Qubada sağlamlıq imkanları məhdudu şagirdlərin valideynləri üçün təlimlər keçiriləcək

Qubada sağlamlıq imkanları məhdudu şagirdlərin valideynləri üçün təlimlər keçiriləcək

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan “FərqindəSƏN” layihəsinin açılış tədbiri keçirilib.

Açılış mərasimində çıxış edən layihə rəhbəri, Quba rayonu Qələdüz kənd ümumi orta məktəbinin psixoloqu Mətanət Kərimova qonaqlara layihə haqqında geniş məlumat verib.

O bildirib ki, Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların əsas ehtiyaclarının ödənilməsi və cəmiyyətə inteqrasiyası valideynlərin üzərinə düşür. Ailə, uşağın təliminə, inkişafına cəlb olunan ilk müdafiə
mühitdir. Bu baxımdan uşaqların həyatında əsas rol oynayan valideynlərin öz övladlarını hər kəsdən daha yaxşı tanıması vacibdir. Bəzi hallarda, valideynlər öz övladlarında olan fiziki qüsurları gizlədərək onların inkuliziv təhsil almaq imkanından məhrum edirlər.

Valideynlərə münasibətləri möhkəmləndirmək və səmərəli əməkdaşlıq yaratmaq üçün onların bilik və bacarıqlarının artırılmasını vacib hesab etdiyimizdən bu layihəni ərsəyə gətirdik.

Layihə çərçivəsində evdə təhsilə cəlb edilən şagirdlərin valideynləri ilə psixoloji təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Açılış mərasimində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşı Ramin Mahmudov çıxış edərək əmin olduğunu bildirib ki, layihənin uğurlu icrası ilə Quba məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin cəmiyyətə inteqrasiyasında valideynlərin rolu daha da yüksələcək.

Təhsil və gənclərlə bağlı layihələr üzrə ekspert Etiram Sadıqzadə son illərdə ölkəmizdə keçirilən qrant müsabiqələrin əhəmiyyətindən və təhsilin inkişafında oynadığı roldan danışıb.

Qeyd edək ki, Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə keçirilən tədbirdə Quba şəhər 1 nömrəli tam orta məktəbinin, Quba şəhər təbiət fənləri təmayüllü məktəb-lisey və Quba şəhər 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin inklüziv və xüsusi təhsil siniflərində fənn tədris edən müəllimlər, eləcə də məktəb psixoloqları, təşkilatçıları, uşaq birliyi rəhbərləri və sosial pedaqoqları iştirak edib.


Share: