SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov ABŞ-ın “Pizza Hut” şəbəkəsinin reklam çarxına öz fondu üçün qazanc əldə etmək məqsədilə çəkilib.
Müstəqil.Az xəbər verir ki, bu barədə Qorbaçovun bioqrafiyasının müəllifi Uilyam Taubmana istinadla “Foreign Policy” dərgisi məlumat yayıb.
Massaçusets Universitetinin politologiya kafedrasının dosenti Pol Masqreyv öz yazısında bildirib ki, Qorbaçov 1996-cı il prezident seçkilərində məğlub olduqdan sonra fondun saxlanması üçün vəsaiti qalmayıb. Oxuduğu mühazirələrdən əldə etdiyi gəlir də bunun üçün yetərli olmayıb. Prezident təqaüdü isə hiperinflyasiya nəticəsində 4000 rubldan təqribən 2 dollara enib.
Bazara 1990-cı ildə çıxmış sözügedən pizza şəbəkəsi Rusiya bazarından rəqiblərini sıxışdırmaq məqsədilə genişmiqyaslı reklam kampaniyası başladıb və kampaniyanın lideri kimi Qorbaçov seçilib. Masqreyvin məlumatına görə, SSRİ-nin keçmiş lideri uzun müddət tərəddüd edib, ancaq sonra öz şərtləri ilə çarxda çəkilməyə razılıq verib. Siyasətçi çarxın ssenarisini özünün təsdiq edəcəyini və pizza yeməyəcəyini bildirib.
Nəticədə çarxda Qorbaçovla birlikdə onun nəvəsi Anastasiya da çəkilib. Reklam çarxında çəkilişə görə qonorarın məbləğı açıqlanmasa da, məqalə müəllifinin hesablamalarına görə, siyasətçi 2019-cu il qiymətlərinə görə təxminən 1 milyon dollara yaxın qazanc əldə edib.
Vüsal C.