Qaraciyəri solda, ürəyi sağda olan qeyri adi azərbaycanlı…

Qaraciyəri solda, ürəyi sağda olan qeyri adi azərbaycanlı…

Qeyri adi insandır. Allah onu yaranışından fərqli yaradıb. Təsəvvür edin ki, on milyon əhalisi olan bir ölkədə ürəyi sağda, qaraciyəri solda olan dörd nəfərdən biridir. Üstəlik mədəsi, dalaq və böyürəkləri yüz səksən dərəcə bucaq altında ənənəvi yerindən kənara çıxmış vəziyyətdədir.

Xaraktercə mülayim, davranışında mədəni, təmkinli, eyni zamanda çox dinamikdir. Daim hərəkətdə olmağı xoşlayır. İdeyaları o qədər çoxdur ki, hər birini həyata keçirə bilsəydi, ölkədə ən məşhurlardan biri olardı. Yazıb yaratmaq təşnəsi heç vaxt onu rahat buraxmır, gözəl qələmi var. İstedadı çoxşaxəlidir, amma bu xəzinəni kəşf edib, layihələrini həyata keçirməsində ona yardım etmək istəyən adam çox azdır…
Deyir ki,- “Əgər Allah təala mənə yazmaq qabiliyyəti veribsə, artıq bu, uğurdur. Sənədli film sahəsində peşəkaramsa, bu da bir uğurdur. Qaldı rəsmi göstəricilərə: Lider televiziyasında ərsəyə gətirdiyim filmlərə görə, “Zərdabi” mükafatı almışam. 2002-ci ildə Nizami Gəncəvi ili ilə bağlı Sumqayıt Dövlət Dram Teatrında dövlət sifarişi ilə şairin fikir konsepti əsasında “Xəzinə” adlı iki hissəli pritçam hazırlanıb və bu günə kimi tamaşaçıları cəlb edir. Zəfər bayramını tərənnüm edən “Missiya” qəhrəmanlıq dramım da uğurlu səhnə taleyi yaşayıb. Hər ay repertuar planına salınır. Hər iki tamaşanın rejissoru teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmovdur. Gəncə Dövlət Kukla Teatrında isə əməkdar artist Fərmayıl Paşayevin traktovkasında, Zulfiyyə Əliyevanın ifasında “Dərdlərimin çamadanı” monotamaşam hazırlanıb və yüksək səviyyədə qarşılanıb. Türkiyədə də Azərbaycan tetrında səhnələşdirilən işlərim bəyənilib. Bunu hələlik sirr kimi saxlamağa üstünlük verirəm. Və bir də təmiz adımı qoruyub saxlamışamsa, bunu da bir uğur hesab edirəm…”
Haqqında söhbət açdığım Hafiz Eynullayev bir vaxtlar Nəzərli, İmamnəzərli imzaları ilə tanınsa da, bu gün Ataxanlı təxəllüsü ilə çalışır. 1966-ci il, aprelin 22-də Yardımlı rayonu, Ostair kəndində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub. Mədəniyyət və İncəsənət Unuversitetini bitirərək, kütləvi tamaşalar rejissoru ixtisasına yiyələnib. 1985-1987-ci illərdə Latviyada hərbi xidmətdə olub. Hərbi xidmət vaxtı “Çasovoy Rodina” və “Za Rodina” qəzetlərində yazıları ilə çıxış edib. Hərbi jurnalistikada təhsil almaq təklifi alsa da, o, bundan imtina edib.
Tələbəlik illərindən AzTv-də süjetlər hazırlayıb. 1991-ci ildə “Azərbaycanfilm” kinostudiyasında direktorun köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. Sonradan AzTv-nin “Gənclık” baş redaksiyasında, “Telefilm” yaradıcılıq birliyində redaktor, “Xəbər” xidmətində xüsusi müxbir, Sumqayıt Dövlət Dram Teatrında ədəbi işlər üzrə rəhbər, “Dünya” televiziyasında baş redaktor, “Dolab- İnterkinovideo” şirkətində baş direktor, “Lider” televiziyasında, “Azərbaycan” sənədli filmlər departamentində redaktor, baş redaktor, “İctimai Televiziya”da redaktor, “Spase” televiziyasında redaktor, “AzTv- Mədəniyyət” kanalında baş redaktor müavini vəzifələrində çalışıb. Hazırda “Dövlət Film Fondu”-nda işləyir. Eyni zamanda “Yaddaş”, “Salnamə” studiyalarında, “Butafilm” şirkətində, ADA Universitetində, DSX-da və bir çox özəl studiyalarda çəkilən filmlərin ssenari müəllifi, rejissoru, prodüseri olub. 1999-cu ildən AYB nin üzvüdür. “Yardımlı Xeyriyyə Cəmiyyəti”-nin maddi dəstəyi ilə “Başsağlığı və doğum haqqında şəhadətnamə” adlı hekayə və povestlərdən ibarət kitabı çıxıb. “Mir Cəlal dünyası” kitabını rus dilindən tərcümə edib. Ona yaxın kitabın redaktorudur, İki pyesi Sumqayıt Dövlət Dram Teatrında, bir monotamaşası Gəncə Dövlət Kukla Teatrında hazırlanıb. İki övladı, bir nəvəsi var…
Keçmişini unudan, necə deyərlər, “qınından çıxıb, qınını bəyənməyən adamlar”ı çox görmüşük. Hafiz Ataxanlı Moran sıra dağlarının qoynunda, Ostair kəndində halal süfrədə böyüdüyü üçün dogma ata-baba yurdunu heç zaman unutmur. Söhbət etdikcə keçmişə qayıdıb, orta məktəb müəllimlərini yad edir. Sinif rəhbəri İbrahim Nəbiyevi, Zakir İmanovu, Səttar Novruzovu, İsa Ağayevi, Sabir Məmiyevi, Naibxan İmanovu, o cümlədən Firsənd, Xanəhməd, Qabil, Ədalət, Sulduz müəllimləri tez-tez xatırladığını, dil-ədəbiyyat müəllimi Mehdi Həsənovu ilk ustadı saydığını deyir…
“Mənə görə müsbət fəzilətli olmaqla, davranış örnəyimlə doğulduğum Yardımlı rayonu haqqında xoş təəssürat yaratmaq da, başqa ölkədə milli dəyərlərin təəssübünü çəkməklə həm rayonuma və həm də müqəddəs Azərbaycana xidmət etmiş oluram. İşə canyanğısı, vicdanlı yanaşma, peşəkarlıq da xidmətin bir versiyasıdır. Son illər Sumqayıtda keçirilən çox tədbirlərdə, xüsüsilə Şəhidəlrlə bağlı layihələrdə moderator, təşkilatçı, ssenari müəllifi kimi iştirak edirəm.
Ədəbiyyata, qələmə vicdanla xidmət etmək mənim həyat kredomdur. Tvlərdə işlədiyim vaxtlardan üzü bəri gənclərin doğru yola istiqamətlənməsinə, püxtələşməsinə hər zaman yardımçı olmuşam. Müəllim olmasam da belə, yetişmiş tələbələrim çoxdur və onların uğuru ilə qürur duyuram. Hesab edirəm ki, milli- mənəvi dəyərlərə sadiq qalmaq, milli mədəniyyəti peşəkar formada təbliğ etmək, sözün müqəddəsliyini qorumaq xidmətdir…”-söyləyir.
Arzuları çoxdur. Onların həyata keçməsi üçün hər gün qıldığı namazda Allaha dua edir. Ən böyük arzusu isə “Azərbaycanın Əməkdar incəsənət xadimi” fəxri adını almaqdır. Amma dilinə gətirmir, təvazökarlıq edir. Plan qurmağı xoşlamır. Düşünür ki, bunu edib, Allahı özünə güldürmək istəmir. Öz planları deyil, Allahın onun üçün hansı ssenari yazdığı daha önəmlidir…
Deyir ki,- “57 yaşım var, istənilən gənclə kreativ düşüncəyə görə mərcə girə bilərəm. Axı kreativ düşüncə arzular bolluğu yaradır. Azərbaycan kinosunu “Oskar”lı görmək istəyirəm. Təbii ki, birinci növbədə müasir milli kino sənayemizin konsepsiyası olmalıdır. Əlimərdan bəy Topçubaşov haqqında ADA Universitetinin sifarişi ilə sənədli film çəkmişəm. Amma bədii filmlik materiallar və ideyalar qalıb qışqırır. Zəfər günü ilə bağlı “Payızın 44 anı” bədii filmi barədə düşünürəm. Gəncə üsyanı və Difailərlə bağlı bədi filmlərin ssenarisini yazmaq təşnəsi də məni rahat qoymur. “Mən səndən ayrılmazdım” adlı bədii filmin tretmenti hazırdır. Türkiyə ilə müştərək olmalıdır. İki qardaşdan böyüyünü Türkiyədən Mustafa Uzunlar, kiçik qardaşı Azərbaycandan Əbdülqəni Əliyevin oynaması nəzərdə tutulub. Amma təəssüf ki bu hələ bir arzu olaraq qalır. Bir də teatrlarımızda yeni bir sistemin qurulmasını arzulaylram. Teatrda menecment- prodüser sistemi qurulmalıdır. Baş prodüser olmalıdır Ədəbi hissə müdirlərinə əsər seçimi üçün sərbəstlik verilməlidir. Azərbaycanda tez-tez beynəlxalq festivallar keçirilməlidir. Amma obyektivlik birinci meyar olmalıdır. Münsifin tələbəsi və ya özəl teatr studiyası müsabiqəyə iş təqdim edibsə, o münsufdən hansı ədalətli rəy gözləmək olar? İllah da bizdə, yəni formalizm xatirinə yox, teatrın inkişafı naminə atılmalıdır bütün addımlar…”
İnanır ki, Mədəniyyət Nazirliyindən son günlərdə qeyri- peşəkarların uzaqlaşdırılması obyektiv yanaşmalara rəvac verəcək. Gənclərə tövsiyəsi isə müdrikanədir:- “Özünüzdən müştəbeh olmayın, sadə olun, amma bu, o demək deyil ki, statusunuzu, öz qədrinizi bilməyəsiniz. Mənəm-mənəm deməyin, çünki Yunus Əmrə yazırdı ki,- “Ana bətnindən gəldik bazara, kəfən alaraq dönək məzara”. Kəfən bazarlığında hansı yekəxanalığdan danışmaq mümkündür Rəhmətlik Vaqif İbrahimoğlu demişkən, amma və lakin həm də imkan verməyin ki nadanlar at oynatsınlar…”
Qəribə hobbisi var- özü xüsusi üsulla dəmlədiyi çaydan içib, araşdırma filmlərə baxır. Üzərində işlədiyi “Katarsis” adlı fantasmoqorik xoxmanı tamamlamağa çalışır.
“Birdən elə məqamlar olur ki, uşaqlıq illərinə qayıtmaq istəyirəm. Kəndin bütün küçələri, bağ, bostan, örüş, orman, meşə, dağlar gəlir gözlərimin önünə. Yay günündə eyvanda kilimin üstündə ağzıüstə uzanıb poçtalyon İbarətin gətirdiyi qəzetləri oxuyarkən, kənardakı səsləri sanki yenidən eşidirəm. Belə kövrək məqamda Sabir Rüstəmxanlının Yardımlı ilə bağlı şeirlərini oxuyub toxtayıram…”- söyləyir. Həyatda ən çox qorxduğu şey isə məntiqsiz adamla mübahisə etməkdir…
Bəli, haqqında sevə-sevə söhbət etdiyim Hafiz Ataxanlı Allahın möcüzələrindən biridir. Möcüzə təkcə onun orqanizmindəki fərqlilikdə deyil, bütövlükdə varlığındadır.
Aprelin 22-si Hafiz Ataxanlının doğum günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…
Elman Eldaroğlu
Share: