Qardaşı üstünə balta çəkdi, anasının qarğışına düşdü, əri uşağa görə onu tərk etdi – Xalq artistinin faciə dolu həyatı

Qardaşı üstünə balta çəkdi, anasının qarğışına düşdü, əri uşağa görə onu tərk etdi – Xalq artistinin faciə dolu həyatı

Müstəqil.Az Kulis.az -ın dünyasını dəyişən məşhur aktrisa, Xalq artisti Səfurə İbrahimova haqqında maraqlı faktları təqdim edir.

Səfurə Ağabala qızı İbrahimova 1938-ci il dekabrın 27-də Bakıda doğulub. Səfurənin anası Ağabala kişinin ikinci arvadı idi. Atasının Bakıda mülkü, mağazası vardı. Ticarətlə məşğul olduğuna görə onun var-dövlətini əlindən alıb, ailəsini də ölkənin ən ucqar kəndlərindən birinə sürgün ediblər.

***

Həmin illər, elə Bakıya qayıdandan sonra da Səfurəgil çox aclıq çəkir. Yeməyə çörək tapmırdılar. Aktrisa son müsahibəsində xatırlayır: “Dörd-beş yaşım olanda anam məni diziylə itələyib bayıra atırdı ki, məndən balaca bacımın, qardaşımın süd payını içməyim. Böyüyəndən sonra da yadıma gəlir ki, çox aclıq çəkdik. Mənim qırmızı rəngdə bir paltom vardı. Anam onu zorla əynimdən çıxarıb satmaq istəyirdi ki, evə ərzaq alsın. Amma mən qışqırıb ağlamışdım, paltomu əynimdən çıxarmamışdım”.

O, 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. Ən böyük arzusu həkim olmaq idi. Məktəbi bitirəndən sonra sənədlərini ali məktəbə həkimlik ixtisası üzrə versə də, axırıncı imtahanlardan kəsilir. İşsiz-gücsüz ortalıqda qalır. Ögey bacısının gəmidə işləyən ərinə yalvarması, onu da bir işə düzəltməsi üçün bacısından xahiş edir. Bacısının əri onu zavodda işə düzəldir. Amma Səfurənin təhsil almaq həvəsi ölmür. Dayısının böyük kitabxanasından hər gün kitab oğurlayıb xəlvətdə oxuyur. Bir dəfə isə rəfiqəsi ilə Adil İsgəndərovun yaratdığı aktyorluq kursuna gedir. Elə o gündən sonra hər gün işdən çıxıb birbaşa ora gəlir. Məşqlərin birində Adil müəllim onu səhnədə yoxlayır və aktrisalıq istedadına qane olur.

***

1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur, Rza Təhmasibin kursuna düşür. Atası ona çox hörmət etdiyindən aktrisa olmaq istəyinə qarşı çıxmır, qəlbinə toxunmur. Amma anası aktrisa olmağına razı olmur. Həmişə bu sənəti seçdiyi üçün ona qarğış edir, deyir, səni görüm heç vaxt gəlinlik geyinməyəsən, başına duvaq atmayasan.

***

Universitetdə oxuya-oxuya onu “Azdrama”ya işə götürürlər. O vaxt teatrın öz nəhəngləri vardı. İlk rolunu ifa edəndə Fatma Qədri və Hökümə Qurbanova ilə tərəf-müqabili olur. Tamaşada Hökümə xanım onun analığını ifa edir. Aktrisanın sözlərinə görə, Hökümə Qurbanova da, sonralar teatra gələn Amaliya Pənahova da ona mane olmağa çalışıblar: “Amaliya Pənahova rəhmətlik həmişə mənim qarşımı kəsirdi. Düzdür, mən Amaliyadan güclü aktrisa olmamışam, amma təbii olmuşam. Elə bil, Hökümə xanımın xasiyyətləri də Amaliyaya keçmişdi. Hökümə həqiqətən də teatrda Allahlıq edirdi, onun bir sözü iki olmurdu.”

1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk Bahar qızı Səfurə İbrahimova olub.

***

Uzun illər teatra bağlı olan aktrisanın teatrdan uzaqlaşmasını istəyənlər də az deyildi. Hətta bir dəfə tamaşa zamanı onu yıxmaq da istəyirlər. “Sevil” tamaşasında aktrisa düşən pilləkənlərdən birinin taxta pilləsini vurmurlar. Aktrisanın isə bundan xəbəri olmur. Ancaq pilləkənləri düşəndə o, ayağının altındakı boşluğu hiss edir. Bir fəhlə tərəfindən edilən bu hərəkətin arxasındakı məqamlar həmişə sirr olaraq qalır. O, hiss edir ki, yeni nəsil onun kimi köhnə nəslin nümayəndələrinin teatrdan öz xoşu ilə çıxmasını arzulayırlar. 2005-ci ildə 60 yaşı tamam olanda Səfurə xanım ərizə yazaraq teatrdan çıxır. Deyir, xəstəyəm, müalicə olunmalıyam. Əlabbas Qədirov buna mane olmağa çalışsa da, aktrisanı teatrda saxlamaq mümkün olmur.

***

Aktrisaya qarşı olan hücumlar kino sahəsində də davam edib. O, “Gün keçdi”, “Arxadan vurulan zərbə” filmlərinə dəvət olunsa da sonradan onu yox, başqa aktrisaları çəkiblər. Aktrisa özü bu haqda deyir: “Amaliyanın ifa etdiyi Ziba roluna Arif Babayev məni çəkmək istəyirdi. Çünki Arif müəllim məni “Alma almaya bənzər” filmində görmüşdü. Ordakı rolum xoşuna gəlmişdi, mənə demişdi ki, səni “Arxadan vurulan zərbə” filminə də çəkəcəm. Amma Amaliya rəhmətlik qoymadı, dedi, bəsdirin də, hər rola onu çəkdiniz, bu rolu da mənə verin. Mən öhdəsindən gələcəyəm. Allah üçün, deyim ki, gəldi də. Mənim onun oradakı Ziba obrazı çox xoşuma gəlmişdi. Adil İskəndərov da məni “Sevil” filmində Dilbər roluna çəkilməyə qoymurdu. Deyirdi, qadam, Səfurə birbaşa Sevil, ya da Gülüş roluna çəkilsin, amma Dilbər roluna yox. Dilbər rolunu ya Amaliyaya, ya da Şəfiqəyə verin.

Qardaşları onun aktrisa olmasını istəməyiblər. Hətta “Sevil” filmindəki roluna görə qardaşı onun üstünə balta çıxarmışdı. O, qardaşından gizlənmək üçün bir müddət bibisigilin evində qalır.

***

Aktrisa bir dəfə sevdiyi adamla rəsmi nikahda olub. Ərinin xalası qızı ilə nişanlı olduğunu isə sonralar bilir. Onun bu evliliyi beş il davam edib. Ancaq övladları olmadığından əri get-gedə ondan soyumağa və uzaqlaşmağa, qısqanmağa başlayır. Bir gün isə onlar ayrılırlar. Aktrisa həmin günləri belə xatırlayır: “O, mənə inanırdı, ancaq aktrisa idim, tamaşadan çıxıb evə gələnə qədər gecə saat on iki olurdu. Mən zinət əşyası taxmağı sevmirdim. Teatra gedəndə nişan üzüyümü özümlə götürüb yolda barmağıma taxırdım, teatra çatanda çıxarıb çantama qoyurdum. Axşam evə qayıdanda da metroya girən kimi üzüyü barmağıma taxırdım. Əlimi də elə tuturdum ki, nəzərə çarpsın, mənə heç kim söz atmasın. O, məni bir neçə dəfə izlətdirmişdi də. Yəni, ona qarşı sədaqətli olmuşam. Ancaq bizimki alınmadı, o getdi, başqası ilə ailə qurdu. Bir dəfə oğlu ilə bizə gəlmişdi. Qapqara oğlan uşağı idi. Ailəli olsa da, mənə çox yalvardı ki, onunla yenidən bir yerdə yaşayım, amma mən razılaşmadım”.

Aktrisa anası xəstə olanda onu öz evinə gətirib özü ona baxıb. Bir gün isə anası onu qoyub, o biri övladlarının yanına gedir. Anası dünyasını dəyişəndən sonra aktrisanın bacıları onunla mülk davasına çıxırlar.

***

Səfurə xanımı uzun illərdir görmədiyi dayısı qızı Nailə xanım onun haqqında deyir: “Səfurə o vaxtı ailə həyatı quranda gəlinlik geyinmədi. Çünki yaşından utanırdı. “Kubinka”da qadınlar arasında qız toyu oldu. Bir az gec ailə həyatı qurmuşdu. Həyat yoldaşı prokuror idi. Səfurənin 1 nömrəli fanatı idi, hər tamaşadan sonra ona gül-çiçək gətirərdi. İş elə gətirdi ki, Rəcəbi Ukraynaya göndərdilər, amma Səfurə onunla getmədi. O, həyat yoldaşından sonra heç vaxt evlənmədi və ömrünün axırına kimi tək qaldı. Həsən Turabovdan tutmuş Eldəniz Zeynalova qədər hamı ona evlənmə təklifi etmişdi.”

Aktrisaya məşhurlar arasında evlənmə təklif edənlərdən biri də Xalq artisti Tariyel Qasımov olub: “Səfurə ilə 4 il Rza Təhmasibin kursunda oxumuşuq. Səfurə kursumuzda ən gözəl qız idi. Rəhmətlik Nurəngiz Gün də bizimlə oxuyurdu. Kursumuzda 12 oğlan, 12 qız var idi. Rza Təhmasib deyirdi ki, sizi özüm bu qədər sayda götürmüşəm ki, bir-birinizlə ailə həyatı qurasız. 4-cü kursun sonunda Səfurəyə evlənmə təklifi etdim. Gözlərinə inanmadı, amma hiss etdim ki, ürəyincədir. Onun qabağında şərt qoydum ki, mənimlə ailə həyatı qurandan sonra aktrisalıq sənətini yarıda qoyacaqsan. Səfurə inadla dedi ki, mən heç vaxt bu sənətdən əl çəkməyəcəyəm. Mən də dedim ki, onda heç vaxt səni almayacağam. Dedi ki, almırsan alma, heç mən də sənə ərə gələn deyiləm”.

***

Uzun illər teatrdan ayrı düşən aktrisa özünə qapanır, günlərlə, aylarla heç kimlə görüşmür, tənha yaşayırdı. Hətta bacısı Rübabənin yasına da getmədi. Yaxınlar onun psixoloji vəziyyətinin yaxşı olmamasından gileylənirdilər. Bu il noyabrın 22-də aktrisa evində huşsuz halda tapılıb xəstəxanaya yerləşdirildi. Bir müddətdən sonra isə evə buraxıldı. Vəziyyəti ağır olan Səfurə xanım ötən gün – 21 dekabrda evində dünyasını dəyişdi.

Müstəqil.Az

Share: