Qubanın “Ay işığı” ədəbi məclisindən bir neçə yarpaq şeir…

Müstəqil.Az mütəmadi olaraq yeni imzalara yer ayırır, onların yaradıcılıqlarından nümunəlri dəyərli oxucularımızın diqqətinə çatdırır.
Budəfə Qubanın “Ay işığı” ədəbi məclisi qonağımızdır. Məclis üzvlərindən bir neçə şairin şeirini oxuculara təqdim edirik.

 

 Mürfəttar

 

Dəyirmanım dərd evidir,

Gecə-gündüz dərd üyüdür,

Çoxu gəlib dərd ovudur,-

Dərdin yolu məndən keçir.

 

Nə astardan,üzdən deyil

Nə ipəkdən, bezdən deyil,

Keçəl Həmzə bizdən deyil

Mərdin yolu məndən keçir.

 

Araz,Samur çaydı,-axır,

Yolu bağlı qoydu axır,

Sinəmi qəm oydu axır

Yurdun yolu məndən keçir.

 

Sərvinaz Sərvər

 

               Əlvida

Söz-söz çəkirəm əzabı,

Əzab söz-söz çəkir, məni.

Quru bir məzar daşı

Son xatirə,

Xatirələr əzir məni.

Son dəfə

Baxışların soyuq gülümsəməsi

O baxış, sənli fikirlərin baş daşı,

Altından heç vaxt sevgi

cücərməyəcək.

Əzəmətli heykəl,

ürəyimdə.

Heç vaxt daşmayacaq sel,

gözlərimdə.

Dil açmayacaq istək,

sözlərimdə.

Mənimlə amma sadəcə

Əlvida….

 

Gülnaz Qubalı

 Xalçamız

Ta qədimdən günümüzə yol gələn,

Uluların güman yeri xalçamız.

Muzeyləri, sərgiləri bəzəyən

Bu dünyanın heyran yeri xalçamız.

 

Hər ilmədə neçə gözün işığı,

Hər naxışı dildə dastan xalçamız.

“Pirəbədil”, “Qollu çiçi”,”Ağ gül”ü,

Yaddaşlara möhür vuran xalçamız.

 

Hər birimiz bu dünyaya gələndə

Hamımıza açıb qucaq xalçamız.

Bu dünyadan köçəndə də bizləri

Bir dost kimi aparacaq xalçamız.

 

Nəhayət Şirinova

Qızımın toy gününə

Sən ömür bağçamda açan çiçəksən,

Arzumdur, xoşbəxt ol, hər zaman qızım.

Həyatda nə qüssə, nə qəm görəsən

Kaş bəxtin yazılsın qızıldan, qızım.

 

Sən mənim gözümə tək dolan sevinc,

Sən dünya içində dünyamsan, qızım.

Sən ilk növbaharım, sən ilk baharım,

Xoşbəxtlər xoşbəxti olasan, qızım.

 

Güllərdən gözəlsən, şirin sözlümsən,

Ürkək baxışlımsan, gözəl gözlümsən.

Dövlətim, varımsan, cah-cəlalımsan,

Bəxtin de donun tək ağ olsun, qızım.

Elşən Təhməzov

 Atmadı məni

Yenə ötənləri saldım yadıma,

Bir damla göz yaşım atmadı məni.

Sevinclə, kədərlə qaldım baş-başa

Kədərim sevincə satmadı məni.

 

Sənli xatirələr, sevimli anlar,

Səninlə yaşanan gözəl zamanlar,

Mənə sevinc verib kədər alanlar

Bir daha kədərə qatmadı məni.

 

Sən axı bu eşqi əziz sayırdın,

Günəşdən od alıb şəfəq yayırdın,

Məni məndən alıb məndən ayırdın

O gündən bu sevgi dadmadı məni.

 

 

Ofeliya Səma Ramazanlı

 

Mənə ölü deməyin

 

Geydiyim əcəl kürküdü,

Soyunsam, ölü deməyin.

Başımdan bir ağıl düşüb,

Tapmasam, dəli deməyin.

 

Nələr var tale yazımda,

Çal, oxu ömür sazımda.

Sönsə ocağım yasında

Oynasın külü deməyin.

 

Tanrıya dua tutmuşam,

Əllərimi unutmuşam.

Sözümü çölə atmışam,

Lal olub dili deməyin.

 

Share: