öz dövrünün az-çox istedadlı şairləri ilə şeirləşmədə həmişə müvəffəqiyyət qazanırdı və heç kəsə ona qalib gəlməyə imkan verməzdi.
Aşıq Pərinin şeirləri haqqında ilkin olaraq məlumat verən mənbələrdən Məhəmməd ağa Müctəhidzadənin “Riyazül aşiqin” və Ağamirzadə Mir Möhsün Nəvvab təzkirələrini göstərmək olar. Elə bu tarixdən başlayaraq demək olar ki, bütün təzkirə və ədəbiyyat müntəxabatlarında şairin şeirlərindən nümunələr verilməyə başlayır.
Aşıq Pəri – Azərbaycan ədəbiyyatının Aşıq Nabat, Bəsti, Aşıq Həmayil, Aşıq Savad, Aşıq Afitab kimi el sənətkarları cərgəsində özünəməxsus yeri, aşıq sənətinin ən layiqli üzvlərindən biri, coşqun təbli bir şair olmuşdur.
Azərbaycanın şair qızı Aşıq Pəri 1811-ci ildə Qarabağın Arazüstü guşəsində – Cəbrayıl elinin Xırdapara – Dizaq mahalının Maralyan kəndində doğulmuşdur(5, s.4). Dünyaya göz açdığı kəndin adını özünə nəsəb götürmüş, şeirlərində də öz doğma yurdunu dönə-dönə vəsf etmişdi:
Pərinin dərdi tüğyandı,
Sakin yeri Maralyandı.
Gülüm qönçəsində yandı,
Bülbüllər əfqan eylədi.
Hələ uşaq ikən bədahətən şeirlər deyər, aşıq şeiri üslubunda yazar, söz qoşarmış. Şeirlərinin ruhu sevgidən nəşət etmişdi: Aşıq Pərinin şeirləri tez əzbərlənir, dillərə düşür, ağızlarda dolaşırdı. Görkəmli ədəbiyyat tarixçisi Mirzə Feyzullah: Aşıq Pərinin dərin və səmimi lirikasında təmiz məhəbbətin, mehriban və nəvazişkar hisslərin tərənnümü ilə bərabər, vəziyyətindən narazılıq, fələkdən şikayət və xəfif kədər motivləri vardır, deyə yazırdı.(1, s.56) Müəllif şairin yaratdığı bədii obrazlara fikrimizi yönəldərək gənc ikən ölən şair Mirzə Həsən Vəzirova (1791-1840) həsr etdiyi aşağıdakı şeir parçasını örnək gətirməklə
Eşqinin əlindən gedərəm dadə,
Dərdim olur gündən-günə ziyadə.
Şivəvü rəftarın düşəndə yadə
Bağrımın başında millər oynaşır
nümunəsilə bu gözəl obrazlar qoşmaya xüsusi bir bədii qüvvət verir, deyə qeyd edirdi. (1, s.56)
Aşıq Pərinin şeirləri həssas qız qəlbdən qopub gəlir və buna görə də təbiilik cəhətindən üstün olduğu kimi, sənətkarlıq baxımından da yüksəkdir. Yuxarıda bir bəndini verdiyimiz şeirin davamından nümunə verəcəyimiz aşağıdakı parçada aşiqin məqsədi hicran atəşindən odlanıb tökdüyü göz yaşlarının şiddətini göstərməkdir; o, bunun üçün göz yaşları birləşməsini bənzətmə və müqayisəsiz işlətmişdirsə də sonuncu misrada “uçuşur sonalar, göllər oynaşır” deməklə dolayısı ilə əslində mübaliğə şəklində axan göz yaşlarından sonalar uçuşan və suları oynaşan göllərin yarandığı göstərilir:
Dad eylərəm haray naşı əlindən,
Yandı cigər eşq atəşi əlindən.
Mən nə deyim gözüm yaşı əlindən
Uçuşur sonalar, göllər oynaşır.
İlk gəncliyindən həm şeirləri və həm də qeyri-adi gözəlliyi ilə ətrafa səs salmışdı; şöhrəti Qarabağın paytaxtına yetişdikdə köçüb 1830-cu ildə Şuşaya yerləşmiş, ömrünün sonunadək burada yaşamışdır. Şuşada hamisi Cəfərqulu xan Nəva idi; zira Maralyan və ona yaxın böyük kəndlər olan Horadiz, Qoyucaq xanın mülkləri sırasına daxil idilər(2. 1, 323) Qısa bir zaman içində şairliyi hər yana yayılmaqla aşıq məclislərində, el yığıncaqlarında böyük hörmətə malik olmuş, hünəri, cəsarəti ilə məşhurlaşmışdı. Xüsusən deyişmələri səs-səda doğurmuş, ədəbiyyat-sənət aləminə yayılmışdı. Müasirlərinin dediyinə görə Aşıq Pəri az bir zamanda rəvan təbli, hazırcavab bir şair kimi yetişib tanınmağa başlamışdı. Şuşaya köçməsi də bu səbəbdən olmuşdu.
Yenə də Qafqazşünas Berjenin mülahizələrinə diqqət yetirək: Gürcüstanda general Yermolovun yanında qulluq edən Qarabağ ermənilərindən Mirzəcan Mədətov adında bir şəxs var idi. Bu şəxs o zamanlar Qarabağ qışlağında sakin olan Aşıq Pərinin yanına getmiş və onu şeirləşməyə dəvət etmişdi. Aralarında cərəyan edən şeirləşmələrin beytləri xalqın hafizəsinə keçmişdir. (1, s.54) Vaxt gələcəkdi ki, Qafqaz mühitində sahibi – ixtiyar olan erməni əsilli şöhrətli rus generalı Valerian (əsil adı Rüstəm) Madatovun qardaşı Mirzəcan bəy Mədətov(1797-1851) – erməni əsilli azərbaycan şairi, rus ordusu polkovniki) şair ilə deyişmələrində onu öz dinindən üstün tutaraq özünün “Pəri şeydası” olduğunu bildirəcəkdi.
Müasirləri Pəriyə həqiqətən səmimi münasibət bəsləyərək onun həm gözəlliyini, həm şairliyini tərifə layiq gördükləri kimi, onun yaxın dostu, sənət yoldaşı Məhəmməd Aşiq də onu “Dizaq mahalının misilsiz gözəli” tək qiymətləndirirdi. Məhəmməd bəy Aşiqdən bir misal:
Ey bivəfa, qədir bilməz dilbərim,
Şikayətim səndən bir kitab olmuş.
Yaza bilməz onu xameyi-qüdrət
Çünki həddən keçmiş, bihesab olmuş.
Firudin bəy Köçərli onun bilikli, gözəl bir xanım olduğunu göstərməklə ”Aşıq Pərinin mütəədid şeirləri pərişan övraqda yazılmış və bizim əlimizə düşənlərin çox səhv və qələtləri vardır ki, onları təshih etmək dəxi bir növ müşküldür. Xüsusilə onun bağlamaları və bəzi mürəbbeatı ki, Molla Pənah Vaqifə nəzirə olaraq yazılıbdır və bir bisavad mollanın vasitəsi ilə bizə göndərilibdir elə imlasız və dolaşıq xətt ilə təhrir olunubdur ki, məzkur mollanın özündən başqa bir kəs düz oxuyub məna çıxarda bilməz, deyə təəssüf hissi ilə yetirirdi.(2, 1 c. 341) Feyzullah Qasımzadənin qənaətincə, Firudin bəyin söylədiyi kimi Aşıq Pərinin bədii irsi vaxtilə toplanmış, lakin sonradan bu irs yenidən itib batmışdır. Belə ki, Köçərli onun əlyazmalarının içində bağlamalarına rast gəldiyini yazırsa da bu gün bunlar da əldə yoxdur(1, s. 54). Burada hörmətli akademikimizin fikirlərinə onu əlavə etmək istərdim ki, Köçərlinin topladığı şeirlərin elə onun öz evindən yox olması göz önündədir. Sovet qoşunları Azərbaycana yeriyəndə ölkəni başdan başa tutan qanlı repressiya sırasında Sovetlərin düşməni tək Gəncədə güllələnən Firudin bəyin evi, əmlakı talan olunduğu şəraitdə başqa necə ola bilərdi?!
Dövrün şairləri, bu aşıq qızın həm də aşiqləri Aşıq Pərinin gözəlliyini dönə-dönə vəsf etmişlər. Əsəd bəy Vəzirov (Mirzə Camal Cavanşirin qardaşı oğlu) Aşıq Pəriyə aşiqanə şeir həsr edən, ona məftun olmuş kimsələrdən idi.
O gündən ki, didarini görmüşəm,
Həsrətindən yanar cismü can, Pəri.
Dolanar başıma səri-zülfündə,
Könül mürğü tutub aşiyan, Pəri.
Aşıq Pəri açıqfikirliliyi ilə də ətrafa səs salmışdı. Aşıq olmanın, xüsusən qadın aşıqlar üçün onun ağır şərtləri mövcuddur. Aşıq Pəri öz ağlı, kamalı ilə, fəhmi, müdrikliyi ilə fərqlənmiş, özünə olan xalq ehtiramını zəifləməyə qoymamışdı.
Ona ən çox şeir həsr edən şairlər sırasında Cavanşirlər ailəsinə mənsub Məhəmməd bəy Aşiq xüsusilə fərqlənir. Şairin baməzə, bir az tünd, lakin şirin dost ərki ilə yazdığı bu “Pərinamə”lər bu gün bizə Aşıq Pərinin həyatı barədə məlumatlarımızın genişlənməsinə müəyyən dərəcədə kömək edir.
Belə işin nə ləzzəti, nə dadı,
Xublar bilə gərək aşnanı-yadı.
Çəkərsən ağuşa bala Fərhadı
Şirin dodağına intizar ola
Digər məqamda Məhəmməd bəy bir az kinayə, bir az zərafətlə:
Qəzanın işini əgər bilirdi,
Əl çəkib dünyadan çətin ölürdü.
Sıçrayıb qəbirdən dışra gəlirdi
Yetişsəydi bu xəbər ol Mirzəcanə
deməklə Aşıq Pərinin həyatının qaranlıq tərəflərinə də işıq salır(Bax: 2. 1, s.316;s. ).
Burada adı çəkilib haqqında söz açılan Hacı Fərhad bəy (1805…?) Tuğ kəndinin sahibi olub həmin illərdə Pəri xanımın sevgilisi olan şəxsdir. Yada salaq ki, o, rus şairi Puşkinin 1829-cu ilin yayında rusların Ərzurum, Qars savaşında görüb tanış olduğu və “Fərhad bəy” şeirini həsr etdiyi Qarabağ süvari alayının gənc zabiti Fərhad Məlik Aslanovdır. Qeyd edək ki, Puşkin onun tərxanı cavanlığına, hüsnünə heyran qalıb portretini də çəkmişdi.
Aşıq Pəri bu məşhur Fərhad bəylə bərabər öz müasirləri olan Qasım bəy Zakir, Mirzə Həsən bəy, Kərbəlayi Abdulla Cənizadə, Məhəmməd bəy Aşiq, Mirzəcan Mədətov, Cəfərqulu xan Nəva ilə də dost olmuş, həm də onlarla deyişirmiş, həmişə qalib çıxarmış. Bütün bunlar əlbəttə şair xanımın davranışına, təkəbbürünə, saz və qələm yoldaşları arasında öz növbəsində qibtə və həsədin əmələ gəlməsinə səbəb olurdu. Bu üzdən Qarabağ xanları nəslindən olan şair Məhəmməd bəy Aşiqin bu barədə nəsihətvari, eyni zamanda ərkyana tərzdə sərt qınağına tuş gəlirdi:
Əlindəki badə olsun, saz olsun,
Hərəkətin işvə olsun, naz olsun,
Yekə yerdən danışmağın az olsun
Düşərsən bir dərin dəryayə, Pəri
Qarabağ xanının varislərindən olan polkovnik Cəfərqulu xan və yenə əsilzadə Mirzəcan Mədətovla uzun deyişmələri və dillərə düşən dostluğu olmuşdur. Mirzəcanın vaxtsız ölümü Aşıq Pərini xeyli kədərləndirmiş, dost itkisinə həsr etdiyi bir çox şeirlərinin meydana çıxmasına səbəb olmuşdu. Aşığın bütün şeirlərində olduğu kimi bu şeirlərdə də səmimi hisslər, təbii duyğular ifadə olunur:
Çanaqçı mülkündən səfər eylədik,
Mənə qənim oldu yollar ağlaram.
Şəcər gəldi, urdu, şikar eylədi,
Tökər didələrim sellər ağlaram.
Aşiqinin ölümünə ağlayan aşıq Pəri xanım Maralyanlının özünün ölüm tarixi bəlli deyildir; şeirlərinin tarixinə nəzər saldıqda MirzəcanMadatovun ölümünə şeir yazmış olduğundan onun 1851- dən sonra öldüyü güman edilir.
Minəxanım Təkləli,
Professor
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT
Feyzulla Qasimzadə. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi, Bakı, Maarif nəşriyyatı,1974
- Köçərli Firudin bəy. Azərbaycan ədəbiyyatı (iki cilddə), Bakı, Avrasiya Press, 2005
- Azərbaycan Aşıqları və El Şairləri I, Bakı, 1983, s. 220-228.
- Azərbaycanın Aşıq və Şair Qadınları, Bakı, 1978.
- Aşıq qadınların antologiyası(tərtib edən Ağalar Mirzə) 2010-cu il, “MBM” mətbəəsi,(səh 4-8).