Yaşadığımız Ramazan ayı həm də “Quran”ın nazil olması ilə müqəddəsdir. Bildiyimiz kimi, Qədr gecəsində nazil olan bu İlahi kitab 114 surədən ibarətdir. Sual yaranır: müqəddəs kitab niyə məhz 114 surədir? Başqa ədəd ola bilməzdimi? Bunun tərtibçilərin iradəsi ilə deyil, məhz Allah-təalanın elmi və qərarı ilə baş tutmasını aşağıdakı düsturdan görmək olur.
Elmi-lədun araşdırmalarımız göstərir ki, “Quran”özündən əvvəlki səmavi kitabları təsdiq etməklə yanaşı, özü-özünü də riyazi şəkildə təsdiq edir. Məsələn:
Kainatın 4 cəhətdən;
Təbiətin 4 fəsildən ibarət olmasını;
İnsanın 4 ünsürdən yaranmasını;
Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək:
7 + 286 + 200 + 176 = 669
Bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi “Quran”da bəşəri dəyərlər, mülayimlik rəmzi sayılır.
Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə, 9 rəqəmi ilə gəlir və sayı 11 olan bu (9, 19, 29, …… 109) surələrdəki ayələri cəmləsək 555 ədədi alınar:
129 + 98 + 69 + 75 + 18 + 24 + 52 + 46 + 30 + 8 + 6 = 555
Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən 555 ədədi “Quran”da sərtlik, cəza rəmzi sayılır. (Yeri gəlmişkən, 9 rəqəmi “Tövbə” surəsinin sıra nömrəsi olduğundan, müqəddəs kitabda tövbə və cəza rəmzi sayılır.)
Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq:
669 – 555 = 114
Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi “Quran”ın surələrinin sayı (kodu) olan 114 ədədini göstərir.
Düsturdan o da məlum olur ki, müqəddəs kitab mülayimliklə sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur:
“Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!” 13:6
Bu və digər hesablamalarımız göstərir ki, Həzrət Peyğəmbərimizə Qədr gecəsində vəhy olunan “Quran” ayələri Həzrət Osmanın xəlifəliyi dövründə kitab halına salınsa da, buradan heç bir ayə çıxarılmamış və yaxud əlavə edilməmişdir. Yuxarıdakı düstur sübut edir ki, müqəddəs kitab insan beyninin məhsulu olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir.
Yeri gəlmişkən, bu qanunauyğunluğu sübut edən yuxarıdakı düstur da insan beyninin məhsulu deyildir. Belə ki, bu düsturu Həzrət Cəbrail əleyhissəlam Neftçala rayon sakini Hacı Xalidə vəhy edərək: “Sabah Paşa Yaqub adlı bir nəfər sizə qonaq gələcək, bu düsturu ona ver” deyə, tapşırmışdır. Düsturu insanlara çatdırmaqda Yaradanın mesajı odur ki, cahillər: “Məhəmməd “Quran”a özünə sərf edən ayələr əlavələr etdi”, “Ömər Əli haqda olan ayələri oradan şıxardı” kimi cəfəng fikirlərinə son qoysunlar!
Həzrət Cəbrailin nazil etdiyi bu düstur, “Quran”a insan əliylə müdaxilənin mümkünsüzlüyünü sübut edir!
“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94.
Paşa Yaqub,
Psixoterapevt, elmi-lədun bilicisi