Uzaqdan əzəmətli bir dağa bənzəyir …
Yaxınlaşdıqca üzündə atamın təbəssümünü görürəm sanki…Dəfələrlə özünə də demişəm, atama çox bənzəyirsiniz. Bilirəm, qız uşaqlarını da həddindən artıq çox sevir.
Bəlkə də üç oğul atası olduğuna görədir…
Bizə ata şəfqəti ilə yanaşan Ramiz Qusarçaylının gözlərindəki ata sevgisi,mehriban təbəssümü, diqqəti,qayğısı o qədər gözəl, mükəmməldir ki,sözlə ifadə etmək mümkün olmur o hissləri.
Mən onun yanında ərköyün bir uşağa dönürəm çox vaxt.
Əzizləməsini, nazlamasını, diqqətini, qayğısını sevirəm…
Atasızlığımı unuduram yanında…
O, xoş zarafatlarına ürəkdən güldüklərimdən, hər uğuruna bütün varlığımla sevindiklərimdəndir…
Şeirlərindəki bənövşə,yasəmən,süsənlərin nazını sözlə çəkən ustadın təbiət təsvirləri onun səmimiyyətinin, istiqanlılığının,təbiiliyinin ən bariz nümunəsidir desəm,yanılmaram.
“Qarabağda “2” alıb,
Sinifdə qaldığım vətən.”-
deyən ustad əslində mükəmməl şəxsiyyət olduğu üçün, həm gözəl ata olmağı bacardığı üçün, həm həyat dərslərindən, sınaqlardan,insanlıqdan böyük bir “5” alıb…
Mən Qubanı Ramiz Qusarçaylı olduğu üçün daha çox sevdiyimin də fərqindəyəm…
Ora gedərkən onu görmədən qayıtmağın günah olduğuna inanan biriyəm həm də.
Bəzən söhbət zamanı öz ustadlarından,dövrünün tanınmış söz ustalarından danışdıqca qürurlanaraq onlarla keçirdiyi xoş anları bölüşüb bir zaman elə bir mühitdə olduğu üçün fəxr etdiyini söyləyəndə sakitcə gülümsünürəm və mən də sizlərdən- Ramiz Qusarçaylı, abi dediyim əziz insan Ayaz Arabaçı, Zahid Sarıtoraq, Süleyman Abdulla,Vasif Süleyman (hamısının adlarını sadalamıram) və s. kimi ustadlardan bəhrələndiyim üçün, sizlərin yanında olduğum üçün özümü necə şanslı və xoşbəxt sayıram bir bilsəniz, deyirəm…
Ramiz Qusarçaylı sözü ilə,özü ilə, sənəti ilə ,insanlığı ilə tam və mükəmməl bir şəxsiyyətdir.
Müasir ədəbiyyatımızın əsas sütunlarından biri, haqqın,doğruluğun səsidir.
Ən nəhayət Qubadır,Dərbənddir,Təbrizdir,bütöv Azərbaycandır.
Qürbətdə yaşayıb illər sonra həsrətini çəkdiyi yurduna qədəm qoyanda diz çöküb torpağını ovuclamaq, sarılmaq istəyən insanın sevgisidir, Ramiz Qusarçaylı…
Ramiz Qusarçaylı özü də bilmədiyi qədər xoşbəxtdir əslində…
Bu gün onun dünyaya gəldiyi gündür. Onunla bərabər ədəbiyyatımızın da bayramıdır!
Könlümüzün ,söz dünyamızın, qəlbimizin, mənəviyyatımızın şahı, ustadım,mənəvi atam, doğuluşunuz mübarək!
Mənə bir söz verin, ən azı 100 yaş yaşayacaqsınız, hər zaman yanımızda olacaqsınız…
Sevgi və sayğılarımla :
Aysel Xanlarqızı Səfərli
Müstəqil.Az