“Konfrans Liqasının pley-off mərhələsində bütün potensial rəqiblərimiz güclü idi. Ötən il olduğu kimi, bu il də ilk olaraq bizim rəqibimiz müəyyənləşdi. Güclü komandalardan biri ilə qarşılaşacağıq. “Gent” ciddi rəqibdir. Belçika futbolu milli komanda səviyyəsində uğurlar əldə edib”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun mətbuat xidmətinə Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə düşmələrini dəyərləndirərkən deyib.
O bildirib ki, “Gent”in son illərdə klub səviyyəsində inkişaf göz önündədir:
“Bu mövsüm Belçikanın digər təmsilçisi “Brügge” Çempionlar Liqasında güclü komandaların yer aldığı qrupda 2-ci yeri tutaraq, mərhələ adlamağı bacarıb. Bu isə onların çempionatlarının, klublarının gücündən və rəqabətindən xəbər verir. Bu mövsüm avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq. Futbolçularıma necə güvənirdimsə, indi də elədir. Qarşıda xeyli vaxtımız var. Çalışacağıq ki, futbolçularımıza hər xırda elementi düzgün izah edək. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. İlk oyunumuz evdə olacaq. İnanıram ki, həm evdə, həm də səfərdə azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları fevralın 16 və 23-də olacaq. “Qarabağ” ilk oyununu evdə keçirəcək.