Qorxma, burax əllərini… – Ercan Kesalın hekayəsi

Qorxma, burax əllərini… – Ercan Kesalın hekayəsi

Kulis.az Seyfəddin Hüseynlinin tərcüməsində Ercan Kesalın “Qorxma, burax əllərini” adlı hekayəsini təqdim edir.

Yazıçı, kinodramaturq və aktyor Ercan Kesalın (1959) imzası son illər Türkiyə hüdudlarını aşaraq beynəlxalq miqyasda tanınıb. Xüsusən də, böyük rejissor Nuri Bilgə Ceylanın ali mükafatlar almış məşhur “Bir zamanlar Anadoluda”, “Üç meymun” filmlərində ssenarist və aktyor kimi iştirakı Ercan Kesala ciddi şöhrət gətirib. Kino sahəsindəki fəaliyyəti ilə nüfuzlu mükafatlar qazanmış Kesalın hekayə və esse yaradıcılığı da uğurlu hesab olunur.

İxtisasca həkim olan E.Kesal əyalət xəstəxanalarında işlədiyi illərdəki yaşantılarını, müşahidələrini əks etdirən maraqlı əsərlər yaradıb.

– Hə, di iç bunu…

Anam, əlində yarıyacan suyla dolu stəkan, başımın üstünü kəsdirib.

– O nədir, ay ana, su istəmədim axı…

– İç, quzum. Yarısını Nemət bacın içib, qalan yarısını da sən iç.

– Niyə ki, ana?

– Niyəsini soruşma. Suyu iç ki, onun ağlından bir az da sənə keçsin. Hə, di iç.

Nemət bacı qəsəbəmizin universitetdə oxuyan qızlarındandır. Anası anama iməci gəlir, gecə-gündüz xalı toxuyurlar. Anam Nemət bacıya heyrandır. “Çox ağıllı qızdır” – deyir onu hər gördükdə. Deməli, keçən dəfə gələndə bir stəkan suyun yarısını qıza içirdib, qalan yarısını da mənə saxlayıb. Suyu içib yatdım. Sabah, atamla, Qülləli Hərbi Liseyindəki imtahanlara görə İstanbula gedəcəyik. İmtahandan qabaq anam hər cür “tədbir görüb”. Pencəyimin cibində bir büküm “güclü dua”, çantamın xəlvət gözündə “tilsimli” düyü dənələri… Bir də içdiyim o yarım stəkan su.

İstanbula getdik. Bədən tərbiyəsi imtahanından kəsildim. Qaçışda axırıncı olmuş, oturulu-uzanılı hərəkətləri də yarıtmamışdım. Çəlimsiz qollarımla turnikdən sallaşıb dartınmaq cəhdlərimi atamın necə kədərlə seyr etdiyi yadımdadır…

İyul ayıydı, İstanbul çox gözəldi – ilk dəfə şüşə kasada yediyim dondurmalar kimi gözəl.

Atam bir ara gözdən itdi, sonra əlində iki dəst çimərlik paltarıyla qayıtdı. Sahildə, adamların arasında əynimizi dəyişdik. Dənizi ömrümdə ilk dəfə görürdüm, üstəlik, indicə içinə girəcəkdim. Dəmir dirəklərin birindən yapışıb ehmalca girdim suya. Əllərimi buraxmamışdım amma.

– Ayaqlarını oynat, – dedi atam. – Su özü səni qaldıracaq.

Qızılirmaq düşdü yadıma. İrmağa girəndə suyun üzərində qalmaq üçün dayanmadan çırpınmalı, əl-qol atmalısan. Amma dəniz elə deyildi. Elə gözəldi: su özü bədənimi yuxarıda saxlayırdı. Ancaq yenə də çəkmədim əllərimi dirəkdən. Atam mənə sarı əyilib pıçıldadı:

– Qorxma, oğlum… Burax əllərini…

Gözlərinə baxdım: hə, deməli,olar. Əllərimi dirəkdən arxayınca çəkib üzməyə başladım.

II

Məcburi xidmətin ilk aylarıdır. Anadoluda, çölləmədəki bir qəsəbədəyəm. İyirmi dörd yaşında uşaq, düz-dünyanın ortasında…

Xidməti yataqxanada yer yoxdur, hələm-hələm boşalan da deyil. Xəstəxananın istifadəsiz bir otağında qalmalı oluram. Köhnə çarpayı, boş dərman dolabı, plastik masa… Əşyalar işə yarayır. Qızdırıcılar da öz qaydasında – üşümürəm. Həftədə bir neçə dəfə qarşı səmtdəki hamama gedirəm. Rabitə məntəqəsindəki qız, qaynanasının dərmanlarını yubatmadan yazdığım üçün, çox istəyir məni: “normal” qeydi ilə sifariş verdiyim nömrələri də “təcili” kimi calaşdırır. Hər şey yolundadır, demək olar.

Xəstəxanada qaldığım üçün gecələr təbii növbətçi kimiyəm. Tibb bacıları birinci məni oyadırlar. Təcili yardıma möhtac xəstələrin yanına ürəyim uçuna-uçuna gedirəm hər dəfə. Əvvəlcə bir yaxşı-yaxşı baxıram. Ağlıma gələn hər şeyi soruşub, yadımda saxlamağa çalışıram. Sonra həmişəki fənd:

– Tibb bacısı, lütfən, xəstənin təzyiqini yenidən ölçün, bir də hərarətini yoxlayın…

Sakitcə qapını açıb, tualetə gedirəmmiş kimi, dəhlizə çıxır, addımlarımı yeyinlədib, qaldığım otağa cumuram. Ortalıqdakı masanın üzərində – bəziləri açıq, bəzilərinin arası əlfəcinli – qalın tibb kitabları var. Hövlnak oxuyuram. Sonra da, əzbərimdə dərman adları, cibimdə yığcam qeydlər, tualetdən gəlirəmmiş kimi, əllərimi qurulayıb xəstənin yanına keçirəm…

Soyuq bir qış gecəsi. Dünyanı ayaz alıb. O biri həkimlər bayram tətilinə çıxıblar, xəstəxanada təkcə mən qalmışam. Yuxumun ən şirin yerində oyadırlar. Ucqar kənddən xəstə gətirilib. Orta yaşlarında, qarayanız, kök bir kişidir. Sidiyə gedə bilmirmiş. Qıvrıla-qıvrıla, günahkar bir tərzdə dillənir:

– Həkim, sən də bağışla, üç gündü halım xarabdı. İşəyə bilmirəm, sən də bağışla…

Müayinədən sonra, stend taxmağı qərara alıram. Xəstə hər şeyə razıdır, təki rahatlansın. Onu uzandırıb, qorxa-qorxa taxıram stendi. Sidik gəlmir. Düz taxmadımmı görəsən?! Puçur-puçur tər tökürəm o anlarda.

Amma vəziyyət lap da pis deyil. Gecə növbətçisi olan tibb bacısı əsl mənim adamımdır. “İndi neyləyək” – ifadəsi ilə baxıram Xəndan xanımın üzünə. Xəstə də elə hey: “Qurban olum, həkim” – deyib inildəyir. Belə hallar üçün başqa üsul da vardı, bircə dəfə görmüşdüm urologiyada təcrübə vaxtı, amma heç sınaqdan keçirməmişdim: qarının altından sidik kisəsinə şpris taxıb, sidiyi çəkmək…

Qərar verirəm, belə də eləyəcəm. Xəndan sakitcə alətləri, əlcəkləri gətirir. Xəstəni yöndəmində uzandırıb sidik kisəsinin yerini yaxşıca bəlirləyəndən sonra, həmin nahiyəni keyidir, şprisi üstdən-aşağı sancıram. Hər iki əlimlə şprisi bərk-bərk tutub, buraxmıram. Ürəyim necə çırpınır… Bağırsağı, ya başqa bir orqanı deşdim bəlkə?! Keçmək bilməyən bir neçə dəqiqə… Gəlmir. Sidik gəlmir. Aman Allah! Neyləyəcəm indi?! Birdən Xəndanın o sakit, həlim səsini eşidirəm:

– Doktor, buraxın əllərinizi, qorxmayın.

Üzünə baxıram. Əyilib pıçıldayır:

– Qorxmayın, buraxın əllərinizi…

İynəni yerinə keçirəndən sonra da şprisi davamlı irəli basdığım üçün sidiyin gəlməsinə özüm yol vermirəmmiş. Buraxıram əllərimi. İki-üç saniyə sonra sidik gəlməyə başlayır. Xəstənin sinəsindən dərin bir “ohh” qopur.

III

Atam evin girişində – şüşəbənddə qoyulmuş köhnə çəkyatta uzanıb. Düz qarşısındakı plastik kürsüdə oturub ona baxıram. Bir müddət dinib-danışmırıq. Bağçadan su səsi gəlir qəfildən. Anam nasosu işə salıb, yəqin. Qapıya sarı uzatdığı ayağını minbir çətinliklə əvvəl yana, sonra da qarnına doğru çəkir atam. Çəkyatın qırağındakı ləkəli kağız dəsmalı götürüb dodağını silir. Anam, əlində bir məcməyi, özü-özüylə danışa-danışa önümüzdən adlayıb gedir. Yoldan keçən motosikletin part-gurtu küçənin ayağında boğulur. Bazara getmək fikrim var. Bir az gəzişərəm, qəzet alaram, bəlkə köhnə dostlarla bir çay da…

Uyğun bəhanə axtarıram qalxmaq üçün. Xəfifcə qımıldanıram. Gözü məndəymiş, görünür.

– Məni Qızılözə aparsana, – deyir.

Duruxuram bir anlıq.

– İndimi, ata?

Sualıma cavab verməyib davam edir:

– Nə vaxtdır getmirəm. Fikrimdən çıxmır…

Dilxor oluram bir az: bazara gedəcəkdim.

– Yaxşı, ata. Di qalx onda, aparım.

Yarım saat sonra Qızılözə çatırıq. Atamın uşaqlığı buralarda keçib. Əkin-biçinlə əlləşdikləri vaxt qaldıqları balaca evlər, damlar, tövlələr… Çoxu dağılıb, qalanların da içərisinə heyvan salınıb. Ətrafda yiyəsiz itlər var. Atamı ehtiyatla maşından düşürürəm. Yay ötüb, mövsümün üzü payızadır. Çölləmədə adamın içini ürpədən yellər əsir. Atam əsasına söykənib bir müddət ətrafı gözdən keçirir. Evimizin yerini dəqiqləşdirir, bilirəm. Sonra birdən hərəkətlənir, təpədəki xarabalığa tərəf addımlayır. Heç xəstə deyilmiş kimi, gümrah, qıvraq bir hal alıb. Dinməz-söyləməz arxasınca yeriyirəm. Gedib-gedib uçuq bir divarın dibində dayanır, nəsə axtarırmış kimi, diqqətlə ətraf təpələrə baxır. Yaxınlaşıb sakitcə dayanıram. Birdən bənizi ağarır, durduğu yerdə uçalanır. Son vaxtlar onda tez-tez olur bu. Cəld tutub, ehmallıca yerə uzatmağa çalışıram. Hər iki əliylə əllərimdən yapışıb buraxmır. Bir az gözləyirəm. Başını yumşaq bir yerə qoymalı, ayaqlarını azacıq qaldırmalıyam. Əllərimi qəti buraxmır.

– Ata, əllərimi burax, – deyirəm.

Dillənmir, qorxa-qorxa gözlərimə baxır.

Əyilib pıçıldayıram:

– Ata, qorxma… Burax əllərimi…

Əllərimi yavaş-yavaş buraxır. Yerə uzadıram atamı.

Share: