QARIŞ-QARIŞ VƏTƏN OLAN ŞAİR

QARIŞ-QARIŞ VƏTƏN OLAN ŞAİR

 

Rakursda istedadlı söz ustadı şair Ziyafət Yəhya-70

Son illərdə öz simasını tamam dəyişən Azərbaycanın füsunkar guşələri çoxdur. “Cənubun mirvarisi” adlandırılan doğma Lənkəranımızın isə bir başqa gözəlliyi vardır. Bu gün Talış dağlarının əhatəsində Azərbaycanın füsunkar təbiəti, mavi Xəzəri, əzəmətli dağları, saysız hesabsız qalaları, zəngin və həddindən artıq diqqəti cəlb edən zümrüd meşələri, nadir ağacları, hayqıran çayları, çağlayan şəlalələri, zəngin flora və faunası ilə seçilən Lənkəran rayonu yerləşir. Talış dağlarının ətəklərində, mavi Xəzərin sahilində nazlanan bu rayonun gözəlliklərinin əsiri olanlar da az olmayıb. Dünyanın bir çox liderləri, ayrı-ayrı böyük rütbəli məmurlar, rəsmilər zaman-zaman Lənkəranın qonağı olmuş, bu yurdun gözoxşayan gözəlliklərinə valeh olmuşlar. Hamımıza doğma olan Lənkəranımız sanki bir nağıldır. Son vaxtlar bu şəhəri görənlər yəqin bunların mübaliğə olmadığını təsdiq edərlər. Yaşıllıqlar, gül-çiçəklər əhatəsində olan şəhərə günəşin altında alışıb-yanan Xəzər – bu mavi gözlü gözəl bir ayrı gözəllik verir. Müasir üslubda inşa edilmiş hündür və yaraşıqlı binalar bu gözəlliyə min bir rəng qatır. Təmiz və səliqəli küçələri, bağ-bağçaları, könül açan Lənkəran şəhərinin gecələri də özünəməxsusdur, əsrarəngizdir. Təbii ki, bu möhtəşəmliyi, İlahi gözəlliyi görüb, duyub, seyr edən necə şair olmaya bilər ki? Bu gün nuruna, ziyasına yığışdığımız Ziyafət Yəhya yaradıcılığının da mayəsini, qayəsini elə bu gözəlliklər tutur.
Uzun illərdir ki, Ziyafət Yəhya da bu diyarın təbii gözəlliklərini duya-duya yazır, yaradır. Ünvanı Əlahəzrət Söz olan şairlərdəndir Ziyafət Yəhya. Əkbərov Ziyafət Yəhya oğlu 1952-ci ildə Lənkəranda müəllim ailəsində dünyaya göz açıb. Əmək fəaliyyətinə Lənkəran Konserv Zavodunun istehsalat sexində usta kimi başlayıb. 1988-ci ildən bu yana isə əhaliyə taksi sürücüsü kimi xidmət göstərir.
Ziyafət Əkbərovu digər taksi sürücülərindən fərqləndirən cəhəti onun həm də şair olmasıdır. Şeir yazmağa orta məktəbdə oxuyan zamandan başlayan şairin şeirləri ötən əsrin 80-ci illərində “Azərbaycan”, “Ulduz”, “Söz” və “Məşəl” jurnlalarında dərc edilib.Şair 1992-ci ildə Lənkəranda fəaliyyəti bərpa olunan “Fövcül-Füsəha” ədəbi məclisinin üzvüdür. 1995-ci ildə Lənkəran Televiziyası şair Ziyafət haqqında “Sinəmdə bitdi hicranım” adlı ədəbi-sənədli televiziya filmi çəkib.
Ziyafət Yəhya 1998-ci ildə Lənkəran Uşaq Yaradılıcıq Mərkəzində öz şəxsi təşəbbüsü və rəhbərliyi ilə “Ziya” ədəbi məclisini yaradaraq orta məktəb şagirdləri və gənclərdən ibarət bu məclisə 10 il ərzində rəhbərlik edib.Məclisi yaratmaqda əsas məqsədi orta məktəb şagirdləri arasında şairlik bacarığı olan uşaqlara ədəbiyyat nəzəriyyəsi və nəzm janrının incəliklərini öyrətmək idi. Ziyafətin yazdığı şeirlərə mahnılar da bəstələnib və Könül Kərimova, Əhməd Kərimov, Cavad Rəcəbov, həmçinin başqa müğənnilər tərəfindən ifa edilib. Şairin yazdığı “Sönmüş ocaq” və “Mən özüməm” adlı pyesləri səhnələşdirilmək üçün Lənkəran Dövlət Dram Teatrına təqdim edilib.
Həm nəsrdə,həm nəzmdə müxtəlif janrlarda ədəbi əsərlər yazan şairin yaradıcılığında əsas yeri qəzəl janrı tutur. Qəzəllərində Ziyafət Yəhya klassik qəzəlin bütün bəhrlərindən istifadə etməklə bir-birindən gözəl nümunələr yaradır:

Durub gəzdim bu dunyanı, ədalətdən soraq yoxdur,

Nahaqqa haqq olub dustaq, bəraətdən soraq yoxdur.

Zülümdən don geyib dünya , daşır məzlumlar ahından,

Çıxıb əndazədən dünya , qiyamətdən soraq yoxdur.

Müqəddəs Kərbəla , Məşhəd , müqəddəs Kə’bə bağlandı,

At oynatdı münafiqlər , ziyarətdən soraq yoxdur .

Qalıbdı tapdaq altında cəsarət can verir , bilməm ,

Nədən yatmıs cəsur millət, casarətdən soraq yoxdur.

Hara baxsan həris gözdə daşır şəhvət baxışlardan,

Zərif, incə, o saf, ülvi məhəbbətdən soraq yoxdur.

Dedim gənclik təravətdir , əmanət saxla ey dünya,

Qayıtdım ahıl anımda , əmanətdən soraq yoxdur .

Kəsir əyri düzü , çunki, nə varsa tərsə- məzhəbdir.

Qəfil bir gün görərsiz ki , Ziyafətdən soraq yoxdur.

Şair Ziyafət Yəhyanın 1997-ci ildə Bakıda “Şuşa” nəşriyyatında “İtkin düşən harayım” adlı kitabı nəşr edilib. Qeyd etmək yerinə düşərdi ki, 2012-ci ildə Ziyafət Əkbərov Lənkəranda “İlin adamı” elan edilib, 2013-cü ildə isə şairin 60 illik yubileyi dövlət səviyyəsində, Lənkəran Dövlət Dram Teatrında qeyd edilib. Lənkəranın həm taksi sürücüsü, həm də şairi olan Ziyafət Əkbərov Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ziyafət Yəhyanın yazdıqları adi söz nümunələri deyil, gərgin axtarışların və zəhmətin məhsuludur. Füzulidə olduğu kimi, onun da yaradıcılığında söz sirlidir, sehirlidir və insanı düşündürəndir. Beş yüz ildən çoxdur ki, Füzuli sehrinə bürünmüş poeziyamıza bir işığı da Ziyafət Yəhya gətirməkdədir (bu məsuliyyətin necə çətin olduğunu şairlər daha yaxşı bilir). Onun yaradıcılığı dünyaya bambaşqa bir baxış sərgiləyir. Bir neçə il əvvəl dünyanın ən şöhrətli yazıçılarından olan Qabriel Qarsia Markes dünyasını dəyişdi. Onun ölümü günündə bir kolumbiyalı ziyalının dediyi sözlər çox maraqlı idi: “Sağ ol Qabo (yəni Qabriel). Sən bizim dünyaya baxışlarımızı dəyişdin. Bizi başqa bir dünya ilə tanış etdin”. Gözəl və düşündürücü sözlər idi. Yazıçının, sənət adamının əbədi yaşayacağına təminat verən sözlər idi. Eyni fikirləri mən tərəddüdf etmədən Ziyafət Yəhya yaradıcılığına da şamil edərdim. Ziyafətin şeirlərini oxuyanda bu fikrin elə ona da aid olduğu qənaətindəyəm. O, öz şeirləri ilə oxucunu yaşadığı həyatdan fərqlənən bir dünya ilə üz-üzə qoyur, maraqlandırır, həyata, sevgiyə, vərdiş etdiyi qaydalara baxışlarını dəyişir. Şair özü öz iç dünyasının açımını da poetik dillə dilə gətirir:

Qaçan yuxuların ardınca qaçdım,
Açan şəhərləri gözümdə açdım.
Diləndim, özümə özüm əl açdım,
Və nələr istədim, bir Allah bilər.

Şeirlərin bədii dəyəri meyar götürülür. Burada qeyri-adilik yoxdur. Poeziyanın məna ünvanı nə onun publisist ifadəsində, nə də zahiri-texniki gözəlliyindədir. Poeziya tam halda fikirlərin möcüzəsidir, assosiativ yozumların prizmasıdır, insanın bədii idrakına birbaşa təsirdir. Belə bir ölçüdə şair poetik fikirləri yeni və gözlənilməz cazibə kimi çəkib gətirir. Biz «klassikləşmiş şairlər» ifadəsini sözgəlişi işlətmirik. Adətən, ədəbi tənqidin əsas ünvanı məhz belə taleli şairlər olur. Lakin bu günün tələbləri bütləşmiş ünvana yox, zamanın addım səslərində itib-batmayan poetik haraya cavab verməyə çağırır.
Ziyafət Yəhya şəxsiyyətcə təvazökardır. Bədii kürsülərdə «yuyulmuş qaşıq» kimi özlərini gözə soxmaq vərdişindən, əsərləri haqqında dost sifarişli məqalələrə həvəs göstərməkdən uzaqdır. Mən şairin poeziyası ilə çoxdan tanışam, həmişə oxumuşam və bu gün də sevə-sevə oxuyuram. Onun yaradıcılığı həm də yaşadığı ömür yolunun açımı, izahıdır:

Mənəm mənəm”dərk”etmədim
Sadəliyi tərg etmədim.
Lovğa- lovğa ” bərk ” getmədim ,
Ömrü getdim yavaş- yavaş .

Gülən gözdə səadəti ,
Gözəllikdə təravəti .
Misralarda məhəbbəti ,
Rəsm eylədim naxış – naxış.

Vuruldum bahar gəlinə ,
Ömrüm sevgiyə bələnə .
Ağ buluddan göy çəmənə ,
Qucaq açdım yağış – yağış .

Gənclik axır gəldi dilə ,
Bir qız gəzdim dərdi bölə .
Qaradinməz bir gözələ ,
Ürək açdım baxış – baxış.

Şair ömrümlə barışdım ,
Ocaq – ocaq mən alışdım .
Yanıb torpağa qarışdım ,
Vətən oldum qarış – qarış.

Cəmiyyətdaxili problemlər və bu problemlərin nüvəsində dayanan insan daim düşündürür Ziyafəti. Bunlar dünyanın qorunmasına, xalqını sülh arzusuna istiqamətlənən poetik meridianlardır. Bu yönümlü şeirlərinin demək olar ki, hamısında şairin insan taleyinə humanist münasibəti dayanır. Nə üçün bəşər nəslinin bu günə gəlib çatan nailiyyəti məhv olmalıdır? Atom bombası hər şeyi yandırmalı, yox etməlidir? Hətta atom bombasının yaradıcısı Oppenqeymer ürək ağrısını gizlətmədən demişdir: «Gör mən nələr etdim? Nə üçün bu ölüm odunu yandırmaq mənim taleyimə qismət oldu?» Beləcə taleyüklü milli məsələlərdə şairin öz baxış bucağı qabarıqlaşır.
İstedadlı söz ustadı Ziyafət Yəhyanın öz dünyası var. Bu dünya bakir duyğuların vəhdətində görünür.
Bir dünya var .
Bir dünya var içimdə ,
Sığmır aya,həm ilə.
Boyu sevgi biçimdə ,
Məhəbbətə hamilə .
Sirli naxış töxuyur ,
Duyuq salmır heç kəsi.
Gizli dua oxuyur,
Eşidilmir nəfəsi.
Surələrdən boylanır ,
Müqəddəs sabahlara.
Ayələrdə baş əyir,
Təmiz , pak günahlara .
Mənim bu gizli dünyam,
Şeirimə min rəng qatır.
Sünbül sətirlərimdə ,
Buğda –buğda boy atır.
İçimdəki bu dünya ,
Bir ömrün aynasıdır.
Son nəfəsdə bu röya,
Ruhumun laylasıdır .

Ziyafət Yəhya poeziyası sanki adi həyat həqiqətlərinin əksidir. Hamını düşünməyə məcbur edən saysız-hesabsız problemlər sərgisidir. Onun şair qəlbi bu problemlərə biganə qala bilmir. Ürəyində «niyə», «nə üçün», «nədən ötrü» sualları baş qaldırır. Və bizi silkələyib bu çətinlikləri aradan qaldırmağa səsləyir. Bu sosial problemlər get-gedə ciddiləşir, dünyanı, insanları düşündürən daha böyük dərdlər ortaya çıxır. Müharibə canilərinə, ulduz hərbinə hazırlaşanlara, yer üzərində sülh və əminamanlıq üçün ciddi təhlükə törədənlərə qarşı üsyan səsini qaldırır. İnsanları silahsız Dünya uğrunda mübarizəyə səsləyir. Şair lirik duyumlarında düzlük, ədalət tərəfindədir. Çünki dünyanın bütün təzadlı meridianları onun ürəyində toxtayır. Sonra isə get-gedə közərib alovlanır.
Şair Ziyafət Yəhyanın poeziyası bir istedadın poetik əzablardan doğan yaradıcılıq məhsuludur. Məhz bu gün poeziya daha çox real mühitin mənəvi-sosial təzadlarına baş vurmalıdır. Bu təzadlarda həm də işıqlı tarazlıq görməlidir. Mən Ziyafətin istedadına, onun daha gözəl əsərlər yazacağına ürəkdən inanıram. Çünki buna onun potensial imkanı çatır. Ziyafət yaradıcılığında poetik səs ötkəmdir. Bu ötkəmlik yumruğunu düyünləyib hədəfi döyəcləyir. Bu, şair üçün çox yaxşı bədii keyfiyyətdir. Eləcə də, Onun şeir leksikonu zəngindir. Qeyd edim ki, şair üçün söz bolluğu əsas amildir. Buna adi məsələ kimi baxmaq olmaz. Poeziya qeyri-adi möcüzə payı olduğundan oxucu onu həm yaxşı, həm də pis tərəfə yoza bilir. Bu müxtəlif yozumlara şairin münasibəti nisbi olur. Lakin məsələ şairin poetik yaradıcılığına obyektiv yanaşmaqdadır. Bu mənada Ziyafət Yəhya sözünə tələbkar və az yazan şairlərimizdəndir. Bu isə gözəl məziyyətdir və təmiz poeziyaya hörmətdən irəli gəlir. Bu günün tələbkar oxucusunun axtardığı nəsnələrin hamısı Ziyafətin poeziyasında özünü qabarıq fonda təzahürləşdirir.
Son olaraq Azərbaycan Yazıçılar Birliyinin üzvü, ” Qızıl qələm ” mediya mükafatı laureatı, 2022- ci ilin Prezident mükafatçısı, şair Ziyafət Yəhyaya uzun ömür, yaradıcılılq uğurları və bol-bol oxucu sevgisi, məhəbbəti arzulayıram.
Yubleyiniz mübarək ustad.

Leyla Qadir qızı Məcidova
Publisist, Tarix üzrə Fəlsəfə doktoru,
Lənkəran Dövlət Universitetinin baş
müəllimi

Share: