“Bəzi jurnalistlərin “Qatar niyə gecikir?” sualına cavabını məhz infrastruktura vurulan ziyanda axtarmaq lazımdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Hərəkətin Təhlükəsizliyi departamentinin müdiri Pənah Kərimov bildirib.
P.Kərimov qeyd edib ki, qatar yollarının üzərində kənar əşyaların, daşların qoyulmasına görə də problemlər yaşanır:
“Qatarlara və relslərə ziyan vurmaqla yanaşı, bu kimi hallar həm də dəmir yolları ilə daşınan təhlükəli yüklərin dağılmasına, ətraf mühütin çirklənməsinə səbəb olur və sərnişinlərin həyatına ciddi təhlükə yaradır.
Bundan başqa, xüsusilə yük və sərnişin qatarlarının hərəkət etdiyi baş yollarda yolun üst quruluşu elementləri, rels yanlığı, rels altlığı, müxtəlif təyinatlı elektrik naqilləri, drossel transformatorları, işarəvermə qurğuları və s. kənar şəxslər tərəfindən oğurlanır.
Sadaladığım bu kimi hallar elektrik cərəyanının kəsilməsinə, işıqforun normal fəaliyyət göstərməməsinə, yolun bütövlüyünün pozulmasına və s. gətirib çıxarır. Təbii ki, nəticələr aradan qaldırılana qədər qatar yolda qalmalı olur – sizin təbirinizcə desək, “qatar gecikir””.
“Oğurluq halları ilə bağlı Daxili İşlər Nazirliyinə müvafiq müraciətlər edilir. Bu məsələlərin hər biri araşdırılır və həmin şəxs və ya şəxslər müəyyən olunaraq qanun çərçivəsində məsuliyyətə cəlb edilirlər. Qeyd edim ki, görülən ciddi tədbirlərin nəticəsidir ki, 2022-ci ilin 7 ayında dəmir yollarında 83 belə oğurluq hadisəsi baş verdiyi halda, cari ilin müvafiq dövründə artıq həmin oğurluq faktlarının sayı 47-ə enib. Daxili İşlər Nazirliyinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsi ilə yaxından əməkdaşlıq çərçivəsində bu kimi halların qarşısı alınır, oğurluq faktlarının üstü açılır və cinayət işi başladılır”.