Qurban Qurbanov: “Fəxr edirəm ki, azərbaycanlıyam, “Qarabağ”ı çalışdırıram”

“İlk növbədə futbolçularımı təbrik edirəm. Hesabdan çox oyun maraqlı idi. Futbolçular bunu bacardılar. Lakin hesab bizi aldatmamalıdır. “Düdelanj”ın APOEL üzərində layiqli qələbə qazandığını düşünürəm. İkinci hissədə bəzi səhvlərimiz oldu. Bununla belə, qələbə qazandıq və bu münasibətlə futbolçularımızı və komandamıza dəstək olan bütün azarkeşləri təbrik edirəm”.

Müstəqil.Az bildirir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Lüksemburqda “Düdelanj”a 4:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin II tur matçından sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis ilk yarıda baş vermiş erməni təxribatı ilə bağlı da danışıb. O bildirib ki, idmanda belə halların tərəfdarı deyil: “Bir dəfə də belə hal baş vermişdi. Həmişə bu cür halları qorxaqlıq adlandırıram. Həmişə belə vəziyyətlərdə insanlıq nümayiş etdirirəm.

Fəxr edirəm ki, azərbaycanlıyam, “Qarabağ”ı çalışdırıram. Oyun dayandıqda da çalışdıq ki, təmkin nümayiş etdirək. Futbolçuları sakitləşdirdik”.

Q.Qurbanov bildirib ki, erməni təxribatından sonra meydanı tərk etsəydilər, komandaya problem ola bilərdi: “Biz qorxaq deyilik, meydandan qaçmarıq. Uduzsaydıq belə, meydana qayıdacaq və mübarizə aparacaqdıq. Bir azərbaycanlı olaraq, qaçmağı özümüzə yaraşdırmıram”.

Baş məşqçi klub rəhbərliyinin UEFA-ya müraciət edəcəyini bildirib: “UEFA sərt qərar qəbul etsə, bu, hamı üçün bir siqnal olacaq”.

Q.Qurbanov qarşıdakı bütün oyunlara ciddi yanaşmanın vacibliyini vurğulayıb: “İndidən hər hansı fikir söyləyə bilmərik. Çox vacib 3 xal qazandıq. Qrupun favoriti “Sevilya”dır. Qalan 3 komanda isə 1/16 finala növbəti vəsiqə uğrunda öz aralarında mübarizə aparacaq”.

Virtualaz.org

Share: