İlham Əliyevin Tokayevlə söhbəti Azərbaycanın ermənilərin yazdığı kimi Qaragöl məsələsində geri çəkilmədiyini, danışıqların davam etdiyini təsdiqləyir. Paşinyan da Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı danışıqların çərşənbə günü davam edəcəyini bildirib.
Müstəqil.az xəbər verir ki, Ermənistan mediası yerli mənbələrə istinadən hazırda bölgədəki vəziyyətlə bağlı yazıb.
“Hraparak” qəzeti yazır ki, dünən Qaragöllə bağlı aparılan danışıqların uğurla keçdiyi, Azərbaycanın əvvəlki mövqeyinə geri çəkildiyi xəbərlərinə tez sevindik: “Daha sonra 1,5 kilometr geri çəkildikləri və hər iki tərəf 4 mövqe yerləşdirəcəyi haqda xəbərlər yayıldı. Bu yaxınlarda Süniklə (Zəngəzur) əlaqə qurduq və azərbaycanlıların indiyə qədər geri çəkilmədiyini öyrəndik. Üstəlik, səhər saatlarında azərbaycanlılara yemək və digər əşyalar gətirildi. Sünikdən olan həmsöhbətimiz deyir ki, Qaragöldən çəkiləcəkləri təqdirdə Ermənistan Azərbaycana Tavuş bölgəsindəki kəndləri (Qazaxın 7 kəndi), Naxçəvanın Kərki kəndi və Sünikdə iki dəhliz veriləcəyi vədini verib”.
Qəzet qeyd edir ki, danışıqlarda Ermənistan tərəfindən heç kim iştirak etmir: “Yalnız Rüstəm Muradov var. Dünənki danışıqlarda sonra Ermənistan silahlı qüvvələrinə geri çəkilmək tapşırığı verilib”.(Publika.az)