Mərhəmətli və Rəhimli Allahın adı ilə!
“Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir kitabdır”(əl-Bəqərə, 2)
Biz cild-cild kitab oxuduğumuzla öyünərik. Yazılarımızda xüsusilə xarici müəlliflərdən sitat gətiməyi sevərik. O müəlliflərdən ki, bəzən bizi özümüzdən uzaqlaşdırır. Biz belə müəlliflərə nədənsə xüsusi heyranlığımızı ifadə edir, onların əsası, kökü olmayan fikirlərini gənc nəslin beyninə yeridirik. Düşünürəm ki, əsərlərini iman işığında qələmə almış dahi Nizami ilində ətrafına İslama nifrəti təlqin edənin biri birdən dönüb imana gələrsə necə olar? Reallığa görə, o təsirə düşən, özünü axtaran gənclərin əksəriyyəti ona bənzəməyə çalışarlar…
Bütün bu fikirlərlə yaşadığımız müqəddəs Ramazan ayında mən də, sevdiyim ilahi bir kitabdan söhbət açmaq istədim. Bəlkə kimsə düşünəcək ki, hər kəs Qurani Kərimdən danışa, onun mahiyyətindən söz aça bilməz. Əlbəttə ki, bu alimlərin işidi. Amma bu toxunulmazlıq sindromi ilə müqəddəs kitabımızdan da, uzaq düşmək olmaz. Çünki Quran sözünün mənası oxumaq deməkdir və insanlara İlahi tərəfindən oxuyub öyrənmək üçün bəxş edilib.
Allah Təala bütün peyğəmbərlərə möcüzələr bəxş edib. Musa peyğəmbərin dövründə sehrbazlıq çox yayılmışdı. İlahi Musaya (s) elə bir möcüzə verdi ki, o bütün sehrbazların oyunlarını puça çıxardı. İsa peyğəmbərin (s) dövründə isə tibb elmi inkişaf etmişdi. Belə bir zamanda Uca Allah İsaya (s) xəstələrə şəfa vermək, hətta ölüləri diriltmək kimi bir möcüzə verməklə insanlara Haqq olduğunu göstərmişdi. Sonuncu Peyğəmbər Məhəmmədə (s) isə ta qiyamətədək oxunduqca dəyərini artıran, işığı ilə qəlbləri aydınladacaq Qurani Kərim möcüzəsi bəxş elədi. Qeyd edək ki, Qurani Kərimin nazil olduğu zamanda şeir yazmaq, söz qoşmaq insanlar arasında geniş vüsət almışdı. Bunlar Qurani Kərimin əş-Şüara (Şairlər) surəsində də, öz əksni tapıb. Yeri-göyü, aləmləri xəlq edən böyük Yaradan hər kəsin nə etdiyindən, yazdığından, əməllərindən xəbərdardır.
Uca Allah İslamın müqəddəs kitabı olan Qurani Kərimi bəşəriyyətə hidayət olaraq nazil etdi: “İnsanlara doğru yolu göstərən, bu yolun, haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran Ramazan ayında nazil edilmişdir. (əl Bəqərə,185). Ona görə xüsusilə Ramazan ayında Qurani Kərim müsəlmanların stolüstü kitabına çevrilir və oxunduqca qəlblərə şəfa verir. İnsan oxuduğu bir kitabdan özü üçün nəsə götürməlidir. Qurani Kərim isə elə bir ilahi kitab, elə nur mənbəyidir ki, onu oxuduqca öyrənir, öyrəndikcə düşündürür. Bir yerdə ki, söhbət ilahi ədalətdən, mərhəmətdən, birlikdən, əmin-amanlıqdan və.s. söhbət gedir insan nədən ona can atmasın ki? Bütün bu arzu olunanlar isə insan doğru yolda olanda əmələ gəlir. Qurani Kərim yuxarıda qeyd edilən ayədə də göstərildiyi kimi, bizə doğru yolu göstərir. Bəs bu doğru yola necə çıxmaq olar? Yalandan, haqsızlıqdan, rüşvətdən, sələmdən, riykarlıqdan, qeybətdən, dünyanın düzənini pozmaqdan, elmsizlikdən və.s. uzaq durmaqla. Uca Allah adildir, böyük lütf sahibidir, bağışlayandır. Fəqət sən tövbə edib doğru yola gəlməzsən Qəhhar olan Allahın cəzası da şiddətli, ağır olar. Sən İlahi möcüzə olan bu dünyada qonaq kimi ədəbi öyrənmədikcə aləmdən, yəni Yaradandan narazı olacaqsan. Kin-kidurət səni yıxacaq, özünə yer tapa bilməyəcəksən. İlahi elmi anlamadıqca qəlbin rahatlığa qovuşmaz: “Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır”(ər-Rəd, 28).
Dünyada qazandıqların Allahın sənə hədiyyəsidi. Böyük lütf, mərhəmət sahibi olan Yaradan müqəddəs kitabında buyurur ki, gecə-gündüz mal-pulunu sayıb özünü öymək yerinə, Allahın sənə verdiyi nemətdən kasıb qohumlara, qonşulara, qonaqlara, yetimlərə, bir sözlə, ehtiyacı olanlara da ver. Malın zəkatını unutma. Yoxsa xeyir-bərəkətin olmaz və bu dünyada qazandıqların axirət yurdunda sənə ancaq zülmü, cəhənnəm odunu nəsib edər. İlahi qanunlara əməl etmədikcə dünya insanın gözündə adiləşər və o yaşamağın mənasız olduğunu düşünər. Bu cür düşüncəylə günümüzdə olduğu kimi, intihar halları durmadan artar. Fəqət həyatında baş verən sıxıntıları belə İlahi imtahan kimi qəbul edən insanın dünyaya baxışı dəyişir. Özünü başqalarına göstərmək əvəzinə təqvanı, Allahın razılığını düşünür. Ondan ki: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o axirətdə ziyana uğrayanlardan olar” (ali-İmran, 85).
Peyğəmbərimiz buyurub: “Elm öyrənmək hər bir möminin vəzifəsidir” və ya “Beşikdən qəbrədək elm öyrənin!”. İslamın Müqəddəs kitabı olan Qurani Kərim elmi, alimi yürsək dəyərləndirir. Quranda elmə aid 1000-dən çox ayə var. “Həqiqətən göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri istədiyi səmtə yönəltməsində düşüncəli insanlar üçün dəlillər vardır (əl-Casiyə, 3,4,5). Müsəlman alimi Məhəmməd Əbdus Salam 1979-cu ildə (fizika üzrə) Nobel mükafatını alarkən bu ayəni söyləmişdir: “Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir (əl-Mülk, 3,4).
İlk kağız fabrikası 794-cü ildə Bağdadda harun ər-Rəşidin vəzirinin oğlu ibn Fazil tərəfindən qurulub. Belə bir fabrik 800-cü ildə Misirdə, 950-ci ildə İspaniyanın cənubunda inşa edilib. Avropada isə bu cür fabrikalar bundan xeyli sonra yaranmağa başlayıb. Barıt və topdan ilk dəfə müsəlmanlar istifadə etmişlər. İlk təyyarə tipli cihazı 880-ci ildə ibni Firnans adlı müsəlman qurub. İlk xəstəxana 707-ci ildə Əməvi xəlifəsi Vəlid ibn Əbdülməlik zamanında təşkil edilib. Nyutona aid edilən binom düsturunu cəbrə gətirən Ömər Xəyyam olub. Bu siyahını çox uzatmaq olar. Ancaq bir faktı diqqətə çatdırmaqla müsəlman elminin hələ neçə əsr bundan əvvəl necə inkişaf etdiyinin şahidi oluruq. Belə ki, Konstantin adlı bir papa müsəlman alimi Əli Bin Abbasın “Kitabül Məliki” (tibb ensiklopediyası) adlı əsərini italyan dilinə çevirərək müəllif kimi “Liber Pateqni”adı ilə satışa buraxır. Bu haqsızlığı düz 40 il sonra Stepan adında bir keşiş aşkara çıxarıb. Avropaya elmin keçməsində bir körpü olan Əndəlusda (İspaniya) müsəlman elminin oğurlanması beləcə bir vaxtlar geniş yayılıb. Haqsızlıq o həddə çatıb ki, 13-cü əsrdə Seviliyada müsəlmanların əsərlərini oğurlamağı qadağan edən qanun belə meydana gəlib. Təkcə bu fakt bizə çox şeyi deyir və sübut edir ki, müsəlmanlar elmsiz deyil, əksinə öz elmi bilikləri ilə həmişə başqalarından daha irəlidə olublar. Bunu görməzdən gələnlər isə cild-cild söz yığını olan kitabları oxusa nə olar, oxumasa nə…
Mina Rəşid