Rəşad Tahiroğlunun yaradıcılığı haqqında… – Nəcibə İlkin yazır

Rəşad Tahiroğlunun yaradıcılığı haqqında… – Nəcibə İlkin yazır

Dilimizin və tariximizin kökənlərinə doğru
Yazıçı və tədqiqatçı alim Rəşad Tahiroğlunun yazdığı “Dilin kökəni” və tarixi sənədli “Haqdan axıdılan qan” romanı haqqında qeydlərim

Rəşad Tahiroğlu Mərdanov 1980-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin mağistraturasını fərqlənmə diplomu ilə bitirib. Maliyyə-Kredit üzrə Fəlsəfə doktorluğu müdafiəsindədir. 20 -yə yaxın tarixi, sənədli romanı çap üçün hazırdır. Ondan “Haqdan axıdılan qan” adlı üçlük tarixi sənədli romanı çap olunub.
Rəşad Tahiroğlunun 2017-ci ildə “Dil və dini inancalırın kökəninə doğru” adlı kitabı nəşrdən çıxıb. Kitabda ön-türk dilinin etimoloji söz köklərinin təhlili və ön türk dili ilə digər dillərin qarşılıqlı müqayisəsi aparılmışdır. Bununla da kitabda 9 baza samit səsin ilk öntürk dildə olduğunu sübut etmiş və bu samit səslər üzrə geniş araşdırmalar aparmaqla gözəl nəticələr ortaya qoya bilmişdir. İlk olaraq 100 səhifə işıq üzü görən bu kitab növbəti üç ildə 140 səh, sonra isə 180, 245, 250 səhifə çap olunub.
Sonra müəllif dil kökənləri ilə bağlı bütün kitabları birləşdirib ümumi şəkildə olaraq 2023-cü ildə “Dilin kökəni- 616 səh. Bakı” adı ilə nəşr etdirmişdir. Göründüyü kimi kitabın olduqca iddialı adı var, “Dilin kökəni”. Bəs görən dillərin kökənini bilmək mümkündürmü? Sizcə də ilk dil hansı dil olub?
İnsanı düşündürən problemlərədən biri də dil və onun mənşəyi məsələsi olmuşdur. Yəni qədim zamanlardan günümüzəcən insanlar dilin necə yaranması haqqında düşünmüşdür. Dilin mənşəyi ilə bağlı mifoloji-teoloji izahlar bir-birindən fərqli olsa da, ümumilikdə dilin insana Tanrı tərəfindən verilməsində mifologiya və teologiya həmfikirdir. Səmavi dinlərin qaynağını bəzi alimlər Babil və Şumer əfsanələrinə bağlayır. Dilin mənşəyi ilə bağlı “Babil Qülləsi” hekayəsi XVIII əsrə qədər mühim yer tutsa da, XIX əsrdən etibarən dilin kökünün təbiət və ya insan faktoru ilə bağlayan fikirlər inkişaf etmişdir. Alimlər dilin ilahi qüvvə tərəfindən yaradılması fikrinə qarşı çıxaraq, dilin mənşəyini elmi-nəzəri fikirlər, mülahizələrlə izah etməyə başlamışdılar. Jan Jak Russo, Johan Herder, James Burnet, Maks Müller, A.Şleyxer, L.Noire kimi dilçilər dilin mənşəyini insan faktoru ilə bağlamışdır. Beləliklə, dilçilər dillər arasında qarşılıqlı müqayisə apararaq, Hind-Avropa dil ailəsinin olduğunu göstərdilər, daha sonra ümumi dilçilikdə dillərin genealoji təsnifinə əsasən 22 dil ailəsi olduğu qeyd edildi. Dolayısı ilə bu dil ailələrinin içində 5 böyük dil ailəsi var:
1.Hind-Avropa dil ailəsi; 2.Hami-Sami dil ailəsi; 3.Çin-Tibet dil ailəsi; 4.Bantu dil ailəsi; 5.Ural-Altay dil ailəsi.
Türk dillərini isə Ural-Altay dil qurupunun Altay qoluna aid edirlər. Qəribə olsa da digər dörd dil ailəsi genetik yaxınlıq (söz bənzərliyi) baxımından təsnifləşdirilsə də, Ural-Altay dil ailəsi genetik yaxınlıqdan çox coğrafi yayılma cəhəti nəzərə alınaraq təsnifləşdirilmişdir. Bəs necə olur ki, digər 4 dil ailəsində qruplaşdırma söz bənzərliyinə üyğun aparıldığı halda, türk dilinin daxil olduğu Ural Altay dil ailəsi coğrafi-morfoloji qurluşuna görə təsnif olunmuşdur?
Bəzi dilçilər isə Ural və Altay dil ailələrini iki fərqli dil ailəsi kimi təsnif edirlər, lakin bu halda belə Altay dil ailəsinə aid edilən Türk dilinin yeri özünü doğrultmur.


Dilçiləri düşündürən məsələlərdən biri isə budur ki, bu dil ailələrinin kökəni bir tək dilə, ulu diləmi bağlanır? ULU DİL haqqında ən uğurlu nəzəriyyələrdən birini Nostratik dillər nəzəriyyəsi hesab etmək olar. Nostratik dillər termini ilk dəfə 1903-cü ildə Danimarka  dilçisi Holger Peders yazdığı “Türk fonetik qaydaları” məqaləsində işlətmişdir və o, bu məqalədə Hind-Avropa dil ailəsi ilə əlaqəli dilləri təhlil etmişdir. Nostratik termini  latin dilində “nostrates” sözündən olub “bizim ölkənin insanları” mənasına gəlir. 1960-cı illərin əvvəllərində Sovet dilçisi Vladislav İlliç Svitıç tərəfindən bu fərziyyə inkişaf etdirilərək nəzəriyyəyə çevrilmişdir. Həmçinin 1920-30-cu illərində N.Y.Marr müxtəlif sistemli dillər arasında müqayisələr apararaq Yafetik nəzəriyyəsini formalaşdırmışdır, bu nəzəriyyəyə görə Qafqaz, Bask, Semit və Hami dilləri eyni kökə malikdir. Marr bütün dillərin ortaq qədim dildən yarandığını və bu qədim dildə 4 nida ifadəsinin olduğunu bildirirdi: sal, ber, yon, roş.
Dilçiləri düşündürən digər məsələlər isə aşağıdakılardır:
– İlk dildə neçə səs olub;
– İlk dildə sözlər neçə səsli olub;
– İlk dildə ilk sözlər isim, feil və ya şəxs əvəzliyi olub.
Dilçilər ilk səslərin saitmi, samitmi olması barədə uzun on illiklər mübahisə və müzakirə aparmışdır. F.de Sössür, A.S.Melğniçuk və tərəfdarları ilk səslərin dilarxası-larinqal samitlər ola biləcəyini, sait səslərin mənşəyinin larinqal H samitinin təsiri ilə formalaşan A saiti, İ və U sait səsləri olduğunu düşünürlər. Məhşur dilçi Josef H. Greenbergin düşünürdü ki, körpələrin öyrəndiyi ilk səslər beynəlxaq xüsusiyyətlərə sahib olmuşdur və bu səslər M, A, İ səsləridir. Merrit Ruhel də bu fikiri təsdiqləyən yöndə, ilk səslərin körpələrin ilk öyrəndiyi səslər ola biləcəyini və bunun – M, N, A, İ səsləri olacağını düşünmüşdür.
Nostratik aspektdə araşdırmalar aparan dilçilər “Hind-Avropa dilində ilk söz kökərini m n strukturunun” əsasən üç səsli samit+sait+samit qurluşunda olduğu qənaətinə gəlmişdir, bununla yanaşı H.Hirtə ilkin köklər iki hecalı, F.Boppun təkhecalı olduğunu qeyd etmişdir.
N.A.Baskakov türk dilindəki ilk kökün üçsəsli samit+sat+samit qurluşunda olduğunu, ilk saitin düşməsi ilə sait+samit, sonuncu samitin düşməsi ilə sait+samit, hər iki samitin düşməsi ilə sait qurluşlu sözlərin formalaşdığını qeyd etmişdir və əksər dilçi onun bu fikrini təkrarlamışdır.
F.Bopp Hind-Avropa dillərində ilk yaranan təkhecalı köklərin – feil kökləri və əvəzlik kökləri olduğunu, – M.Miller ilkin sözlərin feillər olduğunu, N.Y.Marr isimlərin ilkinliyi fikrini məqbul hesab etmişdir.
Təbii ki, bu məsələlərlə bağlı siyahıda alimlərin adını artıra bilərəm, lakin nəticə dəyişməyəcək.
Bəs Rəşad Tahiroğlunun yazdığı “Dilin kökəni” adlı kitab nələri dəyişə bilər? Onun apardığı etimoloji təhlillər nəticəsində müəyyənləşdirir ki, ilk dildə ilk səslər 9 baza samit səs (B, M, R, L, K, C, S, T, Y) və 4 baza sait səs (O, I, A-U) olmuşdur. O qeyd edir ki, B~P~V~F, M~N, Ç~C, S~Z~Ş, T~D səslərində fonetikləşmə baş versə də, bu səslərdən formalaşan sözlər baza samitlərlə əlaqəlidir. Nəticədə 4 baza sait səs və 9 baza samit səsdən 36 sait+samit və 36 samit+sait iki səsli kökləri formalaşmışdır. Rəşad Tahiroğlu sait+samit kökləri I kök, samit+sait kökləri isə II kök adlandırır və qeyd edir ki, müvafiq I kök və II kök arasında əlaqə var və saiti samitin sağına keçən ikinçi kökü I kökü həm xarakterini, həm də zidd mənasını verən sözlər formalaşdırmışdır. (OT+ur<>DU+r; AĞ+la<>GÜ+l).
Rəşad Tahiroğlu 36-I kök və 36-II kök üzrə tam təhlillər aparmışdır.
O, qeyd edir ki, ilk sözlərə məna verən isə baza sait səslər olmuşdur, belə ki, O sait səsi “aşağı, yer, canlı, törəmək” mənasını ifadə edir. I sait səsi “ayrılmanı, qırılmanı, əvvəldən sona,solu-sağı” ifadə edir. A səsi “mənəvi mənada yuxarını, səsi, ilahi varlığı” ifadə edir. U səsi isə “fiziki mənada yuxarını, səmanı, işığı” ifadə edirdi. Beləliklə, bu sait səslər samit baza səslərlə birləşərək müvafiq qavramlı iki səsli kökləri formalaşdırmışdır. Təhlillər zamanı anlaşılır ki, “aşağı, ayrılma, yuxarı” qavramları insan mərkəzli baxışla formalaşdırılmışdır. Lakin, O, I, A-U səsləri təklikdə heç bir zaman söz olaraq deyil, mütləq baza samitlərlə birlikdə iki səsli sözlərdə məna kəsb etmişdir.
O, qeyd edir ki, dilçilər ilk sözlərin isim və ya feil olması ilə bağlı gəldiyi qənaətlərin əksinə ilk kök sözlər əslində cəhətləri ifadə etmişdir.
Dilçilərin ən geniş formada təhlil apardığı səslər K və M səsli morfemlər olmuşdur. N.Y.Marr apardığı etimoloji təhlillərin nəticəsində “K” səs köklü morfemlərlə bağlı yazırdı ki, vaxtilə ilkin insan cəmiyyətində “göy, səma, bədən, ruh, insan” anlayışları eyni sözlə ifadə olunurdu. Əslində bu yalnız N.Y.Marrın gəldiyi nəticə deyil, nostratik dil ilə məşğul olan istənilən dilçi ya tez, ya gec bu danılmaz faktla razılaşmalı idi. Çünki “K” səsli kök morfemindəki morfonoloji və semantik keçidləri Ural-Altay, Hind-Avropa, Hami-Sami və Türk dil ailələrinə aid analoji törəmə kökləri müqayisə etdikdə KA “heyvan”, KA “insan”, KA “ilahi”, Kİ “hərəkət”, KA “bitgi” morfemlərinin paralellikləri görünür, lakin dilçilər bu məsələnin izahını verə bilməmişdir və ya yanlış verərək qeyd etmişdilər ki, vaxtilə ilkin insan cəmiyyətində “göy, səma, bədən, ruh, insan” anlayışları eyni sözlə ifadə etmişdir. Əslində isə ilk dildə A+K kökündə “səs, şüur, ilah”, U+K kökündən “yuxarı, səma, isti, işıq”, I+K kökündən “ayrılma, hərəkət”, O+K kökündən “aşağı, yer, canlı, insan, qadın, törəmək” qavramlı sözlər formalaşmışdır.
Bu kitabda ilk dil, ilk dilin ilk səsləri, iki səsli kök sözlər və bu iki səsli köklərdən formalaşan 3-4 səsli söz yuvaları, şəxs əvəzlikləri və saylar (rəqəm) türk, ərəb, rus, ingilis, fars və qismində şumer, çin dillərinin qarşılıqlı müqayisəsi ilə təhlilləri aparılmışdır. Nəticədə müəyyənləşdirir ki, türk dili düşünüldüyünün əksinə Altay dil ailəsinin alt qrupunda olan bir dil olmamışdır, türk dili müstəqil bir dil ailəsidir, eyni zamanda proto türk, proto hind-avropa və prota hami-sami dil ailəsi ortaq bir dil ailəsindən ayrılmışdır. Təbii ki, digər dil aillələri üzrə də geniş təhlil aparmaq lazım gələcək.
Ulu Öndərimiz Heydər Əliyev demişdir: – “Hər bir xalqın milliliyi, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”. Və Rəşad Tahiroğlu Ulu Öndərin qeyd etdiyi kimi, bu xalqın və bütün insanlığın dilinin kökənini araşdırır, yenidən onlara can verir. Təhlillər göstərir ki, ön türk dili sabit qanunauyğunluqları olan, düşünülmüş, planlaşdırılmış bir dil olmuşdur və bu dil təsadüfən formalaşa bilməz.
2023-cü ildə Rəşad Tahiroğlunun bu tədqiqat işi ilə bağlı Azərbaycan AMEA-nın Dilçilik İnstitutunda simpozium keçirildi. Bu simpoziumda R.Tahiroğlunun dil-kökənləri ilə bağlı çıxışı dilçilər tərəfindən yüksək qarşılanmışdır. Əfususlar olsun ki, alimin bu sahədə əldə etdiyi uğurları bəzi alimlərimiz tərəfindən həzm olunmadı. Əslində R.Tahiroğlu bir çox dilçi alimlərin dil kökənlərinə toxunduğu, lakin tam nəticə ortaya qoya bilmədiyi məsələləri izahlı şəkildə araşdırmış və son nəticəni ortaya qoya bilmişdir. Bu baxımdan onun əldə etdiyi uğurlar alqışa layiqdir.
Bundan başqa Rəşad Tahiroğlu çoxlu sayda tarixi romanların müəllifidir. O tarix ki, onun kökündə haqq-ədalətimizin tapdanması, əzilməsi dayanır. O tarix ki, onun kökükndə rus və erməni sulahlı birləşmələrinin antitürk siyasətinin qurbanı olan soydaşlarımızın ata-baba yurdlarından qovulması və dünyaya sığmayan vəhşiliklərinin qanlı faciələri var. Bunları kimlər etdi, kimlər həyata keçirtdi? Bax, bunları birər-birər qələmə alan Rəşad Tahiroğlu keçmişimizin qanlı səhifələrini bir-bir araşdımaqla gələcək nəsillərə çatdırmaq istəyib.


“Haqdan axıdılan qan” çox hissəli romanlar silsiləsidir, bu romanlar silsiləsinin ilk üç hissə son 200 ildə baş verən hay-erməni problemi, bu problemi yaradan böyük planın pərdə arxasında olan görünməz “baş oyunçuları”, onların türk-islam dünyasına hələ də etdikləri səlib yürüşləri və gizlədərək silmək istədikləri minlərlə illik öntürk-türk tarixindən bəhs edir. “Haqdan axıdılan qan” çoxhissəli romanının I kitabı “Ulusoy”, II kitabı “Yaşarkən öldürülənlər” və III kitabı “Əlvida Ulusoy” adlanır. 1828-ci ildə Çar Rusyanın (Azərbaycanın o vaxtkı dövləti) Qacarları, 1829-cu ildə Osmanlını məğlub etməsindən sonra bağlanan sülh müqaviləsinin bəndlərinin birinə əsasən həm Qacarlar, həm Osmanlı Suriyada, Fələstində, İraqda yaşayan hayların Trabzona, Vana, Qarabağa, İravana, Axıska ərazilərinə köçürülməsini həyata keçirməyə məcbur oldular. İngiltərə, Fransa, Rusiya, Avistirya-Macarstan, İtaliya kimi 5 böyük xristiyan dövləti Şərqi Anadoluda hay-erməni dövləti quraraq günümüz Türkiyə və Azərbaycan dövlətləri arasında bir tampon dövlət yaratmaq istəyirdi, lakin bu məsələ I Dünya Müharibəsinə qədər uzandı. I Dünya müharibəsi zamanı Osmanlı ilə vuruşan Çar Rusiyası, Fransa, İngiltərə ordusunun tərkibində hay-ermənilərdən istifadə etdi, fransa və ingilis ordusu Fələstin, Suriya haylarından könüllülər topladı və ərazidəki bütün hay-erməniləri silahlandırdılar, işğal etdikləri bütün şəhərlərdə, kəndlərdə hay-ermənilərin türk-müsəlimanları qətl etməsinə göz yumdular. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti terorrist hay-ermənilərə qədim İravan xanlığını güzəştə getməyə məcbur oldu. Bu zaman Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 150 min kv. km.-dən 113,9 min kv. km-ə düşdü, cəmi iki il sonra Azərbaycanın Sovet Rusiyası tərəfindən işğal edilməsini ilə Zəngəzurun Ermənistan Sovet Respublikasına verilməsi ilə, Azərbaycan Sovet Respublikasının ərazısı 86, 6 min kv. km. düşdü. 200 illik bu böyük planın türk-müsəliman dünyasını necə alt-üst edilməsi romanda Ulusoy kəndinin timsalında verilmişdir. Romadan məlum olur ki, min illik türk irsinin davamçıları olan ulusoylular 1948-ci ildə Mil-Muğan ərazilərinə köçürülür, lakin Mərdanın babası Səməd kişi onları vaxtı ilə hay-ermənilər tərəfindən xaraba qoyulan Soylu kəndinə gətirir və onlar 1988-ci ilə qədər orada yaşayır. III kitab “Əlvida Ulusoy” adlanır və bu adın verilməsi təsadüfü deyil. 1948-ci il köçündən canlarını qurtararaq İrəvanda qalmağı bacaran ulusoylular 1988-ci ildə hay-erməni quldurları tərəfindən təhdid edilirlər, getmələri tələb edilir, lakin ulusoyluların son aqibəti çox faciəli olur. Əslində roman bir gəlinin doğum sancısı çəkməsi hadisəsi ilə başlayır, bu gəlin Solmazdır, Mərdan kişinin gəlini. Mərdaş kişi gəlininin iniltisini eşitdikdən sonra xəyalı onu uzun illər əvvələ, 1965-ci ilin aprelinə aparır, bu vaxtı bütün ermənilər Yeravanda ayağa qalxaraq “türklərə ölüm” şuarları səsləndirirdi, bu hadisələrin ortasında Mərdan kişinin həyat yoldaşı Nazanında doğum sancısı tutmuşdu, lakin erməni həkimlərinin ona tibbi yardim etməməsi Nazanın ölümü ilə nəticələnmişdi. Mərdansa yeni doğulan oğlunu götürüb kəndə qayıdası olur.
Solmazın doğumu olduqca çətin keçir. Həkim Solmazı qurtara bilmək üçün ana bətnindəki körpəni doğramaq istəyir. Bunu eşidən Solmaz bütün gücünü toplayaraq həkimə deyir ki, “məni qurtarmaq üçün körpəyə nəsə etsən əlimdən qurtara bilməzsən”. Allahdan həkim son anda həm Solmazı, həm onun körpəsini qurtara bilir. Mərdan kişi bu körpəyə Nazanın adını verir. Nazanını yenidən yaşatmaq istəyir. Körpə Nazanın son aqibəti isə nənəsinin aqibətindən heç də fərqlənmir.
O vaxt Gürcüstan Respublikasının ərazisində Axıska türkləri yaşayırdı. 1944-cü ildə Sovet höküməti onları iki saat içində toplayıb Qazaxıstan, Özbəkistan çöllərinə sürgün etdi. Onları min illik yurdlarından iki saat içində sürgün etmişlər, bəs onların son aqibəti nə oldu?! Axıska türklərindən olan Tengiz Alidzenin başına gələnlərə romanda geniş yer verilmişdir və onun, ailəsinin başına gələnlərlə ulusoyluların yaşadığı faciələrin paralelliyi romanda öz əksini tapmışdır.
Romanda I Dünya Müharibəsi zamanı hay-erməni quldurları tərəfindən ailəsi qətl edilən Əroldan da bəhs olunur, o 1918-ci ildə Azərbaycana köməyə gələn İslam ordusunun tərkibində olur, o bir tərəfdən Azərbaycanda savaşır, bir tərəfdəndə ailəsini qətl edən (erməni) Haykazı axtarır…
Romanda hadisələr əsasən son 200 ili əhatə etsə də, bəzi hallarda hadisələr gah min llərlə əvvəldə baş verir, gah da Osmanlı dönəmində yaşamış Koroğlu haqqında danışılır, Osmanlı Səfəvi savaşlarından danışılır, alevilərdən danışılır, gah da oxucu 1926-ci ildə Bakıda keçirilən türkioloji qurultayın iştirakçısına çevrilir.


Bütün bu hadisələr hay-ermənilərin ulusoyluları öz ata-baba yurdlarından qovmaq istəməsi səhnəsinə qədər davam edir, son hadisələr 1988-ci ilin Novruz bayramında Ulusoyda baş verir…
Bir sözlə, yazıçı Rəşad Tahiroğlu Qərbi Azərbaycanımız- İrəvanda baş vermiş qanlı olayları, hay-ermənilərin türklərə qarşı törətdikləri amansız faciələri və bu faciələrin qurbanlarını tariximizin qanlı səhifələri kimi əhatəli şəkildə qələmə almaqla keçmişimizi bu günümüzə və gələcək nəsillərə çatdıdır.

Nəcibə İlkin
Yazıçı, şair-publisist

Share: