Bu gün unudulmaz bəstəkar, xalq artisti Emin Sabitoğlunun doğum günüdür.
Emin Sabitoğlu 1937-ci il noyabrın 2-dəBakıda, yazıçı Sabit Rəhmanın ailəsində anadan olub. Məhz Sabit Rəhman kimi bir ziyalının ailəsində dünyaya gəlməsi, ətrafında daim sənətkarların olması onun sonradan gözəl musiqiçi kimi formalaşmasında rol oynayıb.
Sabitoğlu sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü.Hacıbəyov adına Dövlət Konservatoriyasında müəllim kimi fəaliyyət göstərib.
600-dən artıq mahnının, 9 musiqili komediyanın müəllifi olan Emin Sabitoğlu 40-a yaxın filmə musiqi bəstələyib.
“Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”,“İnsaf da yaxşı şeydir” mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də bilmirdi.
Rejissor Rasim Ocaqov çəkdiyi filmlərin bir çoxunun musiqi taleyini Emin Sabitoğluya etibar etmişdi. “Bağlı qapı”, “Həm ziyarət, həm ticarət”, “Ad günü”, “İstintaq”, “Ölsəm, bağışla” kimi filmlərin musiqisini məhz Emin Sabitoğlu yazıb. Və həmin musiqilər illər keçməsinə baxmayaraq, hələ də sevilir, hələ də yenidir, canlıdır.
Daha ətraflı Müstəqil TV-nin təqdim etdiyi süjetdə: