“Rosneft”in İraq Kürd Muxtariyyəti neftinin 70%-ə qədərini alması haqqında razılaşmanı yerinə yetirmək mümkün deyil.
Müstəqil.Az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında İraq Kürd Muxtariyyəti parlamentinin Maliyyə və İqtisadiyyat Məsələləri Komitəsinin sədri İzzət Saber söyləyib. Onun sözlərinə görə, yeni razılaşma üçün “Rosneft” artıq rəsmi Bağdada müraciət etməlidir:
“Rosneft artıq 1 milyard dolları avans olaraq Ərbilə verib. Bu pullar Ərbilin Birləşmiş Ərəb Əmirliyinin “Dana Qaz” şirkətinə olan borclarının bağlanmasına yönəldilib. Bizim “Rosneft”lə müqaviləmiz 3 milyard dollar dəyərindədir. İkinci 1 milyardlıq pulu biz Türkiyənin Ceyhan limanına gedəcək qaz kəmərinin tikintisinə yönəldəcəyik. Üçüncü milyard dollar isə regiondakı 5 neft blokunun inkişafı üçün xərclənəcək.
İraq Kürd Muxtariyyəti ilə olan müqaviləyə əsasən, Rusiya muxtariyyətin ixrac etdiyi neftin 70%-ni dünya bazarlarındakı qiymətdən aşağı əldə etməlidir. Lakin razılaşmanın bu bəndi icra edilməyəcək. Belə ki, muxtariyyətdən ixrac 700 mindən 200 min barrelə qədər azalıb. Bu o deməkdir ki, “Rosneft” artıq Bağdadla danışıqlar aparmalıdır. “Rosneft”lə Ərbilin razılaşması 3 milyard dollardan çoxdur”.