Qulam Məmmədlinin 125 illiyinə həsr olunmuş elmi sessiya keçirildi

Qulam Məmmədlinin 125 illiyinə həsr olunmuş elmi sessiya keçirildi

Ədəbiyyat İnstitutunda Qulam Məmmədlinin 125 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli salnaməçi alim Qulam Məmmədlinin 125 illiyinə həsr olunmuş elmi sessiya keçirilib. Elmi sessiyanı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq qonaqlara gəldikləri üçün minnətdarlığını ifadə edib.
Qeyd edib ki, “Qulam Məmmədli salnaməçilik ənənəsini yaratmış böyük salnaməçidir. Bizim ədəbiyyat tarixçiliyi üçün orta əsrlərdə əsas mənbə təzkirələrdir. Tarix elmi üçün isə ən böyük mənbə salnamələrdir. Qulam Məmmədlinin xidməti ondan ibarətdir ki, o, əsrlər boyu mövcud olmuş tarixi salnamələrin əvəzinə ədəbi salnamələr yaratmışdır. Azərbaycanda ədəbi salnamə janrının banisidir. O ilk dəfə “Molla Nəsrəddin” salnaməçisi kimi tanınıb. Sonralar Hüseyn Cavid, Nəriman Nərimanov və başqaları haqqında sanballı salnamələr hazırlayıb elmi dövriyyəyə təhvil verdi. Salnamə yaratmaq üçün illərlə tədqiqat apararaq “İran Azərbaycanının müasir şairləri”, “Səttarxan” şeirlər toplusu, “Xiyabani”, “Cənubi Azərbaycan şairləri antalogiyası”, Qılman İlkinlə birgə tərtib etdiyi “Qızıl səhifələr” sənədlər toplusu, “Atmacalar”, “Əliağa Vahid. Seçilmiş əsərləri”, “Qapı oğrusu”, “Məmmədəli Manafzadə Sabit”, “İbrət güzgüsü. Şeirlər, hekayələr və məqalələr” və başqa nəşrləri ortaya qoymuşdur. Bu böyük alim “Azərbaycanın Əməkdar mədəniyyət işçisi” fəxri adı, Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatı laureatı, “Əmək veteranı” medalı ilə təltif olunub.
Cəlil Məmmədquluzadənin 140 illik yubileyində Naxçıvan Dövlət Universitetinin rektoru kimi dövlət proqramı əsasında Naxçıvanda Mirzə Cəlillə bağlı üç əsəri çap etdirdik ki, onun biri də Qulam Məmmədlinin salnaməsi idi. Bu gün də biz onun xatirəsinə ehtiramla yanaşır, əsərlərini dövriyyəyə gətirmək istəyirik”.

Sonra Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli “Qulam Məmmədlinin həyat və yaradıcılığı” adlı əhatəli məruzə edib. Məruzəsində Qulam Məmmədlinin (1897-1994) tərtib etdiyi “Molla Nəsrəddin”, “Hüseyn Ərəblinski”, “Azərbaycan teatrının salnaməsi” – iki hissəli, “Üzeyir Hacıbəyov”, “Cavid ömrü boyu”, “Nəriman Nərimanov”, “Abbas Mirzə Şərifzadə” və digər salnamələrin adlarını çəkib. Bildirib ki, “Qulam Məmmədli universitet bitirməsə də, əsl həyat universiteti keçmiş, şəxsi mütaliədən, adi həvəs və maraqdan, ədəbiyyatımızın, mətbuatımızın, teatr tariximizin nüfuzlu araşdırıcısına çevrilmiş, bir sözlə, az qala bütöv bir institutun öhdələyə biləcəyi işləri görmüşdü. O, Mirzə Cəlili, Ə.Haqverdiyevi, N.B.Vəzirovu, Ruhulla Axundovu, Salman Mümtazı, Üzeyr Hacıbəyovu, Cəfər Cabbarlını görmüş, onların bir çoxu ilə şəxsən dost olmuşdu”.
Elmi sessiyada tarix elmləri doktoru Solmaz Tohidi, BDU-nun professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu “Qulam Məmmədli mətbuat tarixinin araşdırmaçısı kimi”, “Ədəbiyyat qəzeti”nin məsul katibi, Əməkdar mədəniyyət işçisi, teatrşünas Atababa İsmayıloğlu “Qulam Məmmədli fenomeni”, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva “Qulam Məmmədli və “Molla Nəsrəddin” jurnalı” adlı məruzələrini səsləndiriblər.
Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd “Qulam Məmmədlinin şəxsi arxivi və əlyazmaları haqqında” mövzusunda məruzəsində vurğulayıb ki, “zəngin və çoxşaxəli yaradıcılıq yolu keçən Q.Məmmədlinin şəxsi arxiv materiallarının 38 saxlama vahidindən ibarət bir hissəsi 1975-ci ildən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun saxlancında fond- 31-də qorunur. Onun şəxsi arxivi ilə bağlı iki kitab işıq üzü görmüşdür. Afaq Əliyeva və Pərvanə Teyyubovanın Qulam Məmmədli arxivinin təsviri kitabı çap olunmuşdur.
Bu materiallar içərisində ilk baxımdan diqqəti cəlb edən iki tərcümeyi-hal vardır. Onlardan biri 1972-ci ildə rus dilində 3 səhifəlik qara makina çapı, “Qısa tərcümeyi-halım” digəri isə 1979-cu ildə Azərbaycan dilində kiril əlifbası ilə yazılmış avtoqrafıdır. Bu tərcümeyi-hallar Q.Məmmədlinin 1980-ci ilə kimi həyat və fəaliyyətinin özü tərəfindən işıqlandırılması baxımından dəyərlidir…
Bu gün AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində Q.Məmmədliyə məxsus müxtəlif əlyazmalar vardır ki, bunlardan şəxsi fondu mətbu və qeyri-mətbu materialları, ən başlıcası isə, əlyazma şəklində olan “Təzkirə”si mövcuddur. Aybəniz Rəhimova bu “Təzkirə”ni çap etdirmişdir”.
Tədbirdə “Salnaməçi” (Qulam Məmmədli) sənədli televiziya filminin nümayişi də olub.

Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Müstəqil.az

Share: