( Azadə Novruzovanın “Sən mənim ağ kitabım” şeirlər, esselər kitabı ətrafında düşüncələr)
Azadə Novruzovanın şeirləri uzun, intəhasız yola bənzəyir. Bu yolun başlanğıcı və sonu yoxdur. Yalnız əvvəli və sonu olmayan yolları poeziya yoluna bənzətmək olar. Məhz başlanğıcı və sonu bilinməyən yollar poeziya üçündür. Ünvanı məlum olan, mənzil başına çatan yollarda poeziya qurtarır.
Bu ünvansız yollar öz mənbəyini xəyallardan ,xatirələrdən başlayır, yağışda islanır, yuxularda azır, kədər dumanını yarıb keçir, həsrətə əlvida deyir, sevincin üzünə gülür və son nöqtəyə doğru” şütüyür”. Son nöqtədən isə qürbətdə qalan vətən qoxusu gəlir:
Ümid doğur o uzaq nöqtə,
Dözülməz sancı çəkir o uzaq nöqtə…
Məndən məni doğur…
O uzaq nöqtə…
Bu misralar son nöqtəyə çatarsa, oradan yeni yollar başlayar. Sevinci, şadlığı dünyaya, aya günəşə, ulduzlara daşıyan poeziya yolu… Azadə Novruzovanın poetik “marşrutu” dəqiq belədir. Yol onun şeirlərinin boyuna biçilib. Hər şeiri yeni bir yoldur-yolçu yolda gərək –deyib atalar:
Uzaq yollara çıxdım
Bəlkə azdıram dərdi…
*
Yolda bir yürüyənlər
Nədən olsunlar yoldaş?
Yoldan ayrılar yollar…
Bunu düşünmədin heç?
Poeziya gah daş kimi möhkəmdir, gah da qu tükü kimi yumşaqdır. Sözün daş üzü daha sərt olur. Amma şairənin şeirlərində ipək yumşaqlığı, meh həzinliyi var. Xüsusən lirik hisslər, duyğular şairənin ürəyindən sözə, sözdən isə şeirə çox rahat süzülür. Kədərli, hirsli, qəmgin notlar şeirə çevriləndə belə misralar sevinclə qolboyun olur, ümidə, insafa qucaq açır. Şairənin mövzuları ənənəvidir amma ifadə tərzi özünə görə fərqlidir. Şeirləri poetk ruhludur. Hansı ki, o poetik ruh, poetik qatqı ilk oxunuşdan özünü biruzə verir. Azadə Novruzova yaradıcılığında iddiasızdır. Gücü çatan qədər yazır. Necə deyərlər sözə su qatmır, ona görə də ifadə elədiyi bədii nümunələr təbii alınır;
Köçəri quş kimi gəldin ömrümə
Dimdiyində gətirdin xoşbəxtliyi.
Bu günümə dadızdırıb,
Tamarzı qoydun sabahımı.
Quşlar bəlli zamanlarda köç edər,
Sənsə qəfil etdin bunu
Solmamışkən çiçəklər…
*
Şairənin şeirlərində nifrətin imkanları sevgidən qat-qat aşağıdır. Ayrılığın əli sevginin ətəyindədir. Nə qədər uzaqlaşmaq istəsə da sevginin cazibə qüvvəsindən kənara çıxa bilmir. Belə ayrılıqlar elə də güclü nifrət püskürmür. Sevgililər arasında çəkişib bərkişməyə xidmət edir. Kədər isti əllərə qonan qar kimi tez əriyib yoxa çıxır… Azadə xanımın həyata baxışında qəribəlik, həm də anlaşıqlı bir mücərrədlik var. Bəzən obrazın elə yerindən vurur, deyirsən – əşşi burda nə var ki…Bir az keçməmiş obraz özü heç bir izaha ehtiyac olmadan düşüncənə yerləşir. Belə olan halda şairin poetik fəndi ilə razılaşmalı olursan.
Deyirəm ay olum, il olum, saralım, solum.
Bir şirin yuxuda qonağın olum
Yar, sənin dilində gileyin olum.
*
uyusun qırmızı məzarında,
qırmızı yuxularımın qırmızı sonu…
*
Saçların ayrılıq rəngində, gözlərin dəniz.
Ayrılıq olmasın adın…
Yandım ayrılıqlar alovunda,
Kül oldum, gülüm…
*
Azadənin şeirlərində vətən dərdi fərdi dərddən seçilmir. Əslində vətən dərdi insan dərdlərinin toplumudur.Vətənin ağrılarını şair özündə hiss eləməsə təsirli şeir yarana bilməz. Zatən də şairənin qəlbində hələ kiçik yaşlarından yurd ağrısı, Zəngəzur nisgili özünə yuva qurub. Sonralar bu ağrı acıların üstünə Qarabağ ağrısı, Xocalı faciəsi əlavə olunub. Şairə ürəyində meydan sulayan, taleyinin qəsdinə duran bu ağrılara sözlə məlhəm edib. Misralara yüklənən ağrı-acılar Vətənin harayına qoşularaq haqqın dərgahına üz tutublar. Bəndələr eşitməyən səsi gec də olsa Tanrı eşidib. Qarabağ işğaldan azad olunub, şairənin nisgili azalıb. Amma əcdadlarının uyuduğu torpaqda ruhların harayı göyün yeddinci qatını çoxdan ötüb keçib. Ola bilməz ki, Tanrı uzun sürən bu möhtəşəm harayı da eşitməsin. İnşallah:
Allah qapın hardadı
Yolumu ordan salım…
*
Əzizim kəsə gəlləm,
Çay üstdən kəsə gəlləm.
Dərdim Vətən həsrəti,
Hay verib, səsə gəlləm...
Xaliq Rəhiml