(CİNAYƏTKARLIQ VƏ CƏZA FƏLSƏFƏ MÜSTƏVİSİNDƏ)
II MƏQALƏ
“Əgər tarixdə hər hansı xalqdan onun cinayət hüququndan başqa bir şey qalmamışdırsa, təbiətşünas tapdığı sümüklərlə məhv olmuş heyvanın skeletini necə bərpa edirsə, biz də o hüquqa əsasən, həmin xalqın mədəni inkişaf səviyyəsini müəyyən edən bilərik”.
Georq Ellinek (alman hüquqşünası, filosof)
F. Dostoyevskinin yüz əlli ildir ki, insanları öz təsirində saxlayan “Cinayət və cəza” romanı nəşr olunduqdan az sonra Rusiyada “Raskolnikov sindromu” adlandırılan silsilə cinayətlərin sayı sürətlə artmağa başladı.
Bu cinayətlər əsasən yoxsul təbəqədən olan tələbələr, bəzən isə sadəcə, səfil həyatı yaşayan gənclər tərəfindən varlı qocalara qarşı həyata keçirilirdi. Ədəbi tənqidçilər tərəfindən bu günə qədər mübahisə predmetinə çevrilən “Raskolnikov haqlı idimi?”, “Dostoyevski Raskolnikovu qatil hesab edirdimi” suallarını bir kənara qoyaraq, deməliyik ki, bəzən, mənəviyyatımızı öz cazibəsi ilə fəth edən ədəbiyyat belə, insan ruhunun dərinliklərindən doğan problemləri sonadək həll etməyə qadir olmur. Oxucularını hörümçək ustalığı ilə psixoloji tora salan Dostoyevski, qəhrəmanının törətdiyi cinayət əməlinə heç bir şərh verməyərək, son sözü oxucunun ixtiyarına buraxır. Doğrudur, o, özü romanda işi qəsdən elə qurub ki, oxucuların böyük əksəriyyəti Raskolnikovu qatil adlandırmasın. Psixoloji dramatizmin ustası olan yazıçı, bu əsərində sanki Dekartın dünyanı yaradaraq, onun işinə qarışmayan tanrısı kimi davranıb.
***
Əlbəttə, biz “Cinayət və cəza”nı əbəs yerə xatırlamadıq. Hüquq elmləri doktoru, hüquq fəlsəfəsi problemləri üzrə tanınmış alim, həmyerlimiz, professor İlham Rəhimovun dünyanın bir çox dillərinə tərcümə edilən “Cinayət və cəzanın fəlsəfəsi” əsəri barədə bundan əvvəlki yazımızda söz açmışdıq. Professor İlham Rəhimov həm adıçəkilən kitabında, həm də hüquq fəlsəfəsi problemlərinə həsr etdiyi digər tədqiqat işlərində bəşəriyyətin əbədi problemlərindən olan cinayətkarlıq və cəza prosesinə üç müstəvidən yanaşır:
1. Hüquqi-tarixi,
2. Etik-fəlsəfi,
3. Sosial-psixoloji.
İlham Rəhimova görə bir çox mürəkkəb hüquqi problemlərin həllində fəlsəfənin müdaxiləsinə ehtiyac duyulur. Doğrudur, cinayət hadisəsi bilavasitə, hüquq elminin predmeti olsa da, söhbət insan həyatı və mənəviyyatından getdiyi üçün problem bütün tərəfləri: fəlsəfi, psixoloji, sosioloji, iqtisadi və siyasi əhəmiyyəti ilə birlikdə mövcud olur. İlham Rəhimovun doğru olaraq vurğuladığı kimi hər hansı bir cinayət hadisəsini sırf hüquqi nöqteyi-nəzərdən araşdırmaqla, onun tam mahiyyətini qavramaq mümkün deyil. Bir sözlə, hüquq, cinayət aktının qiymətləndirilməsində, spektrin çox vacib hissəsini təşkil etsə də, digər humanitar elmlərin köməyi olmadan onun gerçək mahiyyətini aşkara çıxarmaq mümkünsüzdür. Bəs, ümumilikdə, fəlsəfə niyə vacibdir? Bir nümunə göstərək.
Məlumdur ki, qədim və orta əsrlərdə Şərqdə əlbəyaxa döyüş növləri ilə məşğul olan idmançılara fiziki təlimlərlə bərabər fəlsəfə də öyrədilirdi. İnsanı bir yumruq zərbəsi ilə öldürməyi bacaran kunq-fu ustaları, döyüş sənəti ilə birgə onun fəlsəfəsini də mənimsəyirdilər. Fəlsəfə onlara fiziki gücü ədalətin, xeyirxahlığın bərpasına sərf etməyə kömək edirdi. Fövqəladə qabiliyyətlərə malik döyüş ustalarının qəbul etdiyi fəlsəfənin əsas məğzi “zəifi və günahsızı öldürmə, təbiətdə heç bir canlıya zərər vermə” formulu ilə ifadə olunurdu.
Bu misaldan belə anlaşılır ki, qədimdə fəlsəfə, tarixən gücün, zorakılığın qolundan çəkən bir vasitə olub. Deməli, fəlsəfə mahiyyət etibarilə insanlığın, xeyirxahlığın və ədalətin tərəfindədir. Bəs o, öz məqsədinə nə qədər nail ola bilib? Hə, bu, artıq başqa mövzudur.
***
Bu yazımızda isə biz görkəmli hüquqşünas və filosof İlham Rəhimovun cinayətkarlıq və cəzaya dair düşüncələri, eksperimentləri, ortaya qoyduğu nəticələr, cəza probleminin hazırkı vəziyyəti, o cümlədən, cəzanın gələcəyinə dair proqnozları ilə tanış olacağıq. Professorun “Cinayət və cəzanın fəlsəfəsi”, “Cinayətkarlıq və cəza”, “Cəzanın əxlaqiliyi haqqında”, “Ölməz ölüm cəzası” adlı kitabları insanlıq tarixinin cinayət və cəza problemini kökündən anlamağımıza yardım edir. Quldarlıq quruluşunun ilkin dövrlərindən tutmuş, indiki müasir liberal-demokratik cəmiyyətlərə qədər uzun bir yol gələn cəza hüququ mahiyyətcə nələri ehtiva edir? Alternativi varmı? Gələcəkdə ləğv oluna bilərmi?
İlham Rəhimov müəllifi olduğu “Cinayətkarlıq və Cəza” kitabında bu məsələlərə aydınlıq gətirmək üçün ilk öncə “cəza” anlayışının tarixinə nəzər salır. Müəllifə görə “cəza” məfhumu təkamülün bütün mərhələlərində dəyişikliklərə uğrayaraq, situasiyaya və dövrə uyğun müxtəlif anlamlar kəsb edib.
Bu anlamların fərqini dəqiq ayırd etmək üçünsə cəza aktının tarixini uyğun kateqoriyalara bölmək lazım gəlir.
İ. Rəhimov sözügedən əsərində cəza tarixinin təkamülü ilə bağlı məşhur hüquqşünas Enriko Ferrinin fikirlərinə istinad edərək yazır:
“Enriko Ferriyə görə cəza (bu söz altında cəmiyyətin cinayətkarlıqla mübarizədə istifadə etdiyi hüquqi tədbirlərin cəmi nəzərdə tutulur) öz təkamülündə dörd mərhələdən keçmişdir: primitiv mərhələ (müdafiə və qisas reaksiyası, fərdi və ictimai, bilavasitə və təxirəsalınmaz), dini mərhələ – (ilahi təsir mərhələsi), etik mərhələ – (orta əsrlər günahlardan təmizlənmə mərhələsi) və nəhayət, hüquqi mərhələ – (klassik məktəbin fərqləndirilmiş və aprior hüququ mənasında)”.
İ. Rəhimov E. Ferrinin bölgüsünü cəzanın təkamülü baxımından müsbət qiymətləndirərək, orta əsrlərdə artıq oturuşmuş cəza hüququnun tarixi mərhələlərini dörd qrupa ayırır:
1. Çezare Bekkaria – klassik məktəb
2. Çezare Lombroso – antropoloji məktəb
3. Enriko Ferri – cinayət sosiologiyası məktəbi
4. Marksizm təmayüllü sovet sosialist məktəbi .
Professor İ. Rəhimov “Cinayətkarlıq və cəza” kitabında XXI əsr hüquqşünasının gözü ilə bu məktəblərin varislik və qarşılıqlı təsir əlaqələrini, ziddiyyətləri və üstünlüklərini araşdırır. Həmin məktəbləri hüquq elminin gəlişməsində oynadıqları rol və cəmiyyətə faydalılıq prinsipləri açısından təhlil edərək, onlar arasında məntiqi anologiyalar aparır.
İlham Rəhimov da daxil olmaqla, dünyanın bir çox nüfuzlu hüquq mütəxəssisi öz elmi tədqiqatlarında klassik hüquq məktəbinin yaradıcısı, modern hüququn banisi Ç. Bekkarianın fikirlərinə geniş yer verirlər.
Bekkarianın 1764-cü ildə nəşr edilən “Cinayətlər və cəzalar” əsərinin müasir hüquq sisteminin əsaslarını formalaşdırması barədə araşdırmaçıların qənaəti əslində, birmənalıdır. Bəs Bekkaria yeni dövrün hüquq sisteminə nə kimi islahatlar tətbiq etmək istəyirdi? Opponentləri onu hansı fikirlərinə tənqid edirdilər? Əvvəla xatırladaq ki, Bekkarianın irəli sürdüyü əsas müddəalar ümumiyyətlə, mövcud cəzalandırma prosesinin mülayimləşməsi, müttəhimə qarşı qeyri-insani rəftarın qadağan edilməsi, gizli məhkəmələrin, işgəncə verilməsinin, şəxsiyyətin alçaldılmasına yönələn istənilən hərəkətin, məhkəmə məmurlarının özbaşınlığının, eləcə də cinayət əməli ilə nisbətdə cəzanın həddini aşmaması məsələlərini nəzərdə tuturdu. Beləliklə, hüquq ədəbiyyatına bu humanistləşmə və mülayimləşmə estetikasını gətirməsi ilə Bekkaria özünə çoxlu tərəfdarlar qazandı.
Lakin mütəfəkkirin edam cəzasının ləğvi barədə kəskin mövqeyi iki əsrdən çoxdur ki, müzakirə obyekti olaraq qalmaqdadır. Buna baxmayaraq, hesab edirik ki, edam cəzasını rəsmən ləğv etmiş ölkələrin əksəriyyəti Bekkarianın modelləşdirdiyi hüquq sistemini bu və ya digər formada qəbul etmişdir.
Həcmcə çox da geniş olmayan “Cinayətlər və cəzalar” əsərində ən böyük fəslin ölüm cəzası probleminə həsr edilməsi göstərir ki, cəza sistemində alimi ən çox məşğul edən məsələ məhz, ölüm cəzası olub. Bekkaria edam cəzasının cinayətkarlığın qarşısını almaq üçün effektiv vasitə olmadığını israrla sübut etməyə çalışırdı. O, ölüm cəzasının alternativi kimi ömürlük həbsi və ya ömürlük fiziki işlərə məhkumluğu təklif edirdi. Bekkarianın fikrincə, ömürlük və ya uzunmüddətli həbs cinayətkarın islah edilməsi və zərərsizləşdirilməsi baxımından cəmiyyətin xeyrinədir.
Ç. Lombroso başda olmaqla antropoloji məktəbin nümayəndələri isə ümumiyyətlə cəzalandırma prosesinin faydasızlığı ideyası ilə çıxış edirdilər. “Cinayətkar gen” hipotezinin müəllifi Lombroso irsi yolla ötürülən xəstə genlərin daşıyıcılarını (cinayətkarları- Ş.G.) cəzalandırmaqla deyil, müalicə etməklə zərərsizləşdirmək konsepsiyasını irəli sürürdü. Professor İlham Rəhimov hüquq fikir tarixinin iki böyük şəxsiyyəti olan Bekkaria ilə Lombrosonun iddialarında haqlı və mübahisəli hesab etdiyi məqamları sintezləşdirərək aşağıdakı analizi ortaya qoyur:
“Biz gördük ki, cinayətkarlıq problemləri ilə məşğul olan bütün müəlliflər insan fəaliyyətinin qanunauyğunluğunu qəbul etmiş və bu prinsipial müddəadan çıxış edərək, cinayətkarlıqla mübarizədə cinayət cəzasından istifadədə bəzi müvafiq dəyişikliklər təklif etmişlər. Lakin məsələ burasındadır ki, bu parlaq, dahiyanə fikir və təkliflər daha çox konstitusion xarakter daşıyaraq heç bir faktiki əsasla möhkəmləndirilməmişdir. Heç şübhəsiz, humanist ideyalar yalnız ictimai rəyə deyil, eyni zamanda qanunvericiliyə və ədalət məhkəməsinə də ciddi təsir göstərmişdir. Bununla belə cinayətkarlıq nəinki qalmaqda, hətta artmaqda davam edir.”
(İlham Rəhimov “Cinayətkarlıq və cəza”, səh: 39)
Beləliklə, İlham müəllimin yuxarıda qeyd etdiyimiz fikri elmdə olduqca vacib bir məsələni aktuallaşdırır: ilk baxışdan ideal görünən bu nəzəriyyələrin praktik tətbiqi mümkündürmü? Mümkün olsa belə, həmin ideyalar nə dərəcədə uğurlu nəticələrə gətirib çıxara bilər? Cəmiyyətin taleyini dəyişəcək qərarları intuisiya və hipotezlərmi, yoxsa elmi idrak və onun qanunları verməlidir?
Beləliklə, biz bu situasiyada hüquq fəlsəfəsinin ən problematik mövzularından olan “alternativ cəza yoxsa cəzaya alternativ?”dilemması ilə qarşılaşırıq.
Professor İ. Rəhimov o fikirdədir ki, cəmiyyətin mənəvi sağlamlığını təmin etmək hədəfi güdən nəzəri müddəaların bir çoxu real situasiyalarda uğurla tətbiq edilə bilmir. Yəni, empirik metodla təsdiqini tapmayan istənilən hipotezin hər an yanlış çıxma riski vardır. Bu mənada cinayətkara, öz əməlinin qarşılığında cəza əvəzinə hansısa alternativ əvəzçıxmanın tətbiq edilməsi ideyasının praktikaya çevrilməsi üçün görünür, bəşəriyyətə hələ çox zaman lazım olacaq.
Zərərin cinayətkarın fiziki və psixoloji əzaba məhkum edilməsi ilə deyil, başqa üsulla ödənilməsi nəzəriyyəsi əsasən, cinayət sosiologiyası məktəbi tərəfindən irəli sürülür. Cinayət sosiologiyası təliminin ardıcılları (List, Qoqel) cinayətkarın psixologiyası üzərində antropoloji və sosioloji tədqiqatların birgə aparılmasının tərəfdarı idilər.
Cinayətkarlığın mahiyyətində həm genetik, həm də sosial şərtlərin rol oynaması barədə düşüncələri İlham Rəhimovu qismən cinayət sosiologiyası məktəbinə yaxınlaşdırır. Lakin İlham Rəhimovun hüquq fəlsəfəsi son dərəcə rasionalist, hətta riyazi-proqnostik istiqamətdə inkişaf etdiyinə görə, onu cinayət sosiologiyasının yaradıcısı, idealist və ziddiyyətli Ferri ilə müqayisə etmək yanlışlıq olar. “Cinayətkarlıq və cəza” əsərində İ. Rəhimov E. Ferrini özü-özünü təkzib etməkdə, müəllifi olduğu cəzasızlıq nəzəriyyəsində konkret nəticəyə gəlməməkdə günahlandırır. İlham Rəhimova bu qərara gəlməyə əsas verən, E. Ferrinin “Cinayətin sosiologiyası” əsərinin ilk fəsillərində cəzanın səmərəsiz olması barədə irəli sürdüyü tezislər və əsərin sonlarına yaxın cəzanı əvəz edəcək alternativin tapılmaması, cinayətkarlıqla mübarizədə cəzasız keçinməyin mümkünsüzlüyü barədə ziddiyyətli fikirləridir.
İlham Rəhimov “Cinayətkarlıq və cəza”da oxucunu aşağıdakı qənaətə gəlməyə sövq edir: Bəli, cəza pisdir, lakin təəssüflər olsun ki, cinayətkarlıqla mübarizədə hələlik ondan effektiv üsul kəşf edilməyib.
Əlbəttə, cəzanın daha səmərəli və hər iki tərəfin hüququnu pozmayan ekvivalentinin tapılması bütün bəşəriyyətin arzu etdiyi bir kəşf olardı. Lakin boynumuza almalıyıq ki, özümüzü nə qədər yüksək sivilizasiyaya aid etsək də, ictimai münasibətlərdə, o cümlədən cinayət və cəza problemi ilə bağlı hələ də talion prinsipləri (dini hüquqda gözə-göz, dişə-diş qanunu) ilə hərəkət etməyə məcburuq. Lakin bu gerçəklik, cəzanı daha humanist və faydalı bir alternativlə əvəzetmə cəhdlərinə görə Ferrini, o cümlədən, cinayət sosioloji məktəbin digər görkəmli nümayəndələrinin xatirəsini hörmətlə anmağımıza maneə olmur.
Mütləq və nisbi cəza nəzəriyyələri barədə. Kantçılıq və utilitarizm.
Alman dahiləri Kant və Hegelin cəzalandırma məsələsinə baxışları, təəccüblü də olsa, talion prinsiplərinə – əvəzçıxmaya əsaslanır. Bekkarianın humanist görüşlərini tənqid edən Kant cəzalandırmada heç bir faydalılıq prinsipi güdmədən ədalətin təmin olunmasını və zərərçəkənlə zərərvermişin bərabərlik prinsipini önə çəkirdi. Kantın cəza prinsipi onun etik fəlsəfəsinin əsas mənbəyinə – qəti imperativə əsaslanır.
Cəzalandırma aktında Kant nəzəriyyəsinə qarşı çıxan məşhur filosoflardan bəlkə də ən birincisi ingilis hüquqşünası İ.Bentam oldu. İ. Bentam cəza aktının yaranması və şəraitinin üç şərtini irəli sürür:
a) Cəza cinayət nəticəsində vurulan zərəri ödəməyə qabil deyilsə, tətbiq olunmamalıdır;
b) Cəza çox da yüksək olmamalı, yəni cinayətkar tərəfdən yetirilən zərərdən artıq olmamalıdır;
c) Cinayətin nəticəsində yetirilən zərərin qarşısı cəza ilə deyil, daha ucuz üsulla alınarsa, o zaman cəzanı tətbiq etmək lazım deyildir.
(Yeri gəlmişkən, Bentamın 3-cü prinsipi islam hüququnda hər iki tərəfin razılığı ilə qan qisasının pul ilə ödənilməsi şərtinə – kəffarəyə uyğun gəlir).
Göründüyü kimi Bentam Kantdan fərqli olaraq, cəzalandırmada əvəzetməyə deyil, faydalılıq prinsipinə önəm verir. Ümumilikdə isə Bentamın nəzəriyyəsi “utilitarizm və ya ən böyük xoşbəxtlik prinsipi” adı ilə şöhrət tapıb. Qısacası, Bentamın fəlsəfəsi bütün canlıların ağrıdan qaçma və həzzə canatma intuisiyası ilə yaşadığı ideyaya əsaslanan hedonist dünyagörüşünü müdafiə edir. Bəs Bentamla Kant niyə yola getmirdi? Sadə bir misalla bu qarşıdurmanın məğzini aydınlaşdıra bilərik. Məsələn, yaxın dostlarından biri özünə yaraşmayan şlyapa geyinib və səndən bu geyimin ona yaraşıb-yaraşmadığını soruşur. Kanta görə, sən dostunun hansı cavabı eşitmək istədiyini nəzərə almadan, ona həqiqəti söyləməlisən. Bentama görə isə sən dostuna məhz, bu anda ona lazım olan, onu sevindirəcək cavabı verməlisən. Yəni, Bentam insanı xoşbəxt etmək üçün hətta yalan danışmağı qeyri-etik əməl saymır. Bu mənada Bentamın cinayətkarı cəzalandırma ilə bağlı ideyaları təbii ki, onun ümumi fəlsəfəsindən kənara çıxa bilməzdi. Ona görə də məntiqli olaraq, Bentamın verilən misaldakı nikbin konformizmi onun cəzalandırma metodikasında “mümkün qədər az incitmək” teoriyasının əsasını təşkil edir.
“Yalnız o cəzanı tətbiq etmək lazımdır ki, o, insan ruhuna daha çox təsir etsin, cinayətkara isə daha az əzab versin”- Ç. Bekkaria isə bu fikirdə idi.
Cinayətkara daha az əzab vermək məsələsində humanist filosofların mövqeyi təqdirediləndir, lakin ortada nədənsə hamının yayındığı bir sual dolaşır: Nədən, humanizm prinsiplərinin tətbiqindən danışarkən, yalnız cinayətkar tərəfin maraqlarından çıxış edilir? Xüsusilə, ölüm cəzasının sonsuz polemikalara yol açdığı bir ortamda İlham Rəhimov belə bir haqlı sualla opponentlərinə müraciət edir. İ. Rəhimovun fikrincə, ölüm cəzası əleyhdarlarının əsas arqumenti bu cəza növünün humanizmə deyil, gücə söykənməsi ilə bağlı iddialarıdır. Professor sözügedən problemə belə şərh verir:
“Birincisi, əgər biz ölüm cəzasını humanizmə zidd cəza növü hesab edib, cinayətkara qarşı humanist münasibət tələb ediriksə, onda cinayətdən zərər çəkənlər haqqında da düşünməliyik. Məgər cinayətkarın amansızlıqla öldürdüyü insanın iki, üç və daha çox uşağı ilə qalan həyat yoldaşına etinasız münasibət humanizmdir? Nədənsə, o anda biz ancaq caniyə qarşı humanizm haqqında düşünürük. Humanizm və ədalət o zaman zəfər çalacaqdır ki, dövlət qətlə yetirilmiş şəxsin ailəsini öz öhdəsinə götürmüş olsun.
İkincisi, əgər ölüm cəzası humanizmə ziddirsə, onda onu əvəz edən ömürlük azadlıqdan məhrumetmənin humanistliyi şübhəli və sual altındadır. Buna görə ölüm cəzasından onda imtina edərik ki, onun ən antihumanist cəza olduğuna əmin olaq. Ancaq heç də onun alternativinin ondan yaxşı profilaktik effekti yoxdur. Təəssüf ki, bu gün biz buna əmin deyilik. Şübhəsiz, ölüm cəzası ilə müqayisədə ömürlük həbs cəzası daha humanistdir”.
Bu düşüncələrində İlham Rəhimov öz məntiqli dəlilləri və inandırıcı arqumentləri ilə həm də ömürlük cəzanın müdafiçəsi, ustad Bekkarianı qismən müdafiə edir.
Bu sırada hesab edirik ki, İ. Rəhimovun qətlə yetirilmiş şəxsin ailəsinin dövlət tərəfindən himayəyə götürülməsi ideyası məhz, humanizm prinsipləri baxımından olduqca ədalətlidir. Yeri gəlmişkən, öz vətəndaşlarının sosial rifahını düşünən istənilən dövlət bu təklifdən yararlana bilər.
Cəzanın məqsədi. Qisasalma, yoxsa tərbiyələndirmə?
Akademik İlham Rəhimov cəzanın tətbiqi tarixini onun zaman-zaman yumşalması, humanistləşməsi xronologiyası kimi qiymətləndirir. Meyvə oğurluğuna görə edam cəzası kəsən “Drakon qanunları”ndan, müasir otellərə bənzəyən Norveç həbsxanasına kimi yol gələn dünya cəza hüququnun keçmişini araşdıranda İ. Rəhimovun nə qədər haqlı olduğunu görürük. Lakin hörmətli professor bu humanistləşmə prosesinin cinayətkarlığın azalmasında müsbət nəticə verməsinə şübhə ilə yanaşır:
“Bu humanistləşmə prosesi cinayətkarlıqla mübarizənin yaxşılaşmasına gətirib çıxarmamışdır. Bununla yanaşı qeyd etmək lazmdır ki, müasir cəzaçəkmə müəssisələrində cəzalandırmanın məzmununu təşkil edən əzab və iztirab kimi elementlər haradasa, yox olmaq üzrədir”.
İ. Rəhimovun fikrincə, bu elementlərin tədricən azalması cinayətkarlığın qarşısını alan bir vasitə kimi cəzanın çəkindirici təsirini getdikcə aradan qaldıra bilər:
“Heç şübhəsiz, təyin edilən və icra olunan cəza təbii olaraq, şüurlu şəkildə əzab və iztirab verilməsi mənasındadır. Lakin bu qəti şəkildə qisas deyildir, ədalətli əvəzçıxmadır. Bu gün biz ondan imtina edə bilmərik, əks halda, cəza öz təyinatını yerinə yetirməmiş olar”– deyə İlham Rəhimov haqlı olaraq, liberal kriminalistlərin müdafiə etdiyi aşırı yumşalmanın sonucda cəzasızlıq mühitinə gətirib çıxaracağından narahatlığını ifadə edir.
İlham Rəhimov kriminologiyada xüsusilə, cinayət sosiologiyası məktəbinin irəli sürdüyü “cəza əvəzinə islahetmə” təkliflərini xoşməramlı hesab etsə də, əslində, cəzalandırma ilə tərbiyələndirmənin mahiyyətcə, fərqli anlayışlar olduğunu əsaslandırır. Professor bu anlayışları iki kateqoriya üzrə sistemləşdirir:
Sitat:
“Cəzanın məzmununun elementi olaraq ağrı yetirmə məhz cəzanın icrası prosesində reallaşır. Tərbiyəvi xarakterli bütün digər tədbirlər cəzanın mahiyyət və məzmunundan doğmur, buna görə onları əzabverici təsir kimi şərh etmək mümkün deyil. Bu tərbiyəvi xarakterli tədbirlər şəxsə cinayət törətməsinə görə deyil, əzabverici təsirin yerinə yetirilməsinin cinayətkarlığın qarşısının alınmasında şüurlu əlavə tədbirlərə ehtiyacı olduğu üçün tətbiq olunur. Əzabvermənin reallaşdırılması cəzanın növündən asılı olaraq, məhkuma bilərəkdən müəyyən məhrumiyyətləri, iztirabları və məhdudiyyətləri yaşatmaqdır. Tərbiyəvi tədbirlər isə məhkumun hər hansı bir nemətdən məhrum edilməsi nəticəsini ifadə etmir və öz obyektiv xüsusiyyətlərinə görə əzabvermənin qaynağı deyil”.
(İ. Rəhimov “Cinayətkarlıq və cəza”, səh:127).
Göründüyü kimi İlham Rəhimov tərbiyələndirmə prosesinin cəzaya alternativ kimi təklif edilməsini düzgün hesab etmir. Yeri gəlmişkən, qeyd etmək istərdik ki, müasir dünyada mütləq azadlıq tərəfdarları azadlıqdan məhrumetmə cəzasının antihumanist mahiyyətini əsas gətirərək, onun ləğvini tələb edirlər. Məsələn, müasir amerikalı hüquqşünas, anarxist filosof Con Bleyk dövlətsiz cəmiyyət modelini təklif edir. Onun fikrincə, münaqişənin həlli üçün inzibati tədbirlərə, o cümlədən, polis müdaxiləsinə və s. ehtiyac yoxdur, iki və daha çox şəxs arasındakı konflikt arbitraj yolu ilə, yaxud aborigen qəbilələrin primitiv məhkəmə təcrübəsindən istifadə etməklə yoluna qoyula bilər. Primitivistlər, ekzistensialistlər, anarxistlər, mənbəyini Russodan götürən “əvvəl-axır təbiətə qayıdacağıq, sivilizasiyanın sonu yoxdur” tezisini yaşam fəlsəfəsinə çevirənlər, görünür, düşünməklə yox, yalnız istəməklə məşğuldurlar.
Bəs həbs cəzasının ləğvi hansı nəticələrə gətirib çıxara bilər? Professor İ. Rəhimov bu barədə yazır:
“Hazırda azadlıqdan məhrumetmə müəssisələri– cinayətdən çəkindirmənin başlıca və demək olar ki, yeganə vasitəsidir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, cinayətdən çəkindirmək üçün əzabvermə, qorxutma, təhdidetmə xarakteri daşıyan digər tədbirlərin alternativinin düşünülüb tapılması üçün indiyə qədər edilən bütün cəhdlər hələlik heç bir səmərə verməmişdir. Bu da bir həqiqətdir ki, azadlıqdan məhrumetmə cəzasının uzunmüddətli tarixi onun təsir qüvvəsinin az səmərəli olduğunu əyani surətdə sübut edir. Bəziləri də bu cəza növünün artıq iflasa uğradığını təsdiq edirlər. Qanunvericilər, hakimlər, hüquqşünas alimlər və təbii ki cəzaçəkmə müəssisələrinin əməkdaşları da qəti olaraq bu cəza tədbirləri ilə bağlı məsələlərdə konkret nəticəyə gələ bilmirlər. Çünki bu cəza növü nəinki insanları azad olduqdan sonrakı normal həyata hazırlayır, tam əksinə, onları bu həyat üçün yararsız hala salır. Buna baxmayaraq, azadlıqdan məhrumetmə cəzasından imtina etmək, cinayətdən çəkindirici gücə malik sonuncu vasitəni də itirmək deməkdir”.
Sitatdan göründüyü kimi professor İ. Rəhimov liberal dövlətlərin gələcəkdə üzləşəcəyi çox ciddi bir problem barədə xəbərdarlıq edir. Bu, müəllifin də şəxsən, vurğuladığı kimi humanizmin tələblərinə görə cəzaçəkmə müəssisələrində həyat şəraitinin yaxşılaşdırılması, cəzaların yumşaldılması, həbsxanalarda komfortlu şəraitin yaradılması nəticəsində cəzasızlıq mühitinin yaranacağı ilə bağlı narahatedici proqnozdur. Alimin müşahidələrinə görə, proses bu templə davam edərsə, insanlarda həbsxana həyatının azadlıqdakından daha yaxşı olması qənaəti yarana bilər ki, bu da cəmiyyətin təhlükəsizliyi və mədəni inkişafı yolunda əngəllər deməkdir.
İlham Rəhimovun cinayət hüququ sahəsində araşdırdığı əsas problemlərdən biri də cinayətlə cəzanın uyğunluğu məsələsidir. Alim cinayət və cəzanın uyğunluğunun qiymətləndirilmə meyarları qismində, ilk növbədə anlayışlar arasında tənliyin ümumi başlanğıclarını, yəni, onun prinsiplərini aydınlaşdırmağı təklif edir. İ.Rəhimova görə cəmiyyətdəki mənəvi dəyərlərlə cəzanın ağırlıq dərəcəsi arasında bərabərlik nisbətinin qiymətləndirilməsində ikili funksiya yerinə yetirən ədalət prinsipi əsas meyar kimi çıxış etməlidir:
“Birincisi, ədalət prinsipi cinayət-hüquqi sanksiyanın yuxarı həddinin məhdudlaşdırılması rolunu yerinə yetirəcək. İkincisi, o cəzanın minimum həddinin, onun aşağı sərhədinin müəyyən olunmasına təsir edəcək.
İnsanların mümkün qədər az iztiraba, məhrumiyyət və məhdudiyyətlərə məruz qoyma istəyini qəti prinsip olaraq görən bir cəmiyyətin özünü ədalətli, qanuni adlandıra biləcəyi mövqeyindən çıxış etmək lazımdır. Ən başlıcası, ədalət prinsipinin cəmiyyətə ayrı-ayrı fərdlərin maraqları naminə ümumi rifaha kömək üçün insanlardan tez-tez istifadə olunmasına imkan verməməsidir”- deyə müəllif qeyd edir.
Cinayətlə cəzanın uyğunluğunun müəyyən edilməsində ikinci prinsip Ç. Bekkarianın tezisidir. “Cəzaların sərtliyi toplumun real vəziyyətinə uyğun olmalıdır”. (İ. Rəhimov “Cinayətkarlıq və cəza” 226.səh).
Üçüncü prinsip isə cəza təyini zamanı cinayətkarın şəxsiyyətinin nəzərə alınmasını tələb edən humanizm prinsipidir. İ. Rəhimovun fikrincə, cəzalandırmada humanizm prinsipinin əsas funksiyalarından biri cəzanın sərtliyi və ya yumşaqlığından daha çox onun qaçılmazlığı, cinayətkarlığın ifşası və başqalarını cinayət törətməkdən çəkindirmə mexanizminin olmasıdır.
Professor düşünür ki, əslində, humanizmi – ədalət prinsipinə uyğun olaraq verilən cəzanın müəyyən qədər yüngülləşdirilməsi kimi başa düşsək, onsuz da bu, son vasitə olaraq, cəzanın amansızlıqla deyil, optimallıqla tətbiq olunmasına gətirib çıxaracaq.
Cəzanın ilahi mənşəyi
Əvvəlcədən vurğulamışdıq ki, İlham Rəhimov təkcə hüquqşünas kimi deyil, eyni zamanda ictimai-sosial elmlərin aparıcı tədqiqatçısı kimi də dəyərli araşdırmaların müəllifidir. Yaradıcılığının mühüm bir hissəsini cinayət və cəza probleminə həsr etdiyi üçün onu, hüququn Dostoyevskisi də adlandıra bilərik.
İ. Rəhimov tədqiq etdiyi humanitar elm sahələrinə aid istənilən problemə sistemli yanaşdığına görə sosial elmlərin ayrılmaz hissəsi olan teologiyanın da mövqeyini mütləq nəzərə alır. O, demək olar, cinayət və cəza problemlərinə həsr etdiyi bütün əsərlərində dinlərin hüquq tarixində oynadığı rolu obyektiv şərh etməkdə maraqlıdır.
Bilirik ki, monoteist dinlərdə insan öldürmək (tanrının verdiyi cana qıymaq) ən ağır günahlardan biri hesab olunur. Tövratda və Quranda yazılanlara görə, qatil bu dünyada ölüm cəzasına, axirətdə isə tanrının əzabına düçar olacaq. Zamanı biraz da irəliyə çəksək, Talion qanunlarında əks olunmuş “gözə- göz, dişə-diş” prinsipinin tarixi ardıcıllıqla ilk öncə iudaizmə, oradan da xristianlığa və islama ötürüldüyünü görə bilərik. Günahkarın cəzalandırılması məsələsində təkallahlı dinlərdən xristianlığın mövqeyi nisbətən daha mürəkkəb və konkret tezislərlə əsaslandırılmamış şəkildədir. Bu detal İ. Rəhimovun da düzgün olaraq vurğuladığı kimi, xristianlığın ilkin dövrlərinə (humanizm dönəmi) aid zamanları əks etdirir. Mənbələrə görə Həzrəti Musa və Məhəmməd peyğəmbərdən fərqli olaraq, İsa Məsih öz təlimində cəmiyyət idarəçiliyi və siyasi məsələlərdən danışmırdı. O, öz fəlsəfəsini yaradanın insana sevgisi və insanlar arasında əbədi barış ideyası üzərində qurmuşdu. Bu mülahizələrə əsasən, İsanın təliminin, yəni xristianlığın orijinal versiyasının ortodoks xristianlıqdan kəskin dərəcədə fərqləndiyini iddia edə bilərik. “Bağışlaya biləcəyin qədər bağışla” düsturunun müəllifi olan bir şəxs necə eyni zamanda inkivizisiya edamlarını həyata keçirən kilsə doktrinasının ideoloqu ola bilərdi? Əlbəttə, inandırıcı deyil. Ona görə də “İncil” ardıcılların müxtəlif dövrlərdə topladıqları qədim əlyazmalardan ibarət ədəbi mətnlər kimi iki hissədə, “Əhdi-Ətiq” və “Əhdi-Cədid”də cəmləşib. Şübhəsiz ki “İncil”lə müqayisədə, “Tövrat” və “Qurani-Kərim” daha konkret maddələrə əsaslanmış, vahid ideya xətti və dəqiq prinsipləri olan dini konsepsiyalardır. Bu dinlər öz dövrlərinə görə nizamlı və ədalətli qanunlara malik idilər. Bəs bu gün müasir dünyada hər hansı ictimai problemin çözülməsində dinlərin həlledici rolu varmı? Quldarlıq quruluşunun qanunvericiliyi ilə robototexnologiya erasına qədər gəlib çatan dini doktrinalar, təbii olaraq, modern hüquq sistemində hər hansı mövqeyə malik deyil. Çünki müasir cəmiyyətlər ilahi-metafizik vəhylərlə yox, dünyəvi-sekulyar qanunlarla idarə olunur. Əlbəttə, bütün bunları müxtəlif ictimai-siyasi, sosial sistemlərin formalaşmasında dinlərin rolunu azaltmadan söyləyirik.
Bunu da qeyd edək ki, Avropada burjua inqilabı ilə nəticələnən yeni dövr maarifçilik hərəkatı kilsə hakimiyyətinə qəti şəkildə son qoysa da, Şərqdə, xüsusilə də ərəb coğrafiyasının ictimai-siyasi həyatında islam fundamentalizminin təsirinin azalması indiyədək mümkün olmayıb, reformasiya cəhdləri daim iflasa uğrayıb.
Maqnitin iki qütbü
Yazını yekunlaşdırmazdan əvvəl Azərbaycanın və Rusiyanın görkəmli alimi, respublikamızın Əməkdar Hüquqşünası, hüquq elmləri doktoru, bir çox beynəlxalq dərəcəli mükafatların sahibi, akademik İlham Rəhimov haqqında bir neçə kəlmə demək istərdim. Öncəki abzasda da vurğuladığımız kimi, İlham müəllim ixtisasca hüquqşünas olmasına baxmayaraq, fəlsəfə və onun əhatə dairəsindəki elmlər sahəsində də beynəlxalq nüfuza malikdir. O, elmi tədqiqatlarında müqayisəli təhlil metodunu uğurla tətbiq edən və bu metodla hüququn fəlsəfi problemləri sahəsinə yeni yanaşmalar gətirən görkəmli alimlərdəndir.
İlham Rəhimov mürəkkəb nəzəriyyələri təkmilləşdirən reformator, özünəqədərki elmi düşüncələri idrakının hüdudlarında genişləndirən filosof, mükəmməl yazı intonasiyasına malik yaradıcı qələm adamıdır.
İ. Rəhimov hüquq elmini fəlsəfənin bətnindən doğulmuş və təbii təkamül nəticəsində ondan ayrılmış müstəqil elm sahəsi kimi xüsusi dəyərləndirir. Bu səbəbdən də fəlsəfə daim onu cəlb edir, gənc hüququn cavab tapa bilmədiyi əbədi suallara qocaman fəlsəfədə cavab axtarır. Söz yox ki, hüququn məntiqi insandan praqmatik düşüncə tərzi, rasional təfəkkür tələb edir. Fəlsəfə isə həm praqmatik, həm də nəzəri bilgilərlə inkişafdadır, rasional təfəkkürlə yanaşı irrasionallığı, elmi idrakla yanaşı hissi idrakı da bilik mənbəyi kimi qəbul edir və bütün paralellərdə gedən mübahisələrə söz haqqı tanıyır. Dünya fikir tarixində yalnız universal zəka sahibləri maqnitin hər iki qütbündə gəzişməyi bacarıb. Cinayətkarlıqla mənəviyyatı, fəlsəfə ilə teologiyanı, elm ilə dini ortaq nöqtəyə gətirməyi, yaxud birini digərinə əngəl etmədən eksperimentlərə cəlb etməyi, məhz, İlham Rəhimov kimi maqnitin hər iki qütbündə addımlamağı bacaran şəxslər gerçəkləşdirə bilər. Maqnitin bir üzü insanı kamilləşdirən Şərq, o biri üzünü isə dünyanı təkmilləşdirən Qərb obrazında simvolizə edilsə, fikrimiz daha da aydın olar.
Son olaraq, əsərləri ilə hüquq fəlsəfəsi xəzinəsini zənginləşdirən İlham Rəhimovu qarşıdan gələn yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ustada uzun və sağlam ömür, tükənməz enerji arzulayıram!
Redaksiyadan: Müstəqil.Az olaraq çox hörmətli İlham Rəhimovu 70 yaşının tamam olması münasibəti ilə təbrik edirik, yaradıcılıq uğurları, ictimai və siyasi həyatında müvəffəqiyyətlər arzulayırıq. Çox yaşasın, xoş yaşasın.