Zemfira MƏHƏRRƏMLİ
(Uşaqlarınız üçün oxuyacağınız hekayə)
Yaz aylarında olmuş bir əhvalatı sizə danışmaq istəyirəm.Mayın ilk günləri idi. Bakı ətrafındakı bağımıza təzəcə yiğışmışdıq. Nəvəm Nigarla bağda gəzişir, çiçəkləmiş gilənar, ərik və badam ağaclarının gözəlliyinə tamaşa edir, yenicə açmış, ətir saçan qızılgülləri qoxlayırdıq. Arabir beşyaşlı Nigarın bitib-tükənməyən suallarını cavablandırır, ipək saçlarına sığal çəkib bilmək istədiklərini izah edirdim.
Qızcığazı hər şey maraqlandırırdı:quşların daha erkən − sübh tezdən oyanıb cəh-cəh vurması, arıların ətirli güllərdən şirə çəkməsi, şanapipiyin başındakı “darağı”, alabəzək kəpənəklərin nə ilə qidalanması, daha nələr, nələr…
Söhbətimizin şirin yerində başımızın üstündən iki qaranquş ötüb keçdi. Çox alçaqdan uçan quşları gözdən qoymadıq. Bağ evimizdəki eyvanın tavanına qondular. Az sonra uçub getdilər və yenidən qayıtdılar. Bu dəfə dimdiklərində saman, çör-çöp gətirdilər. Eyni hərəkəti dəfələrlə təkrar edir, yorulmadan uçub qayıdır, daşıdıqları çör-çöpdən, qum dənəcikləri və palçıqdan özlərinə yuva qururdular.
Bir cüt qaranquşu görməyə artıq adət etmişdik. Bu sinəsi ağ qanadlılar bəzən gözə dəyməyəndə darıxırdıq. Quşlar da bizdən daha çəkinmirdi.
Ana qaranquş yuvada qalır, qoyduğu yumurtaların üstündə otururdu. Bala qaranquşların yumurtadan çıxmasını Nigar da səbrsizliklə gözləyirdi.
Bir səhər quşların civiltisinə yuxudan ayıldıq. Ana qaranquş bala çıxarmışdı. Erkək qaranquş yuvanın üzərində uçuşur, qanad çalıb civildəşirdi.
Bizim hər birimiz balaca Nigarla birgə hər səhər tezdən maraqlı mənzərə ilə qarşılaşırdıq. Ağızlarını geniş açmış körpə quşcuğazları valideynləri necə qayğı ilə, bircə-bircə yemləyirdi. Nəm torpaqdan eşələyib tapdıqları soxulcanları, havadan tutduqları xırda həşəratları, cücüləri yorulmadan yuvalarına daşıyırdılar.
Bir gün Nigar məndən soruşdu:
− Nənə, bu körpə quşlar elə həmişə yuvada qalacaq?
− Ana qaranquş onlara uçmağı öyrədəndə yuvalarını tərk edəcəklər, əziz balam.
− Axı, onlar hələ tüklənməyib…
− Həə, bu balaca quşlar − ətcəbalalar lələkləri sıxlaşanda, qanadları bərkiyəndə uçacaqlar.
Gözlədiyimiz bu anın da tezliklə şahidi olduq. İsti günlərin birində səhər tezdən ana və ata qaranquş yuvanın yaxınlığındakı naqilə qonub ucadan cikkildəyir, sanki balalarına nəsə söyləyirdi. Bu mənzərəni Nigarla birgə seyr edirdik. Nəvəm birdən sevincək çığirdı:
− Ay nənə, deyəsən, bala quşların uçan günüdür!
− Yuva onlara gör necə darlıq edir. Baxaq, görək necə uçacaqlar.
Valideynlərinin hay-küylü “nəsihətləri”, köməyi balaca qaranquşları həvəsləndirmişdi. Əvvəlcə, daha ürəklisi yuvanın kənarına qonub atılıb-düşməyə başladı və birdən zərif qanadlarını açıb düz naqilin üstünə, anasının yanına qondu. Onun cəsarətini vuvadakı digər balalar da təkrarlamaq üçün elə bil növbəyə düzülmüşdü.
Bu dəfə ana qaranquş yuvaya tərəf uçub cikkildəyə-cikkildəyə geri qayıtdı. O, bununla sanki necə uçmağı balalarına başa salırdı.
Yuvada bir canlanma vardı. Artıq xeyli böyümüş, ətə-qana dolmuş quşcuğazlar vurnuxur, uçmaq istəyirdilər.Yuvada qalan balaların dördü də bir-birinin ardınca uçub ana qaranquşun yanında qərar tutdu.
Ertəsi gün və sonrakı günlərdə bala quşlar tez-tez yuvadan uçur, ağacların budaqlarına, gül kollarına, hovuzun kənarına qonurdu.
Nəhayət, günlərin birində qaranquş cütlüyü və balaları uçub getdi, tamam görünməz oldu. Hər dəfə sevə-sevə baxdığımız yuva boş qalmışdı. Bala qaranquşlar üçün yeni həyat, mavi səmaya baş vurmaq dövrü başlamışdı. Nigar isə tez-tez soruşurdu:
− Qaranquşlarımız nə vaxt qayıdacaq?..
Mən onun qanadlı dostları üçün qəribsədiyini anlayıb:
− Darıxma, Nigarım, deyirlər qaranquşlar ilk yuvalarına bir də qayıdırlar. Yenidən bala çıxarmaq, quşcuğazlarını böyütmək, pərvazlandırmaq üçün. Bahar müjdəçisi qaranquşlar yazın nəfəsi duyulanda qayıdacaqlar.
Zemfira Məhərrəmli