Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə elan etdiyi qrant müsabiqəsində Sosial İqtisadi və Ekoloji Tədqiqatlar Mərkəzi İctimai Birliyinin qalib olduğu “Qeyri-formal məşğulluğun sosial-iqtisadi fəsadları” adlı layihə çərçivəsində eyni adlı kitabça nəşr olunmuşdur.
Layihənin rəhbəri və nəşrin elmi redaktoru tanınmış iqtisadçı alim, i.e.d., professor Nazim İmanovdur. Kitabın yazılmasında iqtisadiyyat sahəsində tanınmış ekspertlər (iqtisad üzrə fəlsəfə doktoru (i.f.d.) , dosent Allahyar Muradov, i.f.d., dos. Rəsmiyyə Abdullayeva və i.f.d., dos. Mahir Zeynalov) iştirak ediblər.
Sosial İqtisadi və Ekoloji Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru (i.e.d.), professor Ramiz İsgəndərovun verdiyi məlumata görə, kitabça üç fəsildən ibarətdir. Birinci fəsildə qeyri-formal məşğulluğu şərtləndirən iqtisadi və sosial amillər, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə qeyri-formal məşğulluğun səviyyəsi haqqında ətraflı məlumat verilmişdir. İkinci fəsildə Azərbaycanda qeyri-formal məşğulluqla mübarizə, Azərbaycanda qeyri-formal məşğulluğun azaldılmasının təşkilati-hüquqi mexanizmləri şərh olunmuşdur. Üçüncü fəsildə Azərbaycanda qeyri-formal məşğulluğun sosial fəsadları, onun sosial təminata təsiri geniş təhlil edilmişdir.
Kitabça geniş oxucu kütləsi (tədqiqaqtçılar, ali və orta ixtisas təhsil müəssisələrinin müəllim və tələbə heyəti, jurnalistlər və s.) üçün nəzərdə tutulmuşdur.
Müstəqil.AZ