Qlobal iqlim dəyişmələri nəticəsində su təminatında çətinliklər yaranıb

Kənd təsərrüfatının inkişafını susuz təsəvvür etmək mümkün deyil.

xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə kənd təsərrüfatı nazirinin müavini Sərvan Cəfərov deyib.

O bildirib ki, son illərdə qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində mənbələrdə su ehtiyatının azalması aqrar sahənin su təminatında bir sıra çətinliklərin əmələ gəlməsi ilə nəticələnib: “Rəsmi torpaq balansına əsasən, ölkəmizin ümumi kənd təsərrüfatına yararlı torpaq sahəsi 4,78 mln. hektar (55%), bunun 1.48 mln. hektarı isə suvarılan torpaqlardır. Demək olar ki, kənd təsərrüfatı məhsullarının 80-90 faizi, o cümlədən ixracyönümlü kənd təsərrüfatı məhsullarının hamısı suvarılan torpaqlarda becərilir.

Su Komissiyasının tapşırıqları əsasında ölkə üzrə aqrar islahatların həyata keçirilən infrastruktur layihələri ilə uzlaşdırılması, su ehtiyatlarının mövcud vəziyyətinin dövri təhlilinin aparılması və tənzimlənməsi sahəsində operativ qərarların qəbul olunması istiqamətində Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında qurumlararası koordinasiyalı fəaliyyət təşkil olunub. Eyni zamanda yerlərdə kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün suvarmanın növbəlilik əsasında təşkil edilməsi üçün Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli idarələrinin və sudan istifadə edənlər birliklərinin fəaliyyəti əlaqələndirilib, yazlıq və payızlıq əkinlər üzrə suvarma qrafiklərinin tərtib olunması ilə əlaqədar mütəmadi işlər aparılır. Prezidentin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nına uyğun olaraq nazirlik öz işini əsasən su istehlakçılarının marifləndirilməsi, sudan qənaətli istifadənin təşviqi, idarəolunan (müasir) suvarma sistemlərinin tətbiqi, resursların dayanıqlı istifadəçiliyinin təşviqi istiqamətində qurub.

Su resurslarının səmərəli istifadəçiliyi təminatı üçün əsas prioritet hədəfimiz sututarların artırılması, suvarma şəbəkələrinin əsasən qapalı sistemlər vasitəsilə qurulması və fermerə təzyiqli su təminatı imkanı yaratmaqla onların idarəolunan suvarma sistemlərinin istifadəçiliyinə təşviq edilməsidir. Hazırda ölkədə müasir suvarma sistemlərinin tətbiq olunduğu sahə ümumi suvarılan torpaqlara nisbətdə 8% olmaqla, 120 min hektar təşkil edir və həyata keçirilən suvarma infrastrukturu layihələrinin icrası fonunda bu göstəricilərin qarşıdakı illərdə əhəmiyyətli dərəcədə artacağı istisna edilmir”.

Share: