“Qayıt, deyim yer üzündə hələ də möcüzə var!”- Elməddin Mətləbin şeirləri…

Gənc şair Elməddin Mətləbin doğum günüdür.  Müstəqil.Az  şairi  təbrik edir,  bir neçə şeirini oxuculara ixtiyarına verir:

Nəfəs almaq yaşamaq deyil…

Xaricinə çevrə çəkdim bir üçbucağın,
Azadıydı, çevrə buna bir qəfəs oldu.
Tərəflərin iniltisi sökür bucağı… 
Bir füquru məhkum etmək mənə dərs oldu!

Üçbucaqdı, həqiqətdə cansız biridi,
Fəqət yenə azadlığa can çəkişirdi.
Bir möcüzə qarşısında susdum, kiridim –
Hər bucaqdan damla-damla nəsə düşürdü.

Qəribə bir fəlsəfədi, qəribə faktdı,
Bir cansızın bir məhbəsə etirazı var!
Elə bil ki, əsəbindən dağılacaqdı
Sökəcəkdi qövsləri gərən bucaqlar!

Tərəfləri məhbus idi, vicdan məhbusu,
Mən özümü haqsız olan hakim sanırdım.
Bucaqların o azadlıq eşqinə susub,
Vicdanını satmışlara parçalanırdım!

Şagirdlərin biri çıxıb sildi çevrəni,
Üçbucağın tərəfləri güldü elə bil.
Bir aksiom kəşf elədim həmin gecəni:
“Vicdan sussa, nəfəs almaq yaşamaq deyil!”

Arzusuna çatmadığım arzularım, ƏLVİDA

Dəli kimi danışıram öz-özümə vaxt olur,
Birdən olur gülürəm də qəhqəhəylə ucadan.
Çox gülüncdü bu aralar ruh durumum, ruh halım, 
Öz-özünə danışarmı, ya gülərmi heç adam?

Saçlarına bənzədirəm dalğalanan pərdəni,
Külək vurur pəncərədən – nəfəsinin qoxusu…
Bir ağacın budağında yarpaqları tərpənir,
Və doğulur ürəyimin qopub düşmək qorxusu…

Otağımın tavanına baxışımdan iz düşüb,
Elə bil ki, göy üzüdü ulduz-ulduz bəzənən.
Xatirələr saxlancını – o bəxtəvər keçmişi,
Qayıt yenə sətir-sətir, misra-misra təzələ…

Öz-özümə danışmaqdan mövzular da tükənib,
Gülməyi də unutmuşam, təbəssüm də uzaqdı!
Ay bir ömür bükülməyən dizlərimi bükənim,
Sən gedəli gün də batıb, üşüyürəm, sazaqdı!

Otağımın hər küncünə ovcum kimi bələdəm,
Divarlarda qan qarışıq cırmaqların izi var.
Qayıt, deyim yer üzündə tükənməyib, hələ də,
Qayıt, deyim yer üzündə hələ də möcüzə var!

Sən gedəli öz içimi içim içimdən yedi,
Nə xoşbəxtdi unudanı bacarıb unudanlar?!
Oyaq açdım uzun-uzun gecələri mən yetim,
Demədin ki, məndən ötrü hardasa darıxan var!

Bu da elə öz-özümə danışdığım bir məqam,
Bu da elə son gülüşdü, son təbəssüm, son vida!
Yenə elə əl uzalı… dırnaq izi… yenə qan…
Arzusuna çatmadığım arzularım, ƏLVİDA!

Share: