Rəşad Məcidin Vətən şeirləri barədə mülahizələrim – Zemfira MƏHƏRRƏMLİ

Rəşad Məcidin Vətən şeirləri barədə mülahizələrim – Zemfira MƏHƏRRƏMLİ

Ədəbiyyata gəldiyi erkən yaşlarından, sonralar isə ədəbi cameəmiz tərəfindən sayğıyla qəbul ediləndən üzü bəri oxucuların sevimlisinə çevrilən bir qələm adamı var − Rəşad Məcid! Tanınmış şair-publisist, yazıçı, naşir Rəşad Məcid. Peşəkar redaktor R. Məcidin yaratdığı və onun rəhbərliyi ilə bir qərinədən artıq müddətdə nəşr edilən “525-ci qəzet”in bu gün yol yoldaşımıza, həyat bələdçimizə çevrildiyinin də fərqindəyik.

Çağdaş günümüzdə ünlü söz adamı kimi dəyərləndirilən bu istedadlı qələm sahibinin yaradıcılığı mövzu və mündəricə baxımından çoxqatlı və rəngarəngdir. Rəşad Məcid imzasının tanıtdığı poeziya nümunələri, publisistika və nəsr əsərləri, sənət adamları barədə esselər  həvəslə oxuduğumuz, maraqla izlədiyimiz yazılar, ədəbi mətnlərdir. Şeirlərindəki incə lirizm, rəngarəng bədii təsvirlər bu nəzm əsərlərini daha oxunaqlı edib. Yaradıcılığının ilk dövrlərində çap etdirdiyi “Hələ ki vaxt var” (1993) şeirlər kitabı ilə tanış olan ədəbi ictimaiyyət şairin könüldən süzülən duyğu və düşüncələrini, ürəyinin odu ilə yazdığı misraları, fikirləri bəyənmiş, təqdir etmişdi. Gənc şair bu şeirlərlə ədəbiyyatımıza yeni ruh, təravət gətirmişdi.  Yaradıcılığının sonrakı illərində söz adamının “10 sentyabr” (2004), “Əlvida və salam” (2009), “Dəlicəsinə” (2014), “Çiyələk qadın” (2014), “Bir də gəlməyəcək…” (2015), “Cığıraçan” (2015), “Səbəbi sənsən” (2019) adlı kitabları da işıq üzü görüb.

Düşünürəm ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində ədəbi tənqidimizdə qələm adamlarının yaradıcılığına, bədii mətnə daha ciddi münasibət, dovtələb yanaşmanın mövcudluğu şəraitində R.Məcidin şeirlərinin maraqla qarşılanması, məqbul hesab edilməsi, bir sözlə, ədəbi tənqidin diqqətində olması onun nəzm nümunələrinin poetik siqləti ilə bağlı idi. Bu maraq  çağdaş günümüzdə də azalmayıb.
Şairin yetkinliyi ilə seçilən, ədəbi-bədii məziyyətləri ilə diqqəti cəlb edən  yaradıcılığında qələm sahiblərinin fikrini daim məşğul edən, nə qədər yazılsa da, bitib tükənməyən Vətən mövzusu, həmçinin  Qarabağ həqiqətləri yer alır. I Qarabağ müharibəsinin alovlandığı ilk günlərdən canında təpər duyan cəsur oğullarımız toparlanıb könüllü olaraq cəbhəyə yollanır, döyüşlərə atılırdı. Vətənin öz xilaskarını səslədiyi bir vaxtda söz adamları da qələmə sarılır, bu savaşda düşmənlə ölüm-dirim mübarizəsinə qalxan igidlərdən yazır, onların hünərindən söz açırdı. Mübariz, dinamik janr olan, insanları səsləyib, arxasınca aparan, nəcib əməllərə sövq edən publisistika həmin dövrdə poeziyanı və nəsrimizi bir qədər üstələsə də, sanballı bədii nümunələr də ərsəyə gəlirdi. Rəşad Məcidin həmin illərdə yazdığı Vətən şeirləri fikrimizə sübutdur. Namərd, xəyanətkar qonşunun − erməni millətçilərinin fitvası ilə başlayan, onların qoluzorlu havadarlarının dəstəyi ilə gündən-günə alovlanan bu qanlı müharibə şair və yazıçılarımızın, o cümlədən əslən qarabağlı olan R. Məcidin də qəlbini göynədirdi. Şairin “Xarıbülbül” şeirində onun Vətən məhəbbəti, yurd sevgisi bütün incəliyi, dərinliyi, həm də ağrı-acısıyla ifadə olunmuşdu:

 Səninlə bağlıdır həyəcanlarım,
Ən rahat anlarım, xoşbəxt anlarım.
Sənin nəğmən ilə qanad açmışam,
Cənnətə düşmüşəm, göyə uçmuşam…

 

Şeirin sonuncu misralarında şair Qarabağın, Şuşanın simvolu olan xarıbülbülə bir daha üzünü tutaraq, itirilmiş yurd yerlərimizin həsrətini, acı göynəyini dilə gətirir. Doğma el-obasından, isti ocağından didərgin düşən insanların dərdi, qüssəsi, həm də arzu və ümidləri həmin şeirin alt qatında belə təsvir edilir:

   Yenə köməyim ol, bu çətin anda,
Tapım o gördüyüm axarı, bülbül.
Qaytar o əvvəlki səadətimi,
Qaytar bəxş etdiyin baharı, bülbül.
Gəzim qarış-qarış, addımbaaddım,
O gözəl, o əziz diyarı, bülbül…
Xarıbülbül! 

Göründüyü kimi, bu əbədi və əzəli mövzuda yazdığı şeirləri müəllifin insani mahiyyətini − daxili aləmini, ovqat və əhval-ruhiyyəsini, dünyabaxışını ehtiva edir. Şair “dərədə möcüzə, dağda möcüzə” hesab etdiyi gözəlliklər məskəni, mədəniyyət beşiyimiz Şuşanın sanki rəssamtək tablosunu çəkir, sözlə mənzərəsini sərgiləyir. Əfsanəvi füsunkarlığı nəzmin gücü, qüdrəti ilə yaradan,  doğma yurd yerinə heyranlığını, məftunluğunu ifadə edən şair hələ 1981-ci ildə, 17 yaşında ikən Şuşada yazdığı “Cıdır düzü” şeirində bu məkanın dahi Üzeyir bəy, Bülbül və Azərbaycan poeziyasının zəriflərindən birinin–Xurşudbanu Natəvanın, habelə bənzərsiz şairimiz Vaqifin yurdu olmasından qürur duyduğunu vurğulayır. Bəşəri hisslər,  duyğular, müəllifin yurd sevdası qəlbimizi riqqətə gətirir. “Övladın torpağa sevgisi kimi munis bir sevginin” bütün sevgilərdən üstün olduğunu söyləyən şair hələ o illərdə öz narahatlığını, əndişəsini sövq-təbii ifadə edərək, bu yurd yerimizi göz bəbəyi kimi qorumağa səsləyir:

Göz dikib bu yerə yağılar, yadlar,
Su olub düzündə axa bilməyib.
Nə qədər zirvələr fəth edib Qacar,
Amma bu zirvəyə qalxa bilməyib.
Burda daşları da qoruyaq gəlin,
Hansı bir daşdasa Vaqif qanı var.
Bura yaddaşıdır obanın, elin,
Burda hər bir nəslin öz ünvanı var.

Adətən deyirlər ki, poeziya ürəyin, nəsr isə daha çox beynin məhsuludur. Belə bir deyim də var: gözündən ağlayan yıxılmaz, ürəyindən ağlayan isə  daha çox əzaba qatlaşar. Ürəkdən gələn, köksünə darlıq edən duyğularını qələmə alan, açdığı cığırla, öz yaradıcılıq yolu-riziylə gedən, “uzaq səfərə çıxan” şairlərdəndir Rəşad Məcid. O, Vətən şeirlərində nədən söz açmayıb, hansı fikir-xəyallarını dilə gətirməyib, duyğu və düşüncələrini incələməyib? Qarabağın ürəyi olan Şuşanın işğalından sarsıntı keçirən şair iç dünyasının nisgilini, iztirabını “Göz yaşı” şeirində bu poetik misralarla ifadə edir:

 Hər itkinin, hər dərdin,
Hər adamın, hər yaxının
çəkisinə uyğun
göz yaşı var bədəndə…
92-də doğma şəhərimin itkisinə üç gün ağladım –
keyləşib qaxaca döndü sol qolum. 

Şairin “Vətən” adlı şeiri onun bu mövzuda qələmə aldığı dəyərli nəzm nümunələrindəndir.” Dərəsi, təpəsi, düzü, dağıyla köksümə, qəlbimə yerləşən Vətən” − deyir Rəşad Məcid:
  Açıb qollarımı qucaqlayaram,
Sıxaram köksümə genişliyini.
Çən kimi çökərəm, sutək hoparam,
Bu yurd sinəsində bitirər məni.
Qəlbimə sıxılıb qaynayır qanım,
Tərsinə kükrəyən vulkan kimiyəm.
Üzümdə daşlaşıb, içimdə yanıb,
Qədim dərdlərimin od heykəliyəm.

 

Yaxud “duruşundan əzəmət yağan”, “yüz həmləni sinəsində ovub, əridən” sal qaya müəllifin təfsirində doğma yurdun, Vətənin rəmzidir. Şair  Vətənini məğrur qayaya bənzədir və belə vəsf edir:
  Bu qayanın kökü dərin, qaməti uca,
Tufanlar da vüqarını sarsıda bilmir.
Yağışların gur selində çimir doyunca,
Şimşəklərin hədəsindən qorxub-əyilmir.

Bu misralarda hisslər təzədir, qəlboxşayan lirizm öndədir və öz təkrarsızlığı ilə diqqəti cəlb edir. Bu lirik şeirlərin özəlliyi nədədir? Fikrimcə, səmimiyyətində. Ən əsası odur ki, R.Məcidin şeirlərindəki səmimiyyət, saflıq onun xarakterindən, iç dünyasından, təbiətindən doğur.
Qələm sahibi bizi əhatə edən aləmdə diqqəti çəkən olayların mahiyyətinə varır, nüfuz edir, baş verənlərə istedadının gücü, təxəyyülü, iti müşahidəsi ilə münasibət bildirir. Düşüncələrini, gəldiyi qənaəti poetikləşdirir. Tarixə düşmüş bütün hərb qovğalarının, müharibələrin qan-qada, ölüm-itim, ağrı-acı olduğunu yaxşı bilən şair şeirlərindən birində yazır:

Davadan nə qaldı? –
Tənhalıq közü,
Atasız övladlar, sarsıntı, kədər..

Şair intizarında olduğumuz, səbirsizliklə can atdığımız Qələbəyə mütləq qovuşacağımıza inanır, həyəcan dolu gözləntilərini dilə gətirir:

 Qan yaddaşım od ələyib duyğularıma,
Əfsanələr cavab tapıb sorğularıma.
Bir igid də tez-tez girir yuxularıma
At belində – döşündə saz, əlində qılınc…

Müstəqil Azərbaycanımızın dövlət rəmzlərinə sayğı ilə yazılmış, vətəndaşlıq poeziyası nümunəsi olan “Bayrağım” şeirində mübarizələrlə dolu çətin günlərin yadigarı– üçrəngli, ay-ulduzlu bayrağımız şairin ovxarlı qələmi ilə tərənnüm edilir, başı bəlalar çəkmiş qədim yurdumuzun tarixinə nəzər salınır:

 Səni ən çətin
günlərimdə qorudum,
beynimə həkk edib
ürəyimə sarıdım…
Üç rənginə öyrəndim,
Hücumdan, həmlədən qorudum,
küləkdən, tufandan keçirdim.

 

“Sənə təşnəyəm, acam, əlim-qolum yorulsa, dişimlə saxlayacam” deyən şair göz-bəbəyi kimi qoruduğumuz bayrağımızın bundan sonra da daim dalğalanmasını, xalqımızın xoş sabahlara çıxmasını arzulayır.
Qarabağ savaşından bəhs edən şeirlər, publisistik yazılar yazan Rəşad Məcid deyir ki, azğın düşmən müharibənin tüğyan etdiyi 90-cı illərdə nəyə nail olsa da,Vətən sevgimizi, cəsarətimizi, heysiyyətimizi, gülləbaran edə bilmədi. Hiyləgər yağının təxribatlarından cana doyan, işğal altında olan torpaqlarımızı azad etmək istəyi ilə alışıb-yanan oğullarımız müdrik Sərkərdəmizin çağırışına səs verib silaha sarılaraq doğma yurd yerlərimizi düşmən əsarətindən qurtardı. İndi əzəmətli bayrağımız düşməndən təmizlənmiş torpaqlarımızda dalğalanır. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun nəyə qadir olduğunu, gücümüzü, iradəmizi bütün dünyaya göstərdi. İnsanlığa qarşı çevrilmiş erməni faşizminin törətdiyi qətliamlara, soyqırımı cinayətlərinə, terror əməllərinə görə cavabı verilməliydi və bu cavab verildi. Müzəffər Ali Baş Komandanımız, rəşadətli əsgər və zabitlərimiz, sözün əsl mənasında tarix yazdılar. Bu ğün biz qələm adamlarının borcu, amalımız möhtəşəm Zəfərimizi əks etdirən əsərlər yaratmaqdır.

Zemfira Məhərrəmli ,

yazıçı-publisist

Share: