Futbolçularımdan oyunun çox hissəsinə görə razı qaldım. Hesab onu göstərdi ki, nəticədə 3-cü şəxslərin rolu oldu. Əlbəttə, üzücü oldu. Rəqibin yerində olsaydım, qələbəyə sevinməzdim. Gülməli idi.
Sportnet.az-ın məlumatına görə, bunu Moldova “Sperantsa”sının baş məşqçisi Kristian Yefros Kişinyovda “Neftçi”yə 0:3 hesabı ilə məğlub olduqları Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib. 27 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb…
– 3-cü şəxslər deyəndə, kimləri nəzərdə tutursunuz: Hakimləri?
– Növbəti suala keçin. Hakimlərin idarəçiliyini siz təhlil edin. Bu axşam daha çox onların qərarları ön planda idi.
– “Neftçi”nin hansı zəif tərəflərini nəzərdə tutmuşdunuz ki, bundan istifadə etməli idiniz?
– Müdafiə xəttini nəzərdə tuturdum. Qol imkanlarımız vardı, vura bilmədik. Əks-hücumlarımız daha təhlükəli idi. Qolları 3-cü şəxslər vurdular.
– Belə çıxır ki, cavab matçı formal olacaq?
– Hələ bir həftə hazırlaşmağa vaxtımız var. İlk oyunu təhlil edəcəyik.
– Niyə ikinci hissə başlayandan sonra meydana daxil oldunuz?
– Həmişə belə edirəm, komanda çıxır, sonra mən.
– Niyə ikinci hissə başlayan kimi bütün baş məşqçilər kimi “texniki zona”da olmursunuz?
– Fikir verdinizsə, meydanı hərlənərək ora getməli oldum. Useyn Bolt deyiləm ki, tez çatım.
– Nəyə görə aqressivsiniz?
– Konkret nəyi nəzərdə tutursunuz?
– Suallarımıza aqressiv cavab verirsiniz. Niyə “Neftçi”nin qələbəsinə kölgə salırsınız?
– Niyə sevinəsən belə qələbəyə ki?! Şəxsən mən sevinməzdim. Mən belə insanam. Öz fikrimi deyirəm. Belə qələbə olsaydı, bir həftə yata bilməzdim. Rəqibi nəzərdə tutmuram. Sadəcə, öz düşüncələrimi sizə bildirirəm.
– Roberto Bordini “Şerif”dən məğlub yola salmışdınız. Belə çıxır ki, sizdən revanş aldı?
– Belə də demək olar.
Müstəqil.Az