Xəbər verildyi kimi, Qondarma Dağlıq Qarabağ Respublikası Təhlükəsizlik Şurasının katibi Samvel Babayan bildirib ki, Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsində obyekt statusundan çıxarılıb subyektə çevrilməlidir. “”Artsax respublikasının” beynəlxalq səviyyədə tanınmasına alternativ yoxdur, “Artsaxın” təhlükəsizliyi hərraca çıxarıla bilməz”, – deyən Babayan, həmçinin qeyd edib ki, Qondarma Dağlıq Qarabağ Respublikasında bununla bağlı konsepsiya hazırlanır və ictimai müzakirəyə çıxarılacaq.
Maraqlıdır, mənfur düşmənin bu xain planı baş tuta bilərmi? Babayanın bu açıqlamasından sonra Azərbaycan necə davranmalıdır, hansı addımları atmalıyıq? Dominant.az-ın suallarına sabiq deputat, Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə aydınlıq gətirib. Müstəqil.Az müsahibəni təqdim edir
İ.Ağazadənin fikrincə, konfliktin beynəlxalq müzakirə xarakteri alması Dağlıq Qarabağ ermənilərini narahat edib:
“Ona görə də bu bəyanatla çıxış etməyi məqsədəmüvafiq hesab edirlər. Son qarşıdurmadan sonra dünyada, o cümlədən Avropa İttifaqında və ayrı-ayrı dövlətlərdə Azərbaycanın ərazi bütövlüyü tanındı və istisnasız halda bu torpaqların Azərbaycana aid olduğu bilindi. Bu da onlarda ciddi narahatlıq yaradır və indi xalqların öz müqəddəratını təyin etmək hüququ kimi BMT nizamnaməsinə əsaslanırlar. Lakin tarixdə bir millətə öz müqəddəratını həll etmək üçün bir dəfə haqq verildiyi bilinir və hər millət də öz müqəddəratını bir dəfə təyin edə bilər. Ermənistan da öz müqəddəratını təyin etmiş dövlətdir və o dövlət elan olunanda Azərbaycan torpaqlarının bir hissəsini həmin dövlətin formalaşması üçün güzəştə gedib. Ona görə də indiki halda onların öz müqəddəratlarını həll etmək üçün Azərbaycan heç bir halda güzəştə getməyəcək”.
Sabiq deputat, S.Babayanın “Dağlıq Qarabağ müzakirə və alver predmetinə çevrilə bilməz”, – fikrinə də münasibət bildirib:
“Bunu deyənlər heç fikirləşirlərmi ki, Azərbaycan ərazisi nə üçün alver və danışıqlar predmetinə çevrilməlidir? Hər kəs bilsin, beynəlxalq aləmdən kimsə hansısa bir qərar versə belə, Azərbaycanda kimsə hansısa bir mövqeni tutsa belə, hansısa iqtidar, hansısa müxalifət, hansısa beynəlxalq təşkilat, hansısa dövlətin belə, hansı addımı atmasından asılı olmayaraq, biz Azərbaycan torpaqlarının bir qarışın da kimsəyə verməyəcəyik”.
Partiya sədri hesab edir ki, bu istiqamətdə davam edən bütün proseslər nəticə etibarilə daha kəskin qarşıdurmaya, daha ciddi müharibəyə gətirib çıxaracaq:
“Bu gün biz Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin Azərbaycan vətəndaşı kimi müəyyən statuslara malik olub yaşamasını, hətta danışıqlar predmetində mütəmadi istifadə edirik. Amma konflikt gəlib elə bir mərhələyə çata bilər ki, ermənisiz Azərbaycan, ermənisiz Dağlıq Qarabağ bizim üçün prioritetə çevrilə bilər. Bu, artıq ictimai fikir və düşüncədə də prioritetə çevrilir və dönməz xarakter alır. İnsanlarımız bu məsələdə olduqca kəskin mövqe bildirirlər. Erməni tərəfi bunu da düşünsün”.
“Mən ermənilərə müraciətimdə də qeyd etmişəm ki, sabah erməni əsgəri Xocalı, Əsgəran, Cəbrayıl, Laçın üçün döyüşməyəcək. Çünki o erməni əsgəri şəhid olub evinə gedəndə, anası deyəcək ki, “Ora mənim torpağım deyil, orada mənim oğlum ölməməliydi”. Amma biz Laçında, Xankəndində, Kəlbəcərdə, Şuşada son nəfərimizə qədər ona görə ölməyə hazırıq ki, ora Azərbaycan torpağıdır və Azərbaycana aiddir. Biz orada son damla qanımıza qədər döyüşəcəyik. Düşünürlər ki, biz münaqişənin ilk illərində səhv addımlar atmışıq, işğala rəvac vermişik və məsuliyyətsizliyimiz olub. Bundan sonra da bu məsuliyyətsizliklər davam edəcək. Amma yanılırlar. Heç kim bir qarış torpağımızın kimsədə qalmasıyla barışmayacaq. Mən bunu, xüsusən də partiya sədri və hakimiyyətə iddialı şəxs kimi deyirəm. Son damla qanımıza qədər vuruşacağıq və o torpaqlar alınacaq. O torpaqların işğaldan azad olunması üçün bir milyon itki də lazım olsa, verəcəyik, amma torpaqlarımız geri qayıdacaq”, – deyə müsahibimiz vurğulayıb.
Qarabağ qazisi bildirib ki, nəinki düşmən, heç kim bu tipli bəyanatlarla özünü və işğalı sığortalaya bilməz:
“Hər kəs bilsin ki, Azərbaycanın mövqeyi dəyişməyəcək. Ona görə də “Artsax”ın hansı planlar hazırlaması heç nəyi dəyişmir. Dünya düzəni də artıq dəyişib və hansısa beynəlxalq təşkilatın verdiyi bəyanat nəyisə dəyişməyəcək. Torpaqlar işğaldan azad olunmalıdır. Bu, güzəştsiz bir siyasətdir və o siyasətə birmənalı olaraq Azərbaycan vətəndaşları da, xaricdə yaşayan azərbaycanlılar da dəstək verir və beynəlxalq təşkilatlar da, dünya dövlətləri də buna uyğun rəy bildirməlidir. O dövrlər keçdi artıq – BMT belə deyirdi, ATƏT elə deyirdi, bizi sülhə səsləyirdilər və s. Biz 1994-cü ilin may ayının 12-dən bu günə qədər torpaqları azad etsinlər deyə, gözləmişik. Ən azı, masa arxasında onları anlayışlı olmağa çağırsaydılar və işğal olunmuş torpaqların, heç olmazsa, müəyyən qismi azad edilmiş olardı. Bizim torpaqlarımızı azad etməsinlər, işğal olunmuş ərazilərimizdə ermənilər qeyri-qanuni məskunlaşsınlar, sonra da desinlər ki, öz müqəddəratınızı təyin edin”.
“Bu məsələdə son söz Azərbaycanındır və son sözümüzü silahla deməyə bizi məcbur etməsinlər. Çünki silahla deyiləndə çox adamların canı yanacaq və çox böyük problemlər olacaq. Ən azı, Azərbaycan vətəndaşı kimi o torpaqlarda yaşamaq imkanları varsa, sabah o imkanları da itirəcəklər. Yalançı təbliğat vasitələrindən istifadə etməsinlər”, – İ.Ağazadə əlavə edib.
Partiya sədri Babayanın məlum bəyənatını müharibəyə başlamaq üçün əsas hesab etmir:
“Hər hansı bir bəyanata görə müharibəyə başlamaq inandırıcı görünmür və müharibəyə bu gün başlamaq üçün də əsas var, dünən başalamaq üçün də əsas var idi. Bizim üçün müharibəyə əsas axtarmağa dəyməz. Çünki bizim torpaqlar işğal olunub və torpaqlarımızın işğal olunma faktını da hər kəs bilir. Ona görə də biz bəhanə axtarmamlıyıq, müharibəyə başlamalıyıq”.
Turqut Qılınc