Havanın bəzən istiləşməsi Bilgəhdə istirahət edənlərin əksəriyyətini dənizin ayağına gətirir. Ağacların altında səliqə ilə düzülmüş stolların arxasında oturanlar dənizdən əsən xəfif mehin və isti çayın həzzini yaşayır.
İçərinin bürküsündən yaxamı qurtarma istəyi məni də bura gətirib. Masallı uşaqlarının işlətdiyi çayxanaya gəlirəm. Dörd nəfərlik stolun arxasında tək stul qoyulub. Oturub çay sifariş verirəm.
Elə bu vaxt yenicə dostlaşdığım, Bakı və ümumilikdə ölkəmiz haqda verdikləri sualları ürəklə cavablandırdığım Qazaxıstandan olan iki rəfiqə məni görən kimi sevindi. Oturduğum stolun arxasına stul qoyub əyləşdilər. Rəfiqələrdən biri dedi:
– Burda sizin bir şair var, bizə şeir yazıb, al bax bir, birdən pis nəsə yazar…
– Oxumadınız özünüz? Siz ki bizim dili bilməlisiniz. O gün söz atdım, həmən anladınız, – deyib gülürəm.
– Axı sizin dili yaxşı başa düşmürük. Şeiri başa düşmək olmur. Şairiniz də rus dilində pis danışır.
Nisbətən yaşlı, amma gənc rəfiqəsindən xeyli gözəl olan Roza adlı xanım idman gödəkçəsinin cibindən səliqə ilə qatlanmış vərəqi çıxarıb mənə uzatdı. Vərəqdəki 6 bəndlik şeirin kirillə yazılması müəllifinin hansı ədəbi nəslə məxsus olmasından xəbər verirdi. Şeirin ilk bəndini ürəyimdə oxudum:
Sən bir mələksən, gözəl, xoş gəlmisən Bakıya
uzaq yerlər görmüsən, qəlbim sənə yaxındır
Ətrin elə bildim ki, səpələnib havaya
şeirlərim, sözlərim sənə axın-axındır.
Son bəndi yüksək səslə dedim:
Burdan sonra getsən də üzü Qazaxıstana
bir gün alıb gətirrəm səni doğma Qazaxa
qoymaram ki, sən orda mənsiz həsrət çəkəsən
qoymaram ki, düşəsən gözlərimdən uzağa…
Sevgi şeiri idi. Bir qəlbin pıçıltı ilə deyəcəyi sevgi dolu sözləri misralara düzüb, sanki ovuclayıb vərəqin üstünə dağıtmışdılar. Şeirin digər bəndlərini oxumadım, imzaya baxdım: “Ürəyi, işğal olunan torpaqları kimi tərəfinizdən işğal olunan məcburi köçkün Müzəffər…”
Roza zil qara bəbəklərini gah ağzıma, gah da əlimdəki dəftərin vərəqinə dikirdi. Şeir haqda fikrimi bilmək istəyi hər iki xanımın gözlərindən oxunurdu. Mən isə onları intizarda saxlamağa üstünlük verdim.
Çayçıya tərəf çevrilib – iki stəkan da gətir, qonaqlarım var – dedim.
Rozanın gənc rəfiqəsi Dinara soruşdu:
– Yaxşı şeirdirmi, heç olmasa?
– Sizin kimi xanımlara pis şeir yazılar heç?
Komplimentim xoşlarına gəldi. Ona görə də fürsəti fövtə vermədim, xanımları axşama qonaq çağırdım:
– Axşam konsertdən sonra gələrsiz otağıma, şeirin tərcüməsini daha dəqiq edərəm, sizi Cəlilabad üzümünə, Ağsu şərabına qonaq edərəm. İndi isə çay içək.
Xanımların şeirin havasına bələnmək istədiyi aşkar bilinirdi.
– Amma onu deyim ki, sevgi şeiridir, özü də bu sevgi hər kəsə nəsib omur. Şairimizin bağrını partlatmısız.
Roza şeirin tərcümə edilməsi üçün axşam qonaq gəlməyə razılıq versə də, Dinara qəti əleyhinə getdi, dəvətimə “mız” qoydu:
– Yox, olmaz. Sən elə burda şeirin mənasını de, daha əziyyət çəkib bizə süfrə açma.
Kənarda bir neçə nəfərlə söhbət edən əməkdar artist Yusif Mustafayevi Dinaraya göstərdim:
– O gördüyün adam bizim çox sevilən müğənnimizdir. Mənim yaxın dostumdur, həm də yerlimdir. İstəsəniz, ondan xahiş edərəm sizə yazılan bu şeirə mahnı yazdırıb, oxuyar.
Dinara saçlarını dibən qırxdırıb başına parça papaq keçirən Yusif müəllimə baxdı. Yaşından xeyli gənc görünən, ətrafın diqqətini özünə çəkməyi bacaran, söhbətcil sənətkarın boy-buxununu süzdü:
– O da gələcək çay içməyə? – deyə soruşdu.
– Yox, yəqin ki, gəlməz. O burda tək deyil axı.
Yusifin çay məclisinə gələ bilməməsini deməyim, deyəsən, Dinaranın heç xoşuna gəlmədi.
– Amma mən ona desəm, bu şeirə musiqi yazdırar və oxuyar, – tez dedim.
Çayçı oğlan iki ədəd stəkan gətirdi, çaynikin qapağını qaldırıb baxdı:
– Yenisini gətirim? – soruşdu.
– Hə, – dedim.
Dinara, deyəsən, mənimlə düşünüşmüşdü. Təklifimə yenə də “mız” qoydu:
– Çay budur da, gətirdilər. Burada içirik, sənin otağında çay içməsək də olar, düz demirəm? – üzünü Rozaya tutdu. Roza dinmədi.
– Yaxşı, şairimiz bu şeiri hansınıza həsr edib?
– İkimizə də – Dinara dilləndi.
– Mənə verdi, dedi, bu sənə çatacaq. Dinara deyəndə ki, “bəs mən?”, o da dedi ki, elə hər ikinizə, sizin simanızda bütün Qazaxıstan qızlarına ithaf edirəm, – Roza dedi.
– Dinara, şeir sənə yazılmayıb deyə, paxıllıq edirsən.
Sonra üzümü Rozaya tutdum:
– Qızılgül, axşam sən tək gəl, bu şeiri sənin üçün bütünlüklə tərcümə edərəm, – Rozanın adını Azərbaycan dilinə çevirdim guya. Bu ona olan diqqətimin xüsusi olmasını sərgiləmək idi.
Roza razılaşmadı:
– Yox, biz tez yatırıq, incimə.
– Əmioğlu, yerin pis deyil ha, axşam bir vaxt elə, söhbət edək, – Yusif Mustafayev mənə göz vurub getdi.
Qazax qızları isə hələ də şeirin tərcüməsi ilə maraqlanırdı. Çar-naçar qalıb şeirin sonrakı bəndlərini oxudum:
Sənin gözlərinin qıyılmağında
dünyanı lap yaxşı görmək istəyin
Mənim ürəyimin bayılmağmda
sənin əməyin var, mənim mələyim.
Çayçıdan qələm-kağız istədim. Şeiri vərəqə köçürdüyümü görən Dinara bir qədər əsəbi halda soruşdu:
– Sən niyə onları yazırsan? Sonra da deyərsən ki, özün yazmısan. Axı dedin ki, sən də şairsən.
Dinaraya başa saldım ki, şeir o qədər gözəldir ki, əzbərləyəcəm, necə sizin xalq şairiniz Muxtar Şaxanovu, ruslardan Puşkini, özümüzdən Şah İsmayılı, Füzulini, S.Vurğunu və başqalarının şeirlərini əzbərləyirəm ha, bax elə.
Roza stəkanlara çay süzdü, qənddandan konfet çıxarıb nəlbəkimə qoydu.
– Doğrudan gözəl yazılıb? – sevinclə soruşdu.
– Hə, – dedim və vərəqi ona qaytardım, – mən sakitlikdə tərcümə edə bilərəm, burda səsdən qulaq tutulur.
Sanatoriyada istirahətimizin bitməyinə hələ çox qalır, inşallah, şeiri rus dilinə tərcümə edib ona verərəm. Bu, qızların qəlbinə eşq odu səpən şairimiz kimdir axı, düşündüm və marağımı gizlətmədim:
– Kimdir axı o şair Müzəffər?
– Yaşlı kişidir. Kitab da yazıb, əlindən yerə qoymur. Əsasən qadınlara şeir oxuyur. Kiminlə xoş münasibəti olsa, ona cibində hazır saxladığı vərəqlərdən verir.
Maraqlandığımı gördükdə isə söz verdilər ki, onu görən kimi mənə göstərəcəklər. Amma buna heç ehtiyac da olmadı. Səhəri gün şair Müzəffərlə dostlaşa bildim. Onu bir dəstə qadının əhatəsində gördüm, şeir oxuyurdu. Dinləyici kimi yaxınlaşdım. Diqqətlə qulaq asdığımı gördükdə niyə burada dayandığımı soruşdu. Deyəsən, gözü məndən su içmirdi. Ona şeirə qulaq asdığımı, şairin oxucusu olmaq istədiyimi dedim. Bir söz demədi…
Bu gün isə Roza və Dinara ilə söhbətim xeyli çəkdi. Məlum oldu ki, onların bura gəlməsini Kustanayda işləyən azərbaycanlı iş adamı məsləhət görüb. Dinaranın qardaşı ilə biznes ortağı olan Abbas adlı iş adamının məsləhəti ürəklərincə olub və budur, artıq bir həftədir ki, Bilgəhdə günəş vannası qəbul edir, prosedurlara daxil olurlar.
Roza doğrudan da mehribandır. Yaşı 40-a çatmayıb, ailəli olub. Tək oğlu artıq tələbədir. Hazırda nənəsinin yanında olan oğlu ilə hər gün danışdığını deyir.
Dinara isə dediyinə görə, karyerasını qurmaqla məşğuldur, ona görə də ona elçi düşənlərə hələ ki, “yox” deyir. Hər ikisi ali təhsillidir və eyni müəssisədə işləyirlər.
Onlara qazaxıstanlı dostlarım haqda danışıram, onlar haqda xoş sözlər deyirəm. Roza da borclu qalmaq istəmir, deyir ki, sizin adamlarda qadına böyük hörmət var:
– Elə burada da gördüm, hər kəs bizi nəyəsə qonaq etmək istəyir. Etiraz etdikdə də israr edirlər. Bu, yaxşı haldır, qonağa, qadına hörmət edirlər.
Mən isə bunun arxasında hansısa romantik və duyğulu hisslərin də olmasını istisna etməmələrini deyirəm. Sonra şair Müzəffərin şeirini təzədən alıb baxıram. Şeirin kuliminasiya nöqtəsindən əvvəlki bəndi dodaqlarımı qaçırır:
Günəşsən, Günəştək hər gün, hər səhər
bilirəm mənimçün doğulacaqsan
Mənim məhəbbətim Xəzərtək dərin
sən getmə dənizə, boğulacaqsan…
Rozanı inandırdım ki, şair sənə vurulub. Onunla tanış olduqda ağzını arayaram, görüm fikri ciddidir? Roza söz verdi ki, istəsən, onu axşam sənin otağına gətirərəm və şeiri birlikdə müzakirə edərik. Razılaşdıq. Amma şair Müzəffərlə Roza həmin gecə yox, növbəti gecə gəldi. Bu vaxta qədər isə şairlə özüm tanış olmuşdum.
Faiq Balabəyli
(Ardı var)