Vaksin vurulmayan vətəndaşlar çoxluq təşkil etdiyi üçün yoluxma da tez baş verir.
Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında infeksionist Ləman Qalimova deyib.
“Qızılca yoluxduruculuq qabiliyyəti çox güclü olan virusdur. Peyvəndləşdirilmə əsasən 1-6 yaş aralığında aparılır. Vaksin vurulmayan vətəndaşlar çoxluq təşkil etdiyi üçün yoluxma da tez baş verir və artır. İnsanın immun sistemində qızılcaya qarşı qoruyucu yoxdursa, vaksinasiyası olmayan uşaqlar, hamilələr, onkoloji xəstəlikdən əziyyət çəkənlər, revmatoloji xəstəliklər, kimya terapiyası etmiş xəstələr, orqan transplantasiyası olan xəstələr qızılcaya tez yoluxur. Bu kimi xəstəlikdən əziyyət çəkənlər qızılcaya yoluxduqda çox çətinlik çəkirlər. Sağalsalar belə, qızılcanın əlamətləri, zəiflik, qızdırma onlarda bir müddət davam edir. Qızılca xəstəliyinə yüngül xəstəlik kimi baxmağı tövsiyə etmirəm. Qızılcanın ağırlaşmaları var – meningit, ensifalit, sətəlcəm kimi. Ona görə bir daha valideynlərə müraciət edirik ki, uşaqların həyatını təhlükəyə atmasınlar”, – infeksionist qeyd edib.
Qızılcaya yoluxmamaq üçün kütləvi yerlərdən uzaqlaşmağı məsləhət görən infeksionist bildirib ki, qızılcanın spesifik müalicəsi yoxdur:
“Yoluxmamaq üçün birinci vaksinasiya etmək lazımdır. Gigiyenamıza diqqət etməliyik. Əllərimizi təmiz saxlamalıyıq, maska taxmalıyıq, kütləvi yerlərdən, xüsusilə də qapalı yerlərdə olan kütləvilikdən uzaqlaşmaq lazımdır. Heç bir dərman vasitəsi qızılcanı sağaltmaqda üstün deyil. Əgər artıq yoluxma varsa, dərhal müalicə alınmalıdır. Xəstəliyin ağırlaşmasına görə müalicə üsulları da dəyişir”.