Qurban olursa, qoy dürüstlüyə Qurban olsun!

Qurban olursa, qoy dürüstlüyə Qurban olsun!

Mənim “Qarabağ” və Qurbanın qələbələri haqda həmişə bir fikrim olub. Deyəcəm.

Bir sirrimi açım, sonra. Kimi tanımaq, şeyxlər demiş, bilmək istəmişəmsə, ondan müsahibə götürməyə getmişəm.

Aktiv jurnalistika ilə məşğul olanlar bilirlər, müsahibə 3 hissədən ibarət olur: diktofonu qoşmazdan əvvəl, diktofonla, diktofonu söndürəndən sonra. Bunun yalnız biri – sadaladığımın ikincisi yazılır, əlbəttə, ixtisar və redaktələrlə. Bütün bu ritualın adı SÖHBƏTDİ. Mən canlı söhbətdən böyük ritual, canlı söhbətdən zəngin informasiya mənbəyi tanımıram.

Qurbandan 2011-ci ildə uzun müsahibə götürmüşəm (dostumuz Coşqun Eldaroğlunun vasitəçiliyilə; onda Coşqundan xahiş elədim ki, Qurbanla görüşmək istəyirəm, o da sağ olsun, müsahibəni təşkil elədi), sonra Qurban “Teleqraf”ın məşhur “Brifinq” layihəsinin qonağı kimi ofisə gəldi, axırda hamıyla – o cümlədən mənimlə – qoşa şəkil çəkdirdi.

Mən Qurbanın və “Qarabağ”ın uğurlarının sirrini dürüstlükdə görürəm. Bu mənim ölkəm üçün prinsipial məsələdir! Bu mənim ölkəmin insanları üçün əvəzsiz örnəkdir, onkologiyamızın dərmanı, çarəsi, türkəçarəsidir.

“Qarabağ” adına ilk qələbə sevinclərini bizə o bəxş eləmişdi. Yadımızdadır!

Çox istərdim axıracan belə qalsın. Çətindir, amma qalsın. Sapmasın. Komandanı qalibiyyətə aparıb, özü məğlub olmasın.

Qurban olursa, qoy dürüstlüyə Qurban olsun.

Qurban Yaquboğlu

Share: