RƏSUL MİRHƏŞİMLİ- 55

RƏSUL MİRHƏŞİMLİ- 55

 

Haqqında söhbət açmaq istədiyim Rəsul Mirhəşimli 1968-ci ildə Qubadlı rayonunda dünyaya gəlib.

1985-ci ildə Qubadlı şəhər 1 saylı orta məktəbi bitirib. 1986–88-ci illərdə sovet ordusu sıralarına hərbi xidmətdə olub. 1991-ci ildə Sumqayıt Politexnik Texnikumunu, 2000-ci ildə BDU-nun filologiya fakültəsini bitirib. Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusunun sıralarında Qubadlı rayonunun müdafiəsində, Laçın rayonunun işğaldan azad edilməsi ilə bağlı keçirilən əməliyyatlarda iştirak edib. 1993-cü ildən Azərbaycan mətbuatında məqalələrlə çıxış edir. Jurnalistlik fəaliyyəti zamanı Azərbaycanda nəşr olunan müxtəlif mətbuat orqanlarında müxbir, parlament müxbiri, redaktor və baş redaktor vəzifələrində çalışıb. Qafqaz Müsəlmanları İdarəsində şöbə müdirinin müavini vəzifəsində işləyib.
2012-ci ildən “Avropa.info” Xəbər Portalında baş redaktor vəzifəsində çalışır. Azərbaycan mətbuatında araşdırmaçı-jurnalist kimi tanınır. “Allah dostları” adlı kitabın müəllifidir…

İmanlı adamdır. Allaha ram olmağa, Ona sədaqətli qulu kimi xidmət etməyə çalışır. Sakit təbiətli, təmkinli və müdrikdir. Heç vaxt coşmur, fikir və düşüncələrini səbrlə həyata keçirməyə səy göstərir. Maraqlı publisistikası var. Yazılarında səmimidir. Bir vaxtlar siyasətlə də məşğul olub…

1989-cu ildən AXC-nin, 1995-ci ildən isə AXCP-nin üzvü olub. AXCP-nin Qubadlı Rayon Şöbəsinin Məclis üzvü, Məclis sədri, AXCP Ali Məclisinin üzvü vəzifələrində çalışıb. Bir müddət sonra isə sədr aparatında fəaliyyət göstərib. 2000-ci ildə AXCP-nin vahid proporsional seçki siyahısı üzrə deputatlığa namizədliyi irəli sürülüb. Sonradan AXCP sədrinin müşaviri vəzifəsinə təyin olunub və 2014-cü ildə partiyadan istefa verdiyini bəyan edib…

Deyir ki,- “Əslində, bu haqda danışmaq niyyətində deyiləm. Hesab edirəm ki, jurnalist fəaliyyəti ilə siyasi fəaliyyət bir-birinə uyğun gəlmir. Düzdür, bir jurnalist kimi mənim yazdıqlarım siyasi yazılar olmayıb, mən partiyanın mövqeyini əsaslandıran məqalələrlə heç vaxt çıxış etməmişəm, əsasən dini mövzularda yazmışam. Ancaq bütün hallarda jurnalistika ilə siyasi fəaliyyət bir araya sığışmır. Bu zaman istər-istəməz tərəf kimi çıxış etdirsən. Hesab etmişəm ki, fəaliyyətim siyasi olmamalıdır. Mətbuatı özümə həmişə doğma sayıram, iş yerim jurnalistikadır. Elə o vaxtdan da jurnalist kimi fəaliyyətimi davam etdirmək qərarını verdim. Mən siyasi partiyaların perspektivinə inanmıram. Təsəvvür edin ki, müxalif siyasi partiyalar 30 ildir seçkilərdən əvvəl bir araya gəlir, birgə seçkilərə gedirlər. Seçkilərdən sonra isə aşağı səviyyəli sözlərlə bir-birlərini təhqir etməyə başlayırlar. Belə bir mühitdə fəaliyyətimi məqbul saymıram…”

Düşüncələrində sərbəstdir. Dini fanatizm, mövhumatçılıq onu çox narahat edir. Milli idealogiyamızda yaranan boşluqlara təəssüf hissi ilə yanaşır:

“Sevindirici haldır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ateist sovet ideologiyası aradan qalxdı. Bir müddət milli ideologiyanın yaranması ilə bağlı araşdırmalar olsa da, bu meyl bir qədər sonra zəiflədi. Böyük mənada bu boşluq hələ də qalır. Milli ideologiyanın dərinləşməsi üçün bir çox mühüm işlərin görülməsinə ehtiyac var. Bu məsələ geniş izahat tələb etdiyi üçün üzərindən keçirik. Onu demək mümkündür ki, sovet ideologiyasının aradan qalxması ilə yaranmış təbii boşluğu aradan qaldırmaq və milli-demokratik ideologiyanın gerçəkləşməsi üçün dərin siyasi-iqtisadi islahatların keçirilməsi lazımdır. Vətəndaşı azad olan dövlətə, həqiqi azadlıqların bərqərar olan cəmiyyətə bütün yabançı ideologiyaların təsiri minimum səviyyədə olacaq.”- söyləyir…

Mülahizələri dolğun və səmərəlidir. O, istəyir ki, yad ölkələrin təbliğ və təşviqatları Azərbaycana yol tapmasın, bütün sahələrdə öz milli ənənələrimiz olsun…

Deyir ki,- “Azərbaycanın dövlət olaraq zəifləməsi üçün təkcə İranın deyil, başqa dövlətlərin də maraqlarından danışmaq mümkündür. Bu təhlükələrdən qaçmaqdan ötəri müxtəlif tədbirlərin görülməsinə ehtiyac var. Əgər bir ölkədə orta ümumtəhsil məktəblərində hicab qadağası yaradılırsa, İran və başqa dövlətlər də dini-siyasi təbliğatlarını qurmaq üçün bəhanə əldə edəcək. Bu “təəssübkeşlik” də bəzi vətəndaşlara gəlişigözəl təsir bağışlayacaq. Azərbaycan hökuməti inanclı insanların vicdan azadlığına Konstitusiyaya və beynəlxalq konvensiyalara uyğun şəkildə yanaşsa, başqa dövlətlərin də burda radikal meyllərinə tərəfdar qazanması halları minimuma enəcək…”

Mətbuatın bu günki durumu onu da çox narahat edir. Düşünür ki, mətbuat istehsalçıdır, oxucu isə istehlakçı. İstehsalçı hansı keyfiyyətdə məhsul istehsal etsə, oxucunun zövqünü də həmin istiqamətdə kökləyəcək. Mətbuat orqanı oxucular arasında hədəf kütləni müəyyən etmək istəyirsə, bunu bilməlidir ki, onun izləyiciləri arasında bütün təbəqələrdən insanlar var. Medianın işi xəbər verməkdir, lakin eyni motivli məlumatların daha çox yayılması oxucuda qıcıq doğurur:

“Təsəvvür edin ki, günə yeni başlamış oxucu istənilən saytı açır və gözünə ilk görünən kriminal xəbərlər çıxır. Bəzən bu məlumatların ağırlıq dərəcəsini xəbər başlıqları ilə daha da artırırlar. O zaman həmin oxucu bu psixiloji gərginliklə işinə, çevrəsinə, sağlamlığına nə dərəcədə yararlı ola bilər? Bu amilləri nəzərə alan mətbuat orqanı xəbər siyasətində balans yaratmağı bacarmalı, oxucunu qıcıqlandıran məlumatlardan uzaq durmalıdır. Bəzən xəbər başlıqları ilə başqa ölkədə olmuş hadisəni bizdə baş vermiş kimi göstərmək oxucunun daha çox əsəblərinə toxunur. Media qurumlarının təmsilçiləri bir çox hallarda bu məsələyə etinasız yanaşsalar da, hər dəfə oxucu itirməsi təhlükəsi ilə üz-üzə qalırlar.”- söyləyir.

Tutduğu iradların arxasında böyük təcrübə, problemə peşəkar yanaşma dayanır. Zarafat deyil, düz otuz ildir ki, yol gedir. Bu yolda çətinliklər də olub, uğurlu nəticələr də. Mayın 30-u onun üçün ömrünün əlamətdar günlərindən biridir, 55 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram.
Çox yaşasın!

Elman Eldaroğlu

Share: