Qaçan məhbuslardan “Qoca” ləqəbli Etibar Məmmədovun cəzası məlum olub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin cinayət kollegiyası Sabunçu Rayon Məhkəməsinin inzibati binasında proses aparıb. Sonuncu məhkəmədə hökm oxunub. Hökmə əsasən Əli Ağami 18 il, Məhəmməd Heydərov ( Maqa Hacıqabullu )18 il, Tahir Məlikov (Marojna) 18 il, Əfsər İbrahomov 18 il cəza alıb. Təqsirləndirilənlərin hər biri cəzasını ciddi rejimli həbsxanada çəkəcək.
Qaçdıqdan bir neçə gün sonra əməliyyat zamanı müqavimət göstərərkən öldürülən Etibar Məmmədov (Qoca) ilə bağlı isə cəzasız ittiham hökmü çıxarılıb.
Qeyd edək ki, 28 yaşlı Ə.Ağami 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən biri də Ə.Ağamidir. Qətlə yetirilən E.Nəciyev kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb.
Bildirək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçmışdılar.
Vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar Xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifələrdən azad olunublar.
Bundan əlavə, həbs edilmiş şəxslərin vaqonda müşayiətini bilavasitə təmin edən qarovul rəisi Ceyhun Səmədov və digər 7 əməkdaş ədliyyə orqanlarından xaric ediliblər, Penitensiar Xidmətin bir çox digər aidiyyəti məsul işçiləri də ciddi intizam məsuliyyətinə cəlb olunublar.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Bununla əlaqədar qarovul rəisi C.Səmədov, qarovul rəisinin köməkçiləri Fuad Hacıyev və Tural Platxanov Cinayət Məcəlləsinin 308.2-ci və 311-ci (rüşvət alma) maddələri nəzərdə tutulan əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar və barələrində həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, “Qoca” ləqəbli Etibar Məmmədov əməliyyat zamanı öldürülüb. Ə.Ağami isə sağ ələ keçirilib.