“Quru yolunun bağlı qalması bu gün daha önəmlidir”

“Quru yolunun bağlı qalması bu gün daha önəmlidir”

Məlum olduğu kimi, ötən gün Nazirlər Kabineti Azərbaycanda xüsusi karantin rejiminin uzadılması ilə bağlı qərarını açıqlayıb. Karantin rejimi oktyabrın 2-dək uzadıldığı üçün quru sərhədlərin də həmin müddətə kimi açılmayacağı istisna edilmir. 

“Qafqazinfo” xəbər verir ki, qərar insanlar arasında birmənalı qarşılanmayıb və ötən gündən bəri sosial şəbəkələrdə müzakirə olunur. 

Məsələ hətta bu gün Milli Məclisin iclasında da qaldırılıb. Deputat Hikmət Babaoğlu düşünür ki, bu gecədən etibarən Rusiyada baş verən hadisələr fonunda quru sərhədlərin bağlı saxlanılması qərarı ən doğrusudur: “Bu gün bir daha aydın oldu ki, cəmisi 1 neçə gün bundan əvvəl Operativ Qərargah nəyə görə quru sərhədlərin bağlı qalması ilə bağlı qərar verdi. Biz bu gün ideoloji minaların təmizlənməsinə səfərbər olmalıyıq”.

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin təqaüddə olan polkovnik-leytenantı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırkı məqamda Azərbaycanın qonşu dövlətlərlə quru sərhədlərinin bağlı saxlanılması Azərbaycanın maraqları, təhlükəsizliyi baxımından çox vacibdir: “Quru sərhədlərin bağlı qalmasının səbəbləri təkcə pandemiya ilə əlaqədar deyil. Burada ölkənin təhlükəsizlik sistemi baxımından bəzi nüanslar var və onların bu formada qalması məqsədəuyğun hesab edilir. Ona görə də, istər Rusiyada baş verənlər, sabah İranda baş verə biləcək hadisələr və digər məsələlərdə hansı şəkildə olur-olsun Azərbaycanın təhlükəsizliyi əsas götürülməlidir. Quru sərhədlərin açılmaması ilə bağlı elə nüanslar var ki, onlar açıqlanmır və Azərbaycanın maraqları, təhlükəsizliyi baxımından çox vacibdir. Bəzi ölkələrin Azərbaycana münasibətlərində bu faktoru saxlamaq, quru sərhədləri bağlı saxlamaq hazırda zəruridir və məqsədəuyğundur. Bu məsələni yalnız məişət zəmininə çevirmək, oradan bizim vətəndaşlarımızın gələ bilmədiyini demək – bütün bu məsələlərin fonunda təhlükəsizlik məsələləri daha yuxarıdadır”.

İ. İsmayıl hazırki məqamda qonşu dövlətlərlə quru sərhədlərin açıq olacağı təqdirdə baş verə biləcək təhlükədən də danışıb: “İstər Rusiyadan, istərsə də İrandan müəyyən təhlükələr olub və onun detalları daha çox təhlükəsizlik orqanına məlumdur. Quru yolların açılması həm iqtisadi baxımdan, həm də vətəndaşların rahatlığı baxımından əslində Azərbaycanın özünə xeyirdir. Lakin görünür elə nüanslar var ki, quru yolunun bağlı qalması bu gün daha önəmlidir. Hansı təhlükələrin olma ehtimalına gəlincə isə, terrorçulardan tutmuş, silahların, partlayıcıların keçirilməsi mümkünləşə bilər. Maksimum çalışılır ki, bu məsələlər yoluna düşənə qədər qadağanı saxlasınlar”. 

Hüquqşünas Aslan İsmayılov da sosial şəbəkə hesabında Nazirlər Kabinetinin məlum qərarının ölkədəki sabitliyin qorunmasına xidmət etdiyini açıqlayıb: “Rusiyadakı hadisələr bir daha bölgəmizdə baş verən təhlükəli proseslərdən xəbər verir. Zənnimcə, dünən bir daha quru sərhədlərin bağlı elan olunması bölgəmizdə baş verən hadisələrlə bağlıdır. Ona görə də, hamınızdan xahiş edib bildirirəm ki, Rusiyada hadisələr yekunlaşana qədər ölkəmizdə sabitliyin qorunması Azərbaycan dövlətinin, onun müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasıdır. Biz bir daha 20-ci əsrin əvvəllərində yol verdiyimiz səhvləri təkrarlamamalıyıq. O dövrdə də Rusiyada xaos başlayanda həqiqətən xalqını, millətini sevən bir çox vətəndaşlarımız, o cümlədən tanınmış ictimai, siyasi xadimlər səhvə yol verib təzəcə elan edilmiş müstəqil dövlətimizdə hakimiyyətin yol verdiyi bəzi səhvlərə görə hakimiyyətin etdiyi xəbərdarlıqları nəzərə almadılar və bu da ölkəmizin işğalına gətirdi”. 


Share: