D vitamini immunitet sisteminin hüceyrə yenilənməsi üçün çox əhəmiyyətlidir. Həmin vitamin orqanizmdə günəş şüaları nəticəsində yaranır. Qış aylarında isə günəşli günlərə ara-sıra təsadüf edilir.
Publika.az xəbər verir ki, nadla xəbər verir ki, həkim-endokrinoloq Sadiq Bəbirov qış aylarında D vitamini qəbulu barədə danışarkən deyib ki, gün ərzində, xüsusilə də saat 10-15 arası bədəni − əsasən qollar, ayaqlar, əllər və üz nahiyəsini günəş şüalarının təsirinə məruz qoymaq faydalıdır. Araşdırmalara əsasən, sutkada təxminən 15 dəqiqə günəşlənmək gündəlik D vitamini ehtiyacını ödəmək üçün kifayətdir.
Həkim-mütəxəssis bildirib ki, D vitamini günəş şüalarının bədən səthinə düşməsi nəticəsində yaranır və Azərbaycanın iqliminə əsasən, D vitamini sentyabr ayına kimi qəbul edilir: “Qış aylarında isə yayda depolanan D vitaminindən istifadə edilir. Nəticədə, müəyyən müddət sonra orqanizmdə D vitamini çatışmazlığı yaranır. Yanvar-fevral aylarında orqanizmdəki D vitamini ehtiyatı minimuma enir. Eyni zamanda, xüsusilə virus infeksiyalarının və autoimmun xəstəliklərin intensivləşməsi də məhz həmin dövrə təsadüf edir”.
S.Bəbirovun dediyinə görə, günəş şüaları nəticəsində yaranan D vitamini uzunmüddətlidir: “Onun orqanizmdə qalma müddəti maksimum 6 aydır. Yəni, sentyabra qədər orqanizmə toplanmış vitamin D ehtiyatı yanvar-fevral aylarında bitmiş olur. Ona görə də xüsusilə qış aylarında həm uşaqlar, həm də böyüklərin D vitaminini dərman preparatları vasitəsilə qəbul etməsi lazımdır. Əlbəttə ki, D vitamini qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmə aparmaq və müayinə olunmaq mütləqdir”.