Qalib Şəfahət
Bu bir xatirədir. Çox da uzaq keçmiş deyil. Amma illər bəzən uzaq görünür. Gördüklərimizi, eşitdiklərimizi qəbul edirik, amma beynimizi işə salmağı heç sevmirik. Şüurumuza yox, görüb eşitdiklərimizə tez inanırıq.
Orta məktəbdə qonşunun oğlu ilə bir oxumuşduq. Şübhəsiz Tibb Universiteti Gədəbəy dağları arasından çox uzaqda görünür. Həm tələsdim, həm səbrli oldum, amma istəyimə nail oldum. Mən oxuyurdum qonşunun oğlu Rusiyaya alver dalınca getdi. Mən isə Tibb Universitetini bitirib, hərbi xidmətə getdim. Hərbi həkim kimi 10 il Qarabağ bölgəsində hərbi xidmətdə oldum.
Qonşu imkanlaşdı və imkanından istifadə edib atam evinə torpaq iddasına düşdü. Hətta bir dəfə qardaşıma ağır xəsarət yetirmişdi. Düzdü, bu davanın səsi-sorağı işlədiyim Hərbi Hissəyə də gəlib çatırdı. Açığı, çox utanırdım. Amma nə edim? Məndən başqa atam evini kim müdafiə etməli idi?!
Qonşu müəllim idi. Məndən Müdafiə Nazirliyinə şikayət məktubu göndərmişdi. Məktub Hərbi Hissəyə gəlib çıxmışdı. Guya, mən Hərbi Hissənin dərmanını, geyim əşyalarını satıram, hətta, həyat yoldaşımla birgə. Həyat yoldaşım hərbiçi deyildi, amma ailəmlə Fizulidə qalırdıq.
Mən çox utandım. Niyə bilirsiz? Şikayətdən yox, ərizənin eybəcərliyindən. Ərizə, gülüş obyektinə çevrilmişdi. Hərbi Hissə komandiri məktub yazıldığı kimi oxudu, hərə bir tərəfdə uğunub getmişdi. Mən isə utanırdım, ərizəni müəllim yazmışdı.bəlkə də Danabaş kəndindən belə savadsız ərizə yazılmamışdı. Şübhəsiz, əhəmiyyətsiz idi. Amma utanırdım. Düzdü, mənim çox savadlı müəllimlərim olub, hansı ki, mən hələ də onların zəhmətinin bəhrəsini görürəm.
Dava on ildən çox sürdü. Axır, o məktubu Təhsil Nazirliyinə göndərdim. Özü də necə?! Hərf səhvlərinin, sözlərin mənasızlığının altından qırmızı xətt çəkib göndərdim. Hüquq idarəsi bu münaqişəni 10 ildə həll etmədi, amma, məktub həll etdi.
Sözüm onda deyil. Keçim əsas mətləbə. Qonşu evin təmtəraqlı bəzəmişdi. Bizim ev o dərəcədə deyildi.
O münaqişə bitdikdən sonra qardaşım da, düzdü neçə kitab müəllifi, həkim olsam da, qonşu tərəfə meyilləndi. Hətta bir dəfə “Mədəniyyət” kanalından ata evində məni çəkməyə gəlmişdilər. Baxdım… Bir məni çəkiblər, bir qonşunun evini.
O anda fikirləşdim. Atalar düz deyib: Xarici görkəminə görə qəbul edərlər, daxili aləminə görə yola salarlar…