Qızlar heç böyümürlər ki… – Sona Vəliyevanın doğum gününə – Sabir Rüstəmxanlı yazır

Qızlar heç böyümürlər ki… – Sona Vəliyevanın doğum gününə – Sabir Rüstəmxanlı yazır

Bütün yorulmaz yaradıcılıq fəaliyyətini ədəbiyyatşünas alim, şair, nasir, jurnalist, maarifçi kimi ağır çəkili sözlərin altına sığışdırmaq mümkün olmayan dəyərli Sona xanım Vəliyevanın “Ömrün yaddaşı” kitabını vərəqləyəndə onun kövrək ürəyi, zərifliklə çağlayan duyğuları, bu zərifliyin içində  möhkəmlənmiş qadın xarakteri və böyük Vətən sevgisi yenidən məni qürurlandırdı. Bu keyfiyyətlər ilk şeirlərini oxuduğum vaxtdan Sona xanımı mənə doğmalaşdırıb, onu ailə dostumuza çevirib.

“Ömrün yaddaşı” kitabı müxtəlif ölkələrdən olan və Sona xanımı tanıyan, sevən, əsərlərini başqa dillərə çevirən, nəşr edən, haqqında biri-birindən maraqlı yazılar yazan çoxsaylı qələm əhlinin fikirlərinin toplandığı bir yaddaş toplusu, söz saxlancıdır. Həmin fikirləri oxuduqca qadın ədəbiyyatımızın bu görkəmli təmsilçisinin müxtəlif dillərə çevrilmiş əsərlərinin belə sevgi ilə qarşılanmasına sevindim; həm də ona sevindim ki, Sona xanımın sözü, fəaliyyəti və insani keyfiyyəti haqqında indi deyilənlərin çoxu mənim hələ 2011-ci ildə onun “Arazbarı” adlı şeir kitabına ön sözdə yazdıqlarımla üst-üstə düşür… Bu, Sona xanımın poeziya yolunda və ədəbi-elmi axtarışlarında ardıcıllığının, özünə məxsus bədii-estetik, mənəvi dəyərlərə bağlılığının əlamətidir.

Sona xanıma yazılan ürək sözləri sırasında 2018-ci ilin 30 mayında, yəni doğum günündən bir gün sonra ona göndərdiyim məktubun da yer alması məni təəccübləndirdi. Düzünü deyim ki, həmin təbrikimi unutmuşdum. Sona xanımın bu məktuba dəyər verib qoruması və özünə əsl yubiley hədiyyəsi olan kitabında yerləşdirməsi xoş bir gözlənilməzlik oldu.

Məktubda mən öz həmkarıma “Əziz bacım!” deyə müraciət edirəm. Bu müraciət yalnız səmimiyyət və münasibətlərin təmizliyindən doğmur, həm də bacı doğmalığını Sona xanımın özünün qazandığını göstərir.

Məktubda yazmışam “…bundan əlavə, Sizi həm də öz dərd ortağım, söz və vətəndaşlıq cəbhəsində silahdaşım bilirəm. Bu məsələdə həyat yoldaşınızın yüksək vəzifəsi və imkanlarınız Sizi zərrə qədər dəyişməyib”.

Aradan dörd il keçib o yüksək vəzifə də, imkanlar da arxada qalıb, lakin Sona xanım yenə də dəyişilməyib və onunla ruh qohumluğumuz, silahdaşlığımız o vaxt olduğundan daha möhkəm şəkildə davam edir. Çünki insanın dəyəri onun içindəki ilahi nurundadır, “qəlb evinin Allah evi” olmasındadır, millətinin böyük ideallarına bağlılığında və bu ideallar uğrunda fədakarlıqla çalışmasındadır; öz ləyaqətini qorumasında, adamları sevməsində, xeyirxahlığında və yaxşılıq etmək bacarığındadır… başqa şeylərdə yox! Sona xanımın simasında bu yazdıqlarıma gözəl ana və ailə başçısı, yaxşı və pis gündə həyat yoldaşına, yaxınlarına dayaq olmaq, məktəb açmaq, tariximizdə haqqı tapdalanmış kişilərə mənəvi övladlıq etmək kimi, Azərbaycan qadınlığına xas əvəzsiz keyfiyyətləri də əlavə edə bilərəm…

O məktubda yazdığım kimi “İlk tanışlığımızdan üzü bəri mənim gözümdəki Sona xanım daim böyüdü, yüksəldi, yeni özəlliklərlə bəzənib daha da gözəlləşdi, dayandığı ucalıqda ildən-ilə möhkəmləndi”.

Və insan olmanın gözəlliyi və əzablarını daha dərindən duydu:

 

Aşıq möhnətindən,

eşq həsrətindən,

məkrli insanların

“dost” xəyanətindən,

saxta məhəbbətlərdən,

təmənnalı ünsiyyətlərdən,

umacaqların bitdiyi yerdən,

yorğunluqdan sıyrılıb

…ağappaq buluddan

tikilən evimə,

sənə dönürəm,

evdəsənmi, İlahi?

 

Əslində İlahiyə dönüş bu şeirdən və bəzi başqa şeirlərindən də göründüyü kimi, müəllifin özünə və sözünə, mənəvi kamilliyə, pisliklərin və riyakarlıqların yetişə bilməyəcəyi bir ucalığa dönüşdür. Çünki bu dünyada “Bir Allah, bir söz vəfalı” qənaəti zamanın sınaqlarından çıxmış bir həqiqətdir…

“Ömrün yaddaşı” kitabını oxuduqca görürəm ki, qalxmalar, enmələr Sona xanımı dəyişməyib, əksinə, möhkəmləndirib, bu kitabda sözü daha qətiyyətli və yetkin, şeirlərinin ruhu daha güclü və metafora sistemi daha əlvan və ilhamlıdır.

 

Sevinc verib, qəm çəkdim,

Yerdən öncə mələkdim…

 

Bu kitabda da xeyirxahlıqlar edib namərdlik görən, şərdən, böhtandan qəlbi qırıq-qırıq olan qadının, ananın mələk ruhunu itirmədiyini göstərən və bunun bədii ifadəsi olan şeirlər çoxdur. Bu, əslində yüzillər boyu xaraktersizliyə, cəhalətə, şüursuzluğa, milli ləyaqətin unudulması bəlasına qarşı vuruşan Azərbaycan poeziyasının kamil insan yetişdirmək istəyinin, haqqa, Tanrıya, böyük ideallara bağlı şəxsiyyət axtarışlarının davamıdır.

İnsan və Tanrı haqqında düşüncələr, Vətən sevgisi və Qələbə sevinci, ömür yolunun unudulmaz anları, həyat fəlsəfəsi, təbiətə heyranlıq, repressiya qurbanı olan böyük qələm sahibləri haqqında düşüncələr, COVİD qayğıları, qardaş türk ellərində doğulan duyğular Sona xanımın poetik dünyasının genişlıyini və onun söz ustası kimi kitabdan-kitaba böyüdüyünü aydın göstərir.

“Ömrün yaddaşı” Sona xanımın poetik istedadına şübhə ilə yanaşanlara tutarlı cavabdır. Uşaqlıq və gənclik yolları, uzaqlarda qalmış ata ocağı, kəndlə şəhər arasında, Arazın o tayı bu tayı arasında keçən bir ömrün çırpıntıları Sona xanımın şeirlərini qadın poeziyamızın min illik “qəm karvanı”na qoşur. Onun da ürəyi İlahi eşqlə və dünyanın vəfasızlığı haqqında kədərlə doludur və bunu özünəməxsus bir üslubla ifadə edir. Bütün şeirlərində, haqqa, Tanrıya bir hesabat ruhu var.

Bu kitab həm də Sona xanımın bütün yaradıcılıq yoluna işıq tutur, mətbuatla, təhsillə bağlı xidmətlərini, elmi fəaliyyətini, Hüseyn Cavid irsinin öyrənilməsi, nəşri və müxtəlif ölkələrdə təbliği sahəsindəki son dərəcə əhəmiyyətli işlərini yada salır.

Sona xanım yaradıcılığının ayrıca vurğulanmalı bir sahəsi də onun böyük Həsən bəy Zərdabi haqqında qələmə aldığı iri həcmli “İşığa gedən yol” romanıdır. Romanın rusca nəşrinə köhnə dostumuz, akademik Georgi Pryaxinin yazdığı ön sözdə əsəri belə dəyərləndirir: “Romanda o illər Azərbaycanının həyat mənzərələri, yeni milli, müəyyən dərəcədə “xalqçı” ziyalıların meydana çıxması, adları bu gün də yaşayan və müqəddəsləşən o zamankı milli-mənəvi rəhbərlərin xarakterləri, durumları və formalaşmaları Şərqsayağı, koloritli, duzlu təsvir olunub”. Dəqiq qiymətdir.

Bütün bunlar göstərir ki, Sona xanım ömrünün müdrik yaşına qədəm qoyarkən əlini ürəyinin üstünə qoyub qürurla deyə bilər: “Şükür, mən öz ömrümü ləyaqətlə yaşadım, sözümlə, əməyimlə yorulmadan xalqıma xidmət etdim…”.

Sona Vəliyeva tez-tez müraciət etdiyi gilas çiçəkləri, quş nəğməsi, çiçəkli ümidlər, qanadlı dualar, xəyanət qorxusu, lalə yükü kimi obrazları və bütövlükdə şeirlərinin kövrək ruhu ilə yetkin yaşında də gənc ruhlu bir xanımdır. Maraqlıdır ki, qızlar bütün yaşlarda kövrəklikləri, incə duyğuları, ocağa bağlılıqları, ata-ana sevgiləri ilə öz uşaq xasiyyətlərini qoruyub saxlayırlar. Nədənsə, çoxdan nənə olan bacılarıma da həmişə uşaq gözüylə baxıram. Qızlar heç böyümürlər ki!..

 

25.05.2022

Share: