QOCAMAN ÇİNAR – Əfşan Yusifqızı yazır

QOCAMAN ÇİNAR – Əfşan Yusifqızı yazır

Bu gün Dədə Qorqud ömürlü, Xalq yazıçısı Anar müəllimin doğum günüdür. Bu qocaman çinarın kökü Göyçayda, özü Bakıda şaxələnib, nəhəngləşib.

 

Can sağlığı və 100 il ömür arzulayıram fenomen yazıçımıza.
Həmçinin Anar adının da doğum günüdür. O üzdən;
ANAR AZƏRBAYCANDIR!

“Göyçay” yazarlarına həsr etdiyim poemadan ANAR müəllimə aid olan misralar…..

**
Xəritədə qartal görünən Vətən,
Qartalın ürəyi Göyçay özüdür.

Uludan uludu tarixi,yaşı,
Nadir şah oylağı, ərən düzüdür.

Hun dağı, tarixin, əsrin yaşıdı,
Neçə-neçə ömürləri daşıdı.

Əsr-əsr yeriyibdir, Göyçayım,
Nəsil- nəsil yeriyibdir, Göyçayım.

Şairlər yurdudur yaranışından,
Əsərlər göyərir hər bir daşından.

Mələklərə bağlanıbdır əzəldən,
Körpələri laylalıdır qəzəldən.

Rəsul Rza yetiribdir bu diyar,
Sevgi baxçasının gülüydü Nigar…

Kaş, ” Qızılgül olmayaydı”-söylədi,
“Yasəmənlər saçın yolub” neylədi?

Oldu bir nəsilə bir çıraq ömrü,
Yaşadı həyatda bir “Çinar ömrü”

O ala gözləri güldü ilk bahar,
Yurdunda göyərdi bir körpə çinar.

Eşq bağının bəhəri bir oğuldu,
Həyata adıyla əkiz doğuldu.

Gənc ata düşündü: Rəsulla, Nigar,
Bir adda birləşib olsunlar, ANAR.

Adını mən verim, ömrünü Tanrı,
Uğurladı Dədə Qorqud misallı..

Bir az gec görərsə qəribsəyərdi,
O, körə oğluna nəğmə deyərdi:

“Atamın, anamın istəkli soyu,
Anan layla desin, beşikdə uyu!
Qaz balası kimi görəndə suyu,
Əlini vurmağın yadıma düşdü”.

Sanki məsum körpə bunu duyurdu,
Mışıl-mışıl yatağında uyurdu:

“Könlüm sənsiz ağlar, səninlə gülər,
Ata olmayanlar bunu nə bilər.
Tutub çarpayının yanından səhər,
Ayağa durmağın yadıma düşdü”.

Səfərə gedərkən, alagöz şair,
Hər gün namə yazdı həyata dair:

“Dənizdə ləpə var, dağda bulud var,
Gündə durna keçir göydən yüz qatar…”

-Oğulbala, sevginən bu həyatı,
Qoy cövlan eləsin ruhunun atı:

“Gəlməyəsən görüm səni zavala.
Gözlərim yumulub getdim xəyala”…

Beləcə, böyüdü o körpə çinar,
Böyük ustadımız, mohtərəm Anar.

Qarışıb “Şəhərin yay günləri”nə,
“Səhra yuxuları” gəlib eyninə.

“Evləri köndələn yar” soraqladı,
“Dədə Qorqud” duyub, onu haqladı.

“Təhminə”dən soraq gəldi bir səhər,
Yarandı yeni bir şahanə əsər.

“Keçən ilin son gecəsi” görüşdə,
Duyğusunu sevənlərlə bölüşdü.

Şairlər sələfi, o müdrik nasir,
Bizlərə belə bir nəsihət edir:

“Yazıçı ömrünün iki vaxtı var,
Yaşamaq zamanı, yazmaq zamanı.
Yaşamaq zamanı bitmiş, qurtarmış,

Çatmış yaşamaqdan yazmaq zamanı!”

Şeirdi, sənətdi özü, Anarın,
Tükənməz söhbəti, sözü, Anarın!….
*
Əfşan Yusifqızı
AYB-nin üzvü

Share: