Qroznıda Azərbaycan Mədəniyyət Mərkəzi açılıb

Qroznıda Azərbaycan Mədəniyyət Mərkəzi açılıb

Çeçenistan Dövlət Pedaqoji Universitetində Azərbaycan Mədəniyyəti Mərkəzinin təntənəli açılış mərasimi olub. Ümummilli lider Heydər Əliyevin Çeçenistanın paytaxtı Qroznıda keçirilən 100 illik yubiley tədbirlərinə qatılan Azərbaycan Dillər Universitetinin və Azərbaycan Yazıçılar Birliyinin təmsilçilərindən ibarət nümayəndə heyəti Mərkəzin rəsmi açılışında da iştirak edib. Nümayəndə heyətinin tərkibində Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Universitetin pedaqogika kafedrasının müdiri Nigar Zeynalova və “Təhsil-1” fakültəsinin müdiri Fikrət Cahangirov da olub.
Mərkəzin açılışına gələn qonaqlara Adnan Şahbulatov adına Çeçenistan Dövlət Filarmoniyasının uşaq simfonik orkestrinin kiçik konsert proqramı təqdim olunub, Azərbaycan və çeçen bəstəkarlarının əsərləri ifa olunub.
Mərkəzin açılışında Çeçenistan rəhbəri adminstasiyası və hökumət başçsının müavini Salman Qaduev, milli siyasət, xarici əlaqələr və informasiya nazirinin müavini Seyid Məhəmməd Bəşirov, akademik Qapurov, Yazıçılar İttifaqının sədri Ələhməd Yelsayev, Çeçenistan Mədəniyyət nazirinin müşaviri İslam Şamsuddinov, Çeçenistandakı Azərbaycan Diasporunun rəhbəri Ələsgər Əzizov, Çeçenistan parlamentinin komitə sədri Adnan Naqayev, Çeçenistan Dövlət Pedaqoji Universitetinin rektoru İsmayıl Bayxanov və digər şəxslər çıxışlar ediblər.
Tələbələr Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin həyat və fəlaiyyəti, eləcə də Azərbaycan mədəniyyətinin müxtəlif sahələrindən bəhs edən videoçarxlar təqdim edib, bir-birindən maraqlı çıxışlar ediblər.
Tədbirdə çıxşı edən Azərbaycan dillər Universitetinin prorektoru Jalə Qəribova mərkəzin tələbə və müəllim heyəti üçün Azərbaycan mədəniyyətinin ab-havasını hiss edəcəkləri bir məkan olacağına, Azərbaycan dilini, ədəbiyyatını, musiqi və zəngin mədəniyyətini öyrənəcəkləri bir mərkəz olacağına ümid etdiyini bildirib:
“Azərbaycan zəngin tarixə və mədəni irsə sahib unikal ölkədir. Biz öz mədəniyyətimizlə, ənənələrimizlə fəxr edir, onu digər xalqlarla, insanlarla bölüşməyi özümüzə borc bilirik. Düşünürük ÇDPU-da açılan mərkəz bunun üçün geniş imkanlar açacaq, ideyaların, təcrübənin bölüşülməsi, elm və mədəniyyət xadimlərinin mübadiləli fəaliyyəti üçün xeyli dərəcədə faydalı olacaq”
Çeçenistan Dövlət Pedaqoji Universitetinin rektoru İsmayıl Bayxanov çıxışında qeyd edib ki, Azərbaycanla əməkdaşlıq yalnız universitetlərimiz arasında deyil, bütövlükdə xalqlarımız və ölkələrimiz arasında əməkdaşlıq baxımından çox lazımlı, faydalıdır: “Bizim xalqlarımızı qədim və ortaq tarix, ənənələrin və mədəniyyətin yaxınlığı, din və coğrafiya birləşdirir. Çətin günlərdə biz həmişə bir-birimizə dəstək olmuşuq. Bu gün də bizim bir çox sahələrdə, xüsusən elm, təhsil və mədəniyyət sahəsində birgə fəaliyyətimiz çox vacibdir…”
Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu də çıxış edərək Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını ciddi və əhəmiyyətli hadisə kimi qiymətləndirib. Bunun xüsusən yetişməkdə olan gənc nəsillər üçün əhəmiyyətini önə çəkib. Səlim Babullaoğlu çıxışının sonunda Mərkəzə Ümummilli liderin anadan olmasının 100 illiyi ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin xüsusinəşrlərini, habelə Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı bir çox kitabları Mərkəzə hədiyyə edib.
Dillər Universitetinin pedaqogika kafedrasının müdiri Nigar Zeynalova və “Təhsil-1” fakültəsinin müdiri Fikrət Cahangirov yaddaqalan çıxışlar edib Universitetin adından Mərkəzə Azərbaycan mədəniyyətini simvolizə edən hədiyyələr təqdim ediblər.

Share: