Qoyunları rayonda oğurlayıb Bakıda satırmışlar

Salyan rayon sakini Vasif Adıgözəlov oktyabrın 29-da rayon polis şöbəsinə müraciət edərək həyətyanı təsərrüfatından 9 baş qoyunun oğurlandığını bildirib.

DİN-dən verilən məlumata görə, polis əməkdaşları heyvanların “VAZ-2109” markalı avtomobillə oğurlandığı barədə məlumat əldə ediblər.

DİN-in Təhlükəsiz Şəhər Xidməti ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobil Bakı şəhərində müəyyən edilərək saxlanılıb və onu idarə edən şübhəli şəxs qismində Salyan RPŞ-yə dəvət edilib.

Neftçala rayon sakini olan Hüseyn Qurbanov tutarlı faktlar qarşısında törətdiyi cinayət əməlini etiraf edib. Polis əməkdaşları tərəfindən onun heyvanları əmisi oğlu ilə birgə oğurlayaraq paytaxtın Zabrat qəsəbəsindəki heyvan bazarında sataraq əldə olunan gəliri aralarında böldükləri müəyyən edilib.

Görülmüş tədbirlərlə cinayətin digər iştirakçısı – Həsənqulu Qurbanov da tutulub.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Share: