“Palmali” Şirkətlər Qrupuna məxsus daha bir gəmi suya buraxılır.
Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin adını daşıyan gəminin açılışında şirkətin prezidenti Mübariz Qurbanoğlu (Mənsimov), Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, keçmiş təhsil naziri Firudin Cəlilov, jurnalist və QHT nümayəndələri iştirak edirlər.
Tədbirin açılışında iştirak edən F.Cəlilov çıxışında belə dedi: “Rəsulzadənin qurduğu dövlət, təəssüf ki, iki il yaşadı. Mən qürur duyuram ki, Məhəmmədəmin bəyin qaldırdığı bayrağı 70 il sonra təkrar biz qaldırdıq. Rəsulzadə işğaldan sonra mühacirətdə çoxlu kitablar yazıb. O kitablar mənim kitabxanamda var. Və bu gün qərara gəldim ki, arxivimdəki bu kitabları gəminin heyətinə hədiyyə edim”.
Mübariz Mənsimov çıxış edərək qeyd edib ki, onlar üçün bu gəminin çox böyük anlamı var: “Rəsulzadə müsəlman şərqində ilk cumhuriyyəti qurub. İnşallah, bu gəmi düzgün, şəffaf, insanların xeyrinə xidmət edən yüklər daşıyar”.
Rəis Rəsulzadə isə tarixi günlə bağlı bunları deyib: “Mən xoşbəxtəm ki, bu tarixi hadisədə iştirak edə bildim. Mənim Rəsulzadə haqqında çox danışmağım yerinə düşməz. Sadəcə onu deyim ki, bəzən Rəsulzadə haqqında “quruculardan biri” ifadəsini işlədirlər, bu, doğru deyil, o qurucudur”.
Daha sonra Rəis Rəsulzadə çəkdiyi bəzi rəsm əsərlərini və babası haqqında yazılmış kitabları gəminin heyətinə hədiyyə etdi.