Rəsulzadənin Haşım Bəy Vəzirovun vəfatı ilə bağlı yazısı – “Onun qədər fədakar olunuz”

 Moderator.az  AXC banisi Məhəmmədəmin Rəsulzadənin pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı, naşir Haşım bəy Vəzirovun ölmü ilə bağlı yazdığı məqaləni təqdim edir.
“Açıq söz” qəzetinin  7 fevral 1916-cı ildə çap olunan 105-ci sayında dərc olunan məqalədə müəllifin dil və üslubuna toxunulmayıb.
“Dün qafqasiyalı türk qəzetəçilərindən sinli bir mətbuat xadimini dəfn etdik. Haşım bəy öldü.
Xalqı “Keyfim gələndə”si ilə təsxir etmiş olan “Birisi”nin artıq “keyfi” gələcək olmadı. Haşım bəy fəal, səbatlı, çalışqan, nəfsinə inanmış, qüvvətinə güvənmiş bir əhli-qələm idi.
Qafqasiya mətbuatının az ömründə məmləkətimizin ən qüvvətli sərmayədarları türkcə qəzetə nəşrinə mübaşir oldular, yoruldular, müqtədir qələm sahibi mühərrirlərimiz dəxi bu ağır meydanda davam edə bilmədilər. Əhli-qələmdən yalnız Haşım bəy idi ki, yalqız başına olaraq başladığı işi ölüncəyə qədər davam etdirdi. Haşım bəyin maddətən, mənən iflas etdiyi günlər oldu. Fəqət tutduğunu buraxmadı. Tək başına həm mühərrir, həm müsəhhih, həm də dəftərdarlıq edərək qəzetəsini dayandırmadı. Bütün ömrünü işinə sərf etdi. Nəhayət, bu qədər ağır məşəqqətə təhəmmül edə bilməyib, yoruldu. Bu yorğunluq dəxi, nəhayət, bu müəssif və fəci bir halura mucib oldu.
Haşım bəy ədəbiyyatımıza, sənayei-nəfisəmizə, yazıçılıq aləmimizə bir çox xadimlər bəxş etmiş olan müəllimlərimiz arasından zühur etmişlərdəndir. Əvvəllər də Şuşa və ətrafı kimi yerlərdə müəllimlik edirdi. Müəllimliyi ilə bərabər Haşım bəy təhrir aləminə də özgə deyildi. Bəzi teatro əsərləri tərcümə edər və arabir Tiflis qəzetlərində rusca məqalələr nəşr edərdi. Nəşr elədiyi məqalələri müsəlman həyatına aid olardı. Sonra 1905-ci il araya gəlir, “Həyat” və “İrşad” qəzetləri təsis olunuyor. Haşım bəy Vəzirovun imzası haman tez-tez gözə çarpmağa başlayır. O sırada bulaşmaqda olan imzalar arasında Haşım bəy binəsibə nəzər diqqəti cəlb ediyor. Nəhayət Ə.Ağayev cənabları “Həyat”dan ayrılıb da “İrşad”ı təsis ediyorlar. Haşım bəy Vəzirov da bir azdan sonra Bakıya köçüb, məzkur qəzetənin heyəti-təhririyyəsi arasına daxil olur. Daimi surətdə yazıçılığa girişiyor. Sonra Əli bəy Hüseynzadə cənablarının müdiriyyəti və Hacı Zeynalabdin Tağıyev cənablarının naşirliyi ilə nəşr edilməkdə olan “Həyat” dayanıyor. Əvəzinə Əli bəyin idarəsi ilə “Füyuzat” məcmuəyi-ədəbiyyəsi təsis olunuyor. Bir az sonra “Həyat” əvəzinə Haşım bəyin müdirliyi ilə “Tazə həyat” qəzetəsi təsis olunuyor. “Tazə həyat” ilə “İrşad” arasında məslək mübarizəsi başlıyır. Nəhayət, “Tazə həyat” da qapandı. Əsl Haşım bəyin səbatkarlıq kimi mətin, səbir xislətə malik olduğu da bu zamandan sübuta yetişməyə başlıyor. O, naümid olmuyor. Özü qəzetə təsis ediyor. “İttifaq”ı çıxarıyor, “İttifq”ı təsis elədiyi zaman bu o mətbəədə basdırıyor, min müşkülata ruzigar keçiriyor, ağlıyacaq təhəmmül olunmayacaq günlər keçirdiyini qəzetəsini çap etmiş olan mətbəəçilər anlaşıyorlar. Nəhayət, Muxtarov cənablarından indiki mətbəəni icarə ediyor. Sonra icarə ücrətani dolduraraq mətbəəyə yerli-dibli malik oluyor.
   1911-ci ildə “İttihadi-İslam” töhməti ilə bütün Bakı türk qəzetəçiləri donos qurbaı olub da həbs və nəfy edildikdə Haşım bəy qələm arkadaşları ilə həmdərd oluyor. Sonra xilas edilib də təkrar işində səbat göstəriyor. “İttifaq” bağlanıyor. Əvəzinə “Səda”, onun yerinə “Sədayi-vətən”, “Sədayi-həqq”, onun əvəzinə də “Sədayi-Qafqaz” çıxıyor. Xülasə çıxarır, çıxarır. Haşım bəy işsiz, yazısız qalmıyor. Qəzetədəki təkbaşına bu qədər işi ilə bərabər Haşım bəy divar təqvimi də tərtib ediyor.
   Xülasə bir çalışqanlıq və fəaliyyət mücəssəməsi. Mərufdur ki, makina kibi çalışan adamlar əksərən böyük bir sənət sahibi ola bilməz və xəlaqiyyat xasiyyəti göstərəməzlər. Fəqət Haşım bəy makina kibi çalışdığı halda bütün oxuculuarının zövqünü cəlb edən “Keyfim gələndə” kibi yüngül felyeton yazmaqda şöhrət tapmış və bu xüsusda həmqələmləri arasında bir səbqət qazanmışdı.
   Haşım bəy özündən sonra iki yetimindən başqa bir sərvət buraxmamışdı. Zatən zavallı lüt-layimutta keçinərək qəzetəçilərimiz əksərindən ötrü müqəddər olan bir müşkülata ömür keçirmişdir.
   Qəzetədə  bu qədər çalışdığı halda, Haşım bəy maarif işlərində də xidmətsiz deyildir. Camaat xadimləri ilə arasında zühur edən soyuqluq bu xidmət sahəsində çox da fəaliyyət göstərə bilməməsinə mucib olmuşdur. Haçım bəy müəllimlik, camaat xadimliyi və qəzetəçilik elədiyi zamanına nisbətən şübhəsiz ki, görkəmli bir vücud idi. Mərhum “Səfa” cəmiyyətində vaxtilə sədr olub. “Nicat”da da işləmişdir.
   Qafqasiya tarixi-mətbuatını birtərəfanə bir tədqiq nəzərilə təhlil edən müdəqqiq şübhəsiz ki, bu zamanın şərait və əhvalı daxilində mərhumi behəqq təqdir edib ismini layiq olduğu səhifəyə qeyd edəcəkdir.
   Dün mərhumun tabutu arxasından həzin-həzin gedərək düşündüm. Haşım bəydən cavanlarımıza örnək olaraq nəyi göstərmək olar, – deyə özümə sordum.
   İstiqamət: başladığı bir işi əncamə yetirmək əzm və səbatı! – deyə cavab verdim.
   İştə ruhlu, məsləkli, qəlbləri atəşin bir əməlpərvərliklə dolu olan cavanlar, iştə sizə dəyərli bir nümunə!
   …Məqsəd uşrunda Haşım bəy qədər səbatkar, başladığınız işdə bu mərhum qədər fədakar olunuz!
   …Səni də Allah əfv etsin, ey zəhmətlərə qatlanan,ey sıxıntılardan usanmayan qələm arkadaşı!
   Allah rəhmət eləsin sənə, ey xidmət qurbanı!
Qeyd edək ki, Haşım bəy Vəzirov 1867-i ildə Şuşa şəhərində anadan olub və ilk təhsilini də orada alıb. Onun ulu babası Mir İmamverdi Qarabağ xanının vəziri olmuş, övladları xanlıqda bəyzadələr kimi məşhurlaşmış, “vəzir” ifadəsini özlərinə soyad seçərək Vəzirovlar adlanmışlar. Haşım bəy Vəzirov öncə molla yanında, müddərrislərdən Molla Həmid və Molla Əlidən dərs almışdı. Sonra şəhər məktəbini bitirib.
İrəvan Müəllimlər Seminariyasında bitirmiş, İrәvan, Bәrdә, Şәki vә Şuşada müәllimlik edib. Müəllimlər Seminariyasını tamamladıqdan sonra Böyük Vedi kəndində müəllimliyə başlayıb. Şuşada “müsəlman-rus” məktəbinə director vəzifəsinə dəvət edilir. Məktəbdə işləməklə bərabər Şəhər bələdiyyə idarəsinə qlasnı seçilir. İctimai işlə qızğın məşğul olmuşdu. Şuşa real məktəbin hazırlıq sinifində ana dilindən dərs deyir.
Vəzirov 30 il ədəbi jurnalistika sahəsində fəaliyyət göstərib.  Haşım bəy “Tazə həyat” (1907-1908), “İttifaq” (1908-1909), “Səda” (1909-1911), “Kavkazets” (1911, rus dilində), “Sədayi-vətən” (1911), “Sədayi-həqq” (1912), “Sədayi-Qafqaz” (1915-1916) qəzetlərini və “Məzəli” (1914-1915) jurnalını nəşr etdirib.

Share: