“Bu günlər dünyanın diqqəti növbəti dəfə Azərbaycana yönəlib. Martın 2-də keçirilən, 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq və Liviyanın prezidentlərinin, üç ölkənin – Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentlərinin, Əlcəzair və Keniyanın Baş nazirlərinin, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, eyni zamanda, nazirlərin, nazir müavinlərinin, səfirlərin qatıldıqları Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü bir daha ölkəmizin beynəlxalq aləmdə artan roluna və nüfuzuna işıq saldı.
Əvvəlcədən tədbirin iştirakçılarının say tərkibinə diqqət yetirmək kifayət idi ki, müzakirə olunacaq məsələlərin aktuallığı barədə aydın təsəvvür yaransın. Baxmayaraq ki, Zirvə görüşü 2019-cu ildən dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə, hər bir ölkənin ortaya qoyduğu təcrübəyə, ən əsası postpandemiya dövrünün hədəflərinə həsr edilmişdi, amma ümumilikdə dünyanı narahat edən məsələlərin müzakirəsi sammitin gündəliyində xüsusi yer aldı. Bu, bir daha göstərir ki, Azərbaycan qlobal həmrəyliyə və əməkdaşlığa xüsusi töhfələr verən ölkədir. Daim dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına, ədalətin və beynəlxalq hüququn müdafiəsinə səy göstərir. Azərbaycanın dövlət başçısı İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı bildirdi ki, Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Qoşulmama Hərəkatı Azərbaycanın uğurlu siyasəti nəticəsində sürətli inkişaf mərhələsinə qədəm qoyaraq, dünyanın yeni siyasətinin formalaşmasında öz imkanlarına söykənərək bu məsələlərin həllinə dəstəyini göstərməyə qadirdir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsinə, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsinə və son iki ildən artıqdır işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılmasına təsadüf etdiyindən keçirilən hər bir tədbirdə günümüzün aktual məsələləri, xüsusilə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinin yol xəritəsi ətrafında fikir mübadiləsinin aparılması vacibdir: “Qeyd etdiyimiz kimi, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizəyə başlayan zaman dünyaya bu çağırışı etdi ki, qlobal problemə qarşı səylərin birləşdirilməsi vacibdir. 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə görüşü keçirildi. Həmin tədbirdə Azərbaycan BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi və Hərəkata üzv dövlətlər tərəfindən böyük dəstək qazandı. Azərbaycanın 4-cü ilə daxil olan sədrliyi dövründə atılan addımların xronologiyasına diqqət yetirdikdə Qoşulmama Hərəkatının nüfuzunun, dünya siyasətində yerinin və rolunun artmasının əsas hədəf olması diqqətdən kənarda qalmır. Məhz buna görədir ki, Prezident İlham Əliyev BMT sistemində islahatların aparılmasının vacibliyi məsələsini gündəmə gətirəndə bu fikri böyük inamla qeyd etdi ki, dünya düzəni yenidən formalaşmaqdadır. İndi bəşəriyyət “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir”.
YAP Xətai rayon təşkilatının sədri diqqəti Prezident İlham Əliyevin çıxışında yer alan bu mühüm məqama yönəldib ki, son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır: “Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir. Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da ikili standartlar tətbiq edilir. Bunun üçün ölkə Prezidentinin bu fikirlərinə söykənərək 30 illik işğal dövründə Azərbaycanın hansı faciələri yaşadığını yada salmaq kifayətdir. Bir çox hallarda işğalçıya beynəlxalq səviyyədə dəstək onun yeni ərazilər uğrunda müharibə planları hazırlamasına gətirib çıxardı ki, sonda 44 günlük İkinci Qarabağ müharibəsi qaçılmaz oldu. Azərbaycan hərbi-siyasi yolla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi. Vətən müharibəsindən sonra BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi məsələsi daha da aktuallaşıb. BMT Təhlükəsizlik Şurasında ədaləti və beynəlxalq hüququ müdafiə edən dövlətlərin təmsil olunması daha gərəklidir. Bir paradoksal məqamı unutmayaq ki, artıq tarixin arxivinə gömülən Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək üçün yaradılan keçmiş ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir”.
Vüqar Rəhimzadə vurğulayıb ki, Zirvə görüşündə dünyanın təhlükəsiz gələcəyi naminə aparılan müzakirələr, səsləndirilən çağırışlar, irəli sürülən təkliflər bir daha Qoşulmama Hərəkatının qlobal əhəmiyyətini açıqladı: “Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı hazırda Azərbaycanın sədrliyi ilə özünün ən uğurlu dövrünü yaşayır. Dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən Azərbaycan təşəbbüsləri ilə qarşıdakı dövrdə də Hərəkatın dünya siyasətində söz sahibliyinin təmin edilməsinə öz töhfəsini verəcək”.