Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş vermiş silahlı insidentdə təqsirləndirilən Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynovun apelyasiya şikayəti və prokuror tərəfindən verilən apelyasiya protesti üzrə məhkəmə prosesi keçirilib.
Müstəqil.Az Publika.az-ın məlumatına görə bildirir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib.
Təqsirləndirilən Bəhruz Rəfiyevin vəkili Adəm Məmmədov müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Daha sonra çıxış edən “Astarlı Fuad” kimi tanınan Fuad Əsgərovun vəkili bildirib ki, bu silahlı insident olayında müvəkkilinin heç bir təqsiri yoxdur.
Fuad Əsgərov da günahsız olduğunu bildirib: “Mənə deyirlər ki, hadisədən sonra xəstəxanada niyə adını səhv demisən. Müstəntiqin versiyasına görə, guya, mən istintaqdan yayınmaq istəmişəm. Xeyr, mən ağır halda xəstəxanaya çatdırılanda, adımı qəsdən səhv dedim. Çünki vəziyyətim pisdir. Heç kim mənə görə pis vəziyyətə düşməsin deyə, belə etmişəm. Gərək insan öləndə kişi kimi ölsün. Mən kişi kimi yaşamışam, kişi kimi də öləcəm”.
Növbəti proses mayın 15-də davam edəcək.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Qarazədə 7 il, Samir Allahyarov (Ayqam Samir) 10 il, Fuad Əsgərov (Astarılı Fuad) 8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Tağıyev 3 il, Araz Vəliyev 3 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, birinci instansiya məhkəməsində çıxış edən prokuror Tofiq Qaramizadənin 12 il, Fuad Əsgərovun 15 il 6 ay, Bəhruz Rəfiyevin 13 il, Müzəffər Cəfərovun 7 il 9 ay, Samir Allahyarovun 18 il, Süleyman Abdullayevin 15 il, Araz Vəliyev, Murtuza Tağıyev və Hüseyn Hüseynovun isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, cinayət hadisəsi 20015-ci il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı Fuad Əsgərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov, Bəhruz Rəfiyev və digər şəxslər tutulub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham edilib.
Hadisə kriminal aləmdə nüfuza malik olan Lotu Quli ləqəbi ilə tanınmış Nadir Səlifov və Rövşən Lənkəranski ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdarları arasında baş verən mübahisə ilə bağlı törədilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərin bəziləri Lotu Qulinin, bəziləri isə Rövşən Lənkəranskinin tərəfdarıdır.