Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək ictimai birliyi 1 iyul 2023-cü il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ölkəmizin şimal rayon mərkəzlərində olan tarix-diyarşünaslıq muzeylərin bu günki vəziyyətinin araşdırılması” layihəsini icra edir.
Layihənin iş cədvəlində nəzərdə tutulduğu kimi Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək ictimai birliyinin üzvləri 4 sentyabr 2023-cü il tarixində Qax rayonuna layihə işini icra etmək üçün səfərə ediblər. Bu haqda saytımıza Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai Birliyinin sədri Laləndar Novruzova məlumat verdi.
Laləndar Novruzova dedi ki, Qax rayon Tarix-Diyarşünaslıq Muzeyinin həyətində bizi Muzeyin direktoru Mahir Əfəndi, muzeyin bələdçisi Həsənova Nərgiz Nəriman qızı bələdçi və muzeyin digər işçiləri qarşıladı: “Qeyd edim ki, Qax Tarix-Diyarşünaslıq Muzeyi də hal hazırda təmirdə idi. Bu səbəbdən görüşü muzeyin təbiət Abidəsi olan maraqlı həyətində keçirdik. Bu çətinliklərə baxmayaraq Muzeyin direktoru Mahir Əfəndi və bələdçisi Həsənova Nərgiz xanım Qaxın tarixi, adı və muzeydəki qədim tarixə malik eksponatlar barədə geniş məlumat verdilər.
1930-cu ildən etibarən Azərbaycan Respublikasının şimal-qərbində 1494 kvadrat km ərazidə Qax rayonu təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Zaqatala rayonuna verilmiş, 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. Qax – bu ad haqqında bir neçə fikirlər söylənmişdir. Söylənən fikirlərin ən başlıcası odur ki, “qaq” tayfası bu ərazinin ən qədim tayfalarından biri olmuşdur. Sonralar bu söz “qax” kimi işlənərək bu günümüzə qədər gəlib çatmışdır. Bu ad barəsində elmdə müxtəlif mülahizələr söylənsə də, bir həqiqət bizə məlumdur ki, hələ 3000 il bundan əvvəl, bu ərazidə yaşamış ən iri tayfalardan biri elə qax adlı tayfa idi. Azərbaycan EA Milli Münasibətlər İnstitutunun elmi işçisi, filologiya elmləri namizədi Rəşid Təhməz oğluna görə Qax sözünün iki kökdən ibarət olduğunu qeyd edir. Yəni “qa” – yaşayış yeri, “ax” – çay yeri, çay məskəni kimi ifadə etməklə ilkin adının “Qaax” olmasını mümkün hesab edir. İ. Lineviç “Keçmiş İlusu sultanlığı” adlı əsərində İlusu sultanlığının Qax kəndinin qədim adının Torağay adlandırılmasını qeyd etmişdir. Qıpçaq-latın lüğətində “Torağay” sözü çökəklik, Mahmud Kaşğarlının “Divani Lüğəti İttürk” əsərində “Torağay”, “Toruq” kimi verilmişdir və dağlarla əhatə olunmuş gizlin yer və yaxud dağlar arasında gizlənmək üçün yer kimi açıqlanmışdır. Həqiqətən də Qax rayonu üç tərəfdən dağlarla əhatə olunmuşdur və Qaxın Qıpçaq kəndinin mövcudluğu bu əarazidə V əsrdən burada qıpçaq türk tayfalarının məskunlaşdığını sübut edir”.
QHT sədri bildirdi ki, Qax rayonu Azərbaycanın ən qədim, zəngin tarixi keçmişə malik bölgələrindən biridir: “Azərbaycanda oturaq əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olan ibtidai tayfaların sıx məskunlaşdığı əsas mədəniyyət mərkəzlərindən biri olmuşdur. Arxeoloji axtarışlar nəticəsində regionda neolit, tunc, ilk dəmir dövrünə aid çoxlu yaşayış yerləri və kurqanlar qeydə alınmışdır. Qax rayonunun indiki ərazisində XI əsrdən başlayaraq Böyük Səlcuq İmperiyasına daxil olması ilə oğuz türkləri, sonra isə qıpçaq türkləri məskunlaşmağa başlamışlar. Həmin dövrdə Qaxın ərazisi o zaman mövcud olan Atabəylər və Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdu. XIII əsrdə Qaxın ərazisi Hülakülər dövlətinin tərkibinə daxil olduqdan sonra onun cənub torpaqlarına türk-monqol tayfalarının köçü başlamışdır. 1562-ci ildə Səfəvi hökmdarı Şah I Təhmasibin fərmanı ilə İlisu sultanlığının əsası qoyulmuşdur. Yerli feodal, İlisu sultanı Adı Görklü bəy XVI əsrdə Qax qalasını tikdirmişdir. Bu gün Qax şəhəri yerli əhali tərəfindən “İçəribazar” adlandırılan “Qax qalasının“ yerləşdiyi ərazi daxilindən və həmçinin XVIII əsrə (hicri-1202) aid “Qaxmuğal” məscidinin əhatəsindən genişlənərək müasir görkəmini almışdır. Qax adına başqa xalqların toponimiyasında da rast gəlinir.
Qaxın, görməli yerləri çoxdur və bunlardan ən maraqlılarından biri də İçəri bazardır. İçəri bazar tarixi abidə kimi Azərbaycanın ən cəlbedici və maraqlı turizm mərkəzlərindən biri sayıla bilər. “İçəribazar qala kompleksini”- səyahət edərək keçmiş yüzilliklərin memarlığını yeni ideya və məzmunda duymaq, müasir reallığı hiss etmək mümkündür. Hal-hazırda İçəribazar özünün ikinci çiçəklənmə dövrünü yaşayır. Şimal və cənub istiqamətindəki qapılar bərpa olunmuş, turistlərə xidmət göstərəcək dükanlar tikilmiş, bazar meydanında isə yaşıl teatr fəaliyyət göstərir. Rayonda bir neçə yaşayış məskənləri və kurqanlar (Eneolit-Dəmir, Tunc dövrlərinə aid) aşkar edilmişdir. İlisu Tarixi-Mədəniyyət qoruğunda V-VI əsrlərə aid Alban məbədi, XVII əsrə aid Came məscidi qorunur. Rayonda IX-XIV əsrlərə aid “Cinli” qala; XII-XIII əsrlərə aid Məbəd kompleksi; XV-XVI əsrlərə aid “Pəri qalası”; XVI əsrə aid Məbəd, Qala qapısı və divarları; XVI-XVII əsrlər Hacı Tapdıq məscidi; XVIII əsrə aid məscid vardır”.
O məlumat verdi ki, Qax Tarix-Diyarşünaslıq Muzeyi, ölkəşünaslıq muzeyinin bazasında yaradılmışdır: “Qax Tarix-Diyarşünaslıq Muzeyi ölkəşünaslıq muzeyi kimi 1979-cu ildə mədəniyyət evində 500-dək eksopnatla fəaliyyətə başlamış və. Azərbaycan SSR Nazirlər Sovetinin 13 avqust 1981-ci il tarixli sərəncamına əsasən tarix-diyarşünaslıq muzeyinə çevrilmişdir. Qax Tarix-Diyarşünaslıq Muzeyi 13 avqust 1981-ci il tarixindən XIX əsrə aid, şəhərin mərkəzində yerləşən Allahverdi kilsə binasında fəaliyyət göstərmidir. 1991-ci ilin iyun ayından muzey qismən uyğunlaşdırılmış yeni tipli binaya köçürülmüşdür.
Muzey 1 mərtəbəli və 13 otaqdan ibarətdir. Muzeyin ümumi sahəsi 1020 kv.m. Muzeydə Qax rayonunun tarixi və elmi əhəmiyyətə malik əşyalar mühafizə, tətqiq və təbliğ olunur. Muzeydə ən qədim eksponat daş əmək alətləri, onurğalı heyvanın diş sümüyü (Ləki kəndində yerləşən Skolat və Xorqaya yaşayış məskənindən tapılmışdır) və nümayiş olunur. Mahir Əfəndi bildirdi ki, təmirdən əvvəl Muzey 2015-ci ildə hazırlanmış ekspozisiya planına əsasən 8 Ekspozisiya salondan ibarət idi və ümumi sahəsi 830 kv.m.-dir. Qax rayonunun təbiəti və tarixi abidələri I salonda, Qax qədim dövrdə-II salonda, Qax orta əsrlərdə-III salonda, Qax tarixin yeni dövründə. Xanlıqlar İlisu sultanlığı-IV salon, Qax Rusiya imperiyasının tərkibində-V salon, Qax kommunist rejimində isə VI salonda, Qaxda hərbi vətənpərvərlik tərbiyəsi işi. Azərbaycanın hərb tarixi VII salonda, Müstəqilliyə gedən yol VIII salon, Müstəqil Azərbaycan IX salonda əks olunub. Hal hazırda Qax rayon Tarix-Diyarşünaslıq Muzeyində 11 mindən çox eksponat mühafizə olunur. Təmirdən sonra yeni ekspozisiyalar qurulacaq.
Muzeyin direktoru Mahir Əfəndinin sözlərinə görə, Muzeydə 8 bölmə fəaliyyət göstərir. Bura “Qax rayonunun təbiəti və tarixi abidələri haqqında”, “Qax qədim dövrdə”, “Qax orta əsrlərdə”, “Qax tarixin yeni dövründə. Xanlıqlar. İlisu sultanlığı”, “Qax Rusiya imperiyasının tərkibində”, “Qax kommunist rejimində”, “Qaxda hərbi-vətənpərvərlik tərbiyəsi işi. Azərbaycanın hərb tarixi”, “Müstəqilliyə gedən yol. Müstəqil Azərbaycan. Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin apardığı siyasət haqqında” bölmələri daxildir.
Qax Tarix-Diyarşünaslıq Muzeyindən sonra Mahir Əfəndinin müşayəti ilə “Bayraq Muzeyinə” getdik. “Bayraq Muzeyi” də fəaliyyət göstərmirdi. Buna baxmayaraq Muzey haqqında Mahir Əfəndi geniş məlumat verdi. Xalqımızın milli-mədəni sərvətlərinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılmasında muzeylərin çox böyük rolu var. Tədbir zamanı foto-video çəkilişlər də aparıldı”.