Qax rayonunda aparılan tədqiqatlar nəticəsində cari mövsümdə elmi ədəbiyyata yeni bir arxeoloji abidə gətirilib.
Publika.az xəbər verir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Taleh Əliyevin rəhbəri olduğu Oğuz-Qax arxeoloji ekspedisiyası tərəfindən Qax rayonu ərazisində tədqiqatlar zamanı rayon ərazisində yerləşən tarixi-arxeoloji abidələrin xəritələri və GPS koordinatları hazırlanıb, bəzi abidələrdə çöl-tədqiqat işləri həyata keçirilib.
Ekspedisiya tərəfindən Qax rayonunun Qıpçaq kəndinin cənubunda, Üzümlü-Ağyazı istiqamətində olan şosse yolunun Əyriçay körpüsünə çatmamış, sağ hissədə, yerli əhali tərəfindən “Əyrinin tapı” (Əyriçayın təpəlikləri) deyilən ərazidə, çayın sağ sahilində yerləşən Qıpçaqtəpə abidəsi ilk dəfə qeydə alınıb.
Qıpçaqtəpə abidəsi 4 ha ərazini əhatə edir. Çoxtəbəqəli abidə möhtəşəm yaşayış yerlərindən biridir. Cari mövsümdə Qıpçaqtəpə yaşayış yerində beş hissədə arxeoloji kəşfiyyat qazıntısı aparılıb. 1-5 N-li arxeoloji kəşfiyyat sahələrində aparılmış tədqiqat nəticəsində abidənin mədəni təbəqələri müəyyənləşdirilib və üst təbəqələrdən maddi mədəniyyət nümunələri kameral şəkildə işlənilib. Qıpçaqtəpə abidəsində aparılan arxeoloji kəşfiyyat qazıntısı zamanı abidənin üst təbəqələrinin ilk orta əsr və orta əsrlərə aid olduğu müəyyənləşdirilib. Qazılmış sahələrin planı hazırlanıb.
İlkin tədqiqatlar nəticəsində Qıpçaqtəpə yaşayış yerinin antik və ilk orta əsrlər dövründə yuxarıda qeyd etdiyimiz şosse yoluna yaxın hissədə yerləşdiyini, daha sonra son orta əsrlərə doğru yaşayış yeri öz ərazisini qərbə doğru genişləndiyini söyləmək mümkündür. Son orta əsrlərdə əhali Sarı pir adlı hissədə həyat sürüb, XX əsrdə isə hazırkı Qıpçaq kəndinin ərazisində məskunlaşıb.
Qıpçaqtəpə abidəsinin qərbində yerləşən Sarı pir adlı qəbristanlığa da baxış keçirilib və fotoşəkillər çəkilib. Qəbir daşları üzərində olan yazılardan oranın XIX əsrə aid olduğunu söyləmək mümkündür.
Zərnə kəndində yerləşən ilk orta əsr Zərnə qalasında da arxeoloji tədqiqat işləri aparılıb, qala divarlarının qalıqları əsasında onun planı hazırlanıb.
Tədqiqat mövsümündə Qax rayonu ərazisində yerləşən ilk orta əsr alban dövrü abidələrinin bəzilərinin GPS koordinatları müəyyənləşdirilmiş və arxeoloji xəritəsi tərtib olunub.