Ölkədə ərəb dilində ilk dəfə çap olunan Quran nüsxələrinin satışı böyük növbələr yaratdı.
Moderator24.com yazır ki, bu haqda “Fərqanə” agentliyi xəbər yayıb. Kitablar Daşkənddəki “Xilol nəşr”(”Halal nəşr”) nəşriyyatı tərəfindən Mədinə şriftləri ilə nəşr olunub. Müqəddəs Kitabın yeni nəşrinin ilk nüsxələrini almaq istəyənlərin sayı o qədər çox olub ki, Özbəkistan paytaxtında “İlonli ota” məscidinin yaxınlığında yerləşən nəşriyyat dükanı önündə böyük bir növbə sırası meydana gəlib. Bu səbəbdən hələlik hər bir alıcıya yalnız bir kitab satmaq qərarı verilib. Birinci mərhələdə ərəbcə Quranın10 min nüsxəsi çap edilib. Ümumilikdə isə təxminən Müqəddəs Kitabın yeni nəşrindən 50 min nüsxə buraxmaq planlaşdırılır.
Müsəlmanlar nəşriyyatın internetdə saytında da sifariş edə bilərlər. Bir Quran kitabının dəyəri isə cəmi 31 min özbək sumu (3,8 dollar) təşkil edir.
Əvvəllər Özbəkistana ərəb dilində Quran nüsxələri Türkiyə, Səudiyyə Ərəbistanı və digər ölkələrdən idxal edilirdi. Eyni zamanda kitabın qiyməti indikindən iki dəfədən çox baha – 70 min sum (8,6 dollar) idi.
Qeyd edək ki, Mədinə şrifti ilə nəşr edilən Quran dünyada ən çox yayılan kitablardan biridir.
P.S. Azərbaycanda da hələki ərəb dilində Quran nəşr olunmur, Türkiyə və Ərəbistandan gətirilir…