Şair, yazıçı, jurnalist, Əməkdar mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcidin 60 illik yubileyinə həsr olunmuş “Ağ adam” adlı yeni kitab işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitab müstəqil ədəbi qurum olan “Yazarlar” jurnalı tərəfindən həyata keçirilmiş “Rəşad Məcid – 60” uzunmüddətli layihənin yekunu olaraq, bu müddət ərzində müxtəlif mətbu orqanlarda yayımlanmış ən seçmə nəsr və nəzm nümunələri əsasında ərsəyə gətirilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Vətəndaşlıq və professionallıq nümunəsi” adlı giriş məqaləsində yubilyarın həyat və yaradıcılıq fəaliyyəti barədə tam dolğun məlumat verilib.
Kitabda Rəşad Məcidin ömür yoluna işıq tutan Fəxri Uğurlunun, Vaqif Yusiflinin, Xalq şairi Nəriman Həsənzadənin və digər qələm adamlarının yazıları yer alıb. “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac tərəfindən tərtib olunmuş “Ağ adam” kitabının redaktoru Günnür Ağayeva, naşiri isə Tuncay Şəhrilidir.
Kitab yaxın günlərdə yubilyara və geniş oxucu kütləsinə təqdim olunacaq.